“Azərbaycan Respublikasının ərazi suverenliyinin tam təmin edilməsi və Ermənistanın faşist silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisindən çıxarılması İkinci Dünya müharibəsindən sonra Avropa tarixində sülhü və sabitliyi qoruyan ən vacib hadisədir”.
Bunu “Report”a açıqlamasında beynəlxalq münasibətlər sahəsində mütəxəssis Piter Teys Azərbaycanın parlaq qələbəsinin və Dağlıq Qarabağ münaqişəsinin həllinin bütün dünya üçün əhəmiyyətini təhlil edərkən deyib.
“Azərbaycan Prezidenti İlham Əliyevin özünü görkəmli baş komandan, uzaqgörən lider, beynəlxalq hüquqa hörmətin əsl qoruyucusu kimi göstərməsi də az əhəmiyyət daşımır. Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin dahi hərbi strateqlərinin davamlı dəstəyi ilə Avropa İttifaqının irəli sürdüyü demokratik prinsipləri qorudu və doğma yurdlarına və doğma kəndlərinə qayıtmaq istəyən hər bir azərbaycanlının otuz illik arzusunu reallaşdırdı. Ermənistanın terrorçu siyasi hərbi rəhbərliyi və Ermənistanın silahlı qüvvələri Azərbaycanın mülki əhalisinə, uşaqlara və qadınlara qarşı soyqırımı, o cümlədən Xocalı soyqırımını və digər dəhşətli cinayətlər törədib”, - politoloq bildirib.
P.Teys vurğulayıb ki, Azərbaycan üçün yeni və vacib mərhələ başlayır. “Bu gün sosial ədalət və insan hüquqları Azərbaycan xalqının rifahı naminə, bölgədə sağlam davamlı inkişafın təmin olunması üçün açıq şəkildə dəstəklənir və qəbul edilmiş bəyanat Azərbaycan xalqı üçün vacib mərhələdir və otuz ildən artıq müddətdə Ermənistanın terrorçu hökumətinin liderlərinə beynəlxalq hüquqa, insan haqları üzrə ümumi bəyannaməyə riayət edilməsi üzrə təzyiq göstərmək və hər şeydən əvvəl Azərbaycanın sülhsevər və çalışqan xalqını rahat buraxmaq üçün ilk real siyasi cəhddir”, - o söyləyib.