44 günlük Vətən müharibəsində şəhid olan əsgər və zabitlərimiz adlarını ən yeni tariximizə qızıl hərflərlə yazdılar. Onların sırasında “Vətən Müharibəsi Qəhrəmanı” İsmayılov Camal Vidadi oğlu da var.
"Report" xəbər verir ki, Camal Vidadi oğlu İsmayılov 1984-cü ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya göz açıb. Ailənin ikinci övladı olan Camal 2002-ci ildə həqiqi hərbi xidmətdə olarkən dərin zəkası, xüsusi bacarığı ilə komandanlığın diqqətini çəkib. Bundan sonra Xüsusi Təyinatlı Qüvvələrin sıralarında baş gizir kimi xidmətini davam etdirib. O, ömrünün 18 ilini Vətənə şərəflə xidmətə həsr edir. Kəşfiyyatçı kimi daim öz üzərində çalışaraq dağ-xizəkçilik, paraşütdən tullanmanın bütün sirlərini öyrənib, Azərbaycan, Türkiyə və Gürcüstanda keçirilən bir çox təlimlərdə iştirak edərək çoxlu tərifnamələrə layiq görülüb. Camal rus, erməni və ingilis dillərini mükəmməl bilirdi. O, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə üçüncü dərəcəli medalla təltif edilib. Kəşfiyyatçı kimi daim öz üzərində çalışaraq dağ-xizəkçilik, paraşütdən tullanmanın bütün sirlərini öyrənib, Azərbaycan, Türkiyə və Gürcüstanda keçirilən – “Turaz Şahini”, “Anadolu Qartalı” “Eternity-2019”, “Anatolian Sofex-2018” və bir çox təlimlərində iştirak edərək çoxlu sertifikat, tərifnamələrə layiq görülüb.
Qəhrəmanın atası Vidadi İsmayılov Vətən müharibəsi başlayanda Camalın “Bu dəfə torpaqlarımızı mütləq geri alacağıq” deyərək döyüşə böyük coşqu ilə yollandığını bildirib: "Müharibə başlayanda Cəbrayılı azad edən qüvvələrimiz arasında onların da qrupu vardı. Camala həmişə Hadrutun fatehi deyirdilər. Oğlumla fəxr edirəm. İndi hər kəs onun qəhrəmanlığından danışır. Camalın qəhrəmanlığına yüksək qiymət verilməsinə görə Azərbaycan dövlətinə, Müzəffər Ali Baş Komandana ailəmiz adından minnətdarlıq edirəm. Şəhid oğluma “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi. Onun sözlərinə görə, Camalın şəhid xəbəri anasının doğum gününə təsadüf etməsi sanki ona öz şəhadətini hədiyyə etmiş oldu".
Döyüş yoldaşı, Aprel qazisi Səxavət Salmanov da deyir ki istər Aprel döyüşlərində, istərsə Vətən müharibəsində Camal düşmənə aman verməyib: "Camal İsmayılov Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərinin, Ərgünəş yüksəkliyinin, Hadrut qəsəbəsinin azad olunmasında, eləcə də Laçın dəhlizi istiqamətində hakim yüksəkliyin alınmasında şücaətlə vuruşub. Füzulinin azadlığı uğrunda gedən döyüşlərin birində hərbçi yoldaşını xilas edərkən yaralanan qəhrəman döyüşçü bir müddət xəstəxanada müalicə aldıqdan sonra döyüşlərə yenidən qoşulub. Sonuncu döyüşdə – Laçın dəhlizini nəzarət altında saxlamağa imkan verən hakim yüksəkliyin azad edilməsi uğrunda 16 nəfərlik dəstəsi ilə 500-dən çox erməniyə qarşı mərdliklə vuruşan Camal şəhidlik zirvəsinə yüksəlib".
Dostu Fuad Nağıyev deyir ki, Camal erməni dilini mükəmməl bildiyindən Hadrutda ermənilərin rabitə xəttinə qoşularaq onları aldadıb: "Camal ölkəyə gətirilən yeni silahların incələnməsi ilə şəxsən təhkim olunurdu. Hərbi dərsliklərin əksəriyyəti rus dilində olduğundan tərcümə edilməsi ilə məşğul olurdu. O, Hadrutda döyüş zamanı erməni rabitə qovşağına qoşularaq güllə atmadan 1 500-dək erməni əsgərini başqa istiqamətə yönləndirir".
Həyat yoldaşı Fatimə İsmayılovanın sözlərinə görə, Camalın yoxluğuna hələ də inana bilmir. O, bu həyatdan getməklə öz gücünü sanki mənə buraxmış oldu.
Şəhid qızları Əsnad və Əsmət atalarının ruhunu öz uğurları ilə şad edəcəklərini bildirdilər: "Biz Vətən müharibəsi qəhrəmanı Camalın qızlarıyıq və atamızla fəxr edirik. Şəhid övladlarına tövsiyəmiz budur ki ağlamasınlar, çünki şəhidlər ölmürlər, onlar diridilər və daima səmadan bizləri izləyirlər".
Camal İsmayılov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub. Neftçala rayonunda dəfn olunub. Bizlərə 3 övladını əmanət qoydu.
Qeyd edək ki, "Hadrut Fatehi" vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Camal İsmayılova "Vətən Müharibəsi Qəhrəmanı" adı, 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı və 24.12.2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!
Video: Elçin Murad