“İllər keçdikcə mina və sursatlar kənar faktorların təsiri ilə daha da həssaslaşır”.
Bunu “Report”a müsahibəsində ANAMA-nın 5 saylı təmizləmə dəstəsinin əməliyyat rəhbəri Xaliq Zülfüqarov deyib.
O qeyd edib ki, partlayıcı maddə açıqda yox, minanın gövdəsində olur.
“Gövdə isə bərk materialdan, taxtadan, dəmirdən, hətta plastikdən ola bilər. O elə hazırlanır ki, yağışın altında qalsa belə, su onun tərkibinə daxil olmur. Ona görə də minalar effektivliyini itirmir”, - mütəxəssis əlavə edib.
X.Zülfüqarov söyləyib ki, daha əski tarixdə basdırılmış minalar vaxt keçdikcə paslanır, germetikliyi azalır və nəticədə minanın partlayıcı tərkibi təbiətə, torpağa və suya qarışmağa başlayır:
“Belə minalar çürüməyə başlasa da, effektivliyi azalmır. Əksinə, minaların daxili mexanizmi daha da həssas və qeyri-stabil hala gəlir”.
X.Zülfüqarov həmçinin vətəndaşların işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik üçün diqqət yetirməli olduqları məqamlardan da söz açıb:
“Əraziyə daxil olan şəxslərin həmin ərazinin təhlükəli olduğunu bilməsi üçün bir sıra şərtlər var. Əgər ərazidə döyüşlərin getdiyini göstərən bir detal varsa, məsələn, səngərlər qazılıbsa, tikanlı məftillər yerləşdirilibsə, partlamış minaların fraqmentləri, mərmi və patron yeşikləri və bu kimi əşyalar varsa, deməli, siz döyüş getmiş yerdə, yəni təhlükəli ərazidəsiniz. Vətəndaşlar bilməlidirlər ki, hansısa bir əşya gördükdə ona toxunmaq olmaz. Çünki ermənilər tələlərdən çox istifadə ediblər. Bu məqsədlə ərazilərə cəlbedici əşyalar yerləşdiriblər. Nəzərə almaq lazımdır ki, minalar torpağa basdırıldığı və məharətlə gizlədildiyi üçün onları görmək çox çətindir”.
Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.