"Ermənistan hökuməti Azərbaycanın uzatdığı "zeytun budağı"nı qəbul edərək dinc münasibətlər qurmağa başlamaq əvəzinə, müharibədəki məğlubiyyətini, habelə ictimaiyyətə verdiyi vədlərin günahını kiminsə üstünə yıxmaq istəyir".
Bunu “Report”a amerikalı jurnalist və hüquqşünas, milli təhlükəsizlik eksperti İrina Zukerman (İrina Zuckerman) BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin bu il dekabrın 7-də verdiyi qərarı şərh edərkən bildirib.
“Mütəmadi olaraq başqa ölkələr tərəfindən təzyiqə məruz qalmasından gileylənən Ermənistanın eyni zamanda, media vasitəsilə azərbaycanlılara qarşı ədavəti qızışdırması onların məkrli niyyətindən xəbər verir. Belə ki, bu cür xəbis əməllərin nələrə gətirib çıxaracağını gözəl bilirlər”, - ekspert deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfi ədavəti qızışdırmasının onları məğlubiyyətə sürükləyəcəyini etiraf etməlidir.
Ekspert qeyd edib ki, Beynəlxalq Məhkəmə qərarını “müvəqqəti tədbirlər” adı ilə verməklə mövcud vəziyyətdə bu qərarı yerinə yetirmək iqtidarında olmayan beynəlxalq təşkilatların bacardığı qədər təcili addımlar atmağın vacibliyini ortaya qoyub: “Hər halda bu addım vəziyyətin böhran həddində olduğunu göstərir”.