Bakı. 28 iyun. REPORT.AZ/ Bu gün ATƏT-in Vyanadakı mənzil qərargahında Təhlükəsizlik sahəsində problemlərin icmalı üzrə illik konfrans öz işinə başlayır.
"Report" xəbər verir ki, üç gün davam edəcək konfransın bir sessiyası ATƏT məkanındakı münaqişəli vəziyyətlər və onların regionda təhlükəsizliyə təsirinə həsr olunacaq.
Ən problemli ocaqlar arasında ayrıca sessiyanın həsr olunduğu Ukrayna ilə yanaşı, təşkilat Dağlıq Qarabağ və Dnestryanını da fərqləndirir.
Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib ki, bu mövzularla bağlı "hələ ki, öyünməli bir şey yoxdur". Bununla yanaşı ATƏT Vyana və Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri ilə bu yaxınlarda aparılan məsləhətləşmələrdən sonra nəzərə çarpan "ehtiyatlı müsbət trend"in olduğunu göstərir.