Bakı. 1 aprel. REPORT. AZ/ "Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanması yolverilməzdir".
"Report" xəbər verir ki, bu barədə Aİ-nin Azərbaynadakı nümayəndəliyinin rəhbəri Malena Mard mətbuat konfransında bildirib.
Səfir vurğulayıb ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və ATƏT-in Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk qrupunun səylərini dəstəkləyir.
"Biz bu münaqişənin həllinə yönələn yüksək səviyyəli görüşlərin keçirilməsinin davam etdirməsini vacib hesab edirik. Ötən il Azərbaycan və Ermənistan prezidentləri bir neçə görüş keçirib, ümid edirəm ki, belə görüşlər bu il də baş tutacaq", - M.Mard bildirib.
Jurnalistlərin yenilənən Avropa Qonşuluq Siyasəti proqramına bu məsələnin daxil edilib-edilməməsi haqqında sualını şərh edən M.Mard qeyd edib ki, bu siyasətin gündəliyinə dair məsləhətləşmələr iyun ayına qədər davam edəcək, buna görə də əvvəlcədən nə isə demək çətindir. Lakin, onun sözlərinə görə, gündəliyə həmçinin təhlükəsizlik məsələləri də daxil edilə bilər.