Bu ilin yanvar ayından etibarən aparılan minatəmizləmə işləri nəticəsində Cocuq Mərcanlı dəmiryolu boyunca uzanan sahədə 1360 mina zərərsizləşdirilib.
Bu barədə “Report”a açıqlamasında ANAMA-nın nümayəndəsi Qabil Cəfərov məlumat verib.
Onun sözlərinə görə, hazırda ANAMA əməkdaşları Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən Mehdili kəndinədək uzanan və dəmiryolu xəttinin keçdiyi sahədə minatəmizləmə işləri aparırlar: “Bu sahədə işlərə yanvarın 11-də start verilib. Sahələri bir-birinin ardınca təmizləməklə tədricən irəliləyirik. Problemlərdən biri əvvəllər buranın neytral ərazi olması ilə bağlıdır. Bu səbəbdən burada düz 15 mina zolağı yerləşir. Məqsəd dəmiryolunu və ondan 30 m kənarlara olan ərazini minalardan təmizləməkdir. Burada həm piyada, həm də tank əleyhinə minalara rast gəlmişik. Demək olar ki, sahədə işlərin 90 faizini tamamlamışıq”.
Qeyd edək ki, işlər texnikanın və xüsusi təlim keçmiş itlərin köməkliyi, habelə əllə aparılır.