"Mən bu yaxınlarda ölkənin növbəti onillik üçün sosial-iqtisadi inkişafına dair beş milli prioritet müəyyən etmişəm. Digər məsələlərlə yanaşı, yüz minlərlə məcburi köçkünün doğma yurdlarına ləyaqətli və təhlükəsiz qayıdışı əsas prioritetimizdir".
"Report" xəbər verir ki, bu fikirləri Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda aralıq konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videoformatda çıxışında deyib.
"Lakin əsas çətinlik Ermənistan tərəfindən basdırılmış çoxsaylı minalardır. 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra mina partlaması nəticəsində 30-a yaxın Azərbaycan vətəndaşı həlak olub, 100 nəfərdən çox insan isə yaralanıb. Bundan əlavə, minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir.
Belə geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zaman və resurs tələb edir. Ermənistan mina xəritələrini verməkdən boyun qaçırır. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş bütün ərazilərin mina xəritələrini Azərbaycana versin.
Sonda sizi bir daha əmin etmək istəyirəm ki, Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun artırılmasına töhfə verilməsi, Hərəkat çərçivəsində həmrəyliyin gücləndirilməsi, ədalət və beynəlxalq hüququn müdafiəsi sahəsində əlindən gələni əsirgəməyəcək", - dövlət başçısı bildirib.