Bakı. 17 noyabr. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Xankəndiyə səfər edib. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, Xankəndidə A.Kaspşik Dağlıq Qarabağın separatçı rejiminin nümayəndələri, o cümlədən "DQR müdafiə ordusunun komandiri" Movses Akopyanla görüşüb.
Görüş zamanı Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət, eləcə də Ermənistanın vurulan hərbi helikopterinin heyət üzvlərinin taleyi ilə bağlı məsələlər müzakirə olunub.
Qeyd edək ki, helikopterin vurulması hadisəsi ilə bağlı noyabrın 12-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək Azərbaycan mövqelərinə hücum edib. Azərbaycan qoşunları tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.