Sentyabrın 15-də AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu, Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Atatürk Araşdırma Mərkəzinin Ağdam İcra Hakimiyyəti ilə birgə təşkilatçılığı ilə Azərbaycanın Ermənistan üzərində zəfəri və dövlət müstəqilliyinin bərpası ilə əlaqədar olaraq “Müstəqilliyinin 30 ilində Azərbaycan-Türkiyə əlaqələri və beynəlxalq münasibətlər” mövzusunda beynəlxalq simpozium keçirilib.
"Report"un məlumatına görə, aktual mövzuda keçirilən beynəlxalq elmi konfransda və 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərə təşkil olunan səfərdə AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli, AMEA Tarix İnstitunun baş direktoru, professor Kərim Şükürov, Ağdam Rayon İcra hakimiyyətinin başçısı Vaqif Həsənov, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbəri, professor Muhammet Hekimoğlu, Atatürk Araşdırmaları Mərkəzinin sədri Yüksel Özgen, eləcə də Türkiyədən və Azərbaycandan tarixçi alimlər iştirak ediblər.
Azərbaycanın Ermənistan üzərində tarixi zəfəri və dövlət müstəqilliyinin bərpasına həsr olunan tədbirin iştirakçıları əvvəlcə Quzanlı qəsəbəsində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, gül dəstələri düzüblər.
Heydər Əliyev Mərkəzində keçirilən plenar iclası Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov açaraq tarixi zəfərimizdən, müstəqilliyimizdən və beynəlxalq tədbirin əhəmiyyətindən danışıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli plenar iclasda çıxış edərək iki qardaş ölkənin tarixçi alimlərinin iştirakı ilə keçirilən beynəlxalq elmi simpoziumun mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfərimizin ölkəmizin tarixində xüsusi rolundan danışan akademik İsa Həbibbəyli Qarabağın tarixi, burada törədilən erməni qırğınları, eləcə də tarixi, dini, mədəni abidələrimizin talanıb məhv edilməsi barədə ətraflı məlumat verib.
Sonra Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun sədri, professor Muhammet Hekimoğlu və Atatürk Araşdırmaları Mərkəzinin sədri Yüksel Özgen, AMEA Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov, Ağcabədi Reginal Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov çıxış ediblər. Çıxışlarda Azərbaycanın müstəqilliyi illərində Azərbaycan-Türkiyə əlaqələri və beynəlxalq münasibətlərdən ətraflı bəhs edilib.
Tədbir bölmə iclasları ilə işini davam etdirib. Akademik Nərgiz Axundova və professor Selma Yelin həmsədrliyi ilə keçirilən birinci iclasda 10 məruzə dinlənilib. İkinci iclasda 6 (həmsədrlər - professor Mustafa Sıtkı Bilgin və professor Ədalət Qasımov), üçüncü iclasda isə (həmsədrlər – professor Alaaddin Yalçınkaya və professor Tofiq Nəcəfli) 8 məruzə tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirdə “Azərbaycanın dövlət müstəqilliyinin 30 illiyi (1991-2021): tarixi baxış” (Kərim Şükürov), “Türkiyənin ictimai rəyində Xocalı qətliamı və sonrasında Qarabağ problemi” (Ramazan Erhan Güllü), “Qarabağ Zəfərinə doğru gedən prosesdə Türkiyə-Azərbaycan strateji əlaqələri” (Mustafa Sıtkı Bilgin), “Türkiyə-Azərbaycan hərbi-strateji əməkdaşlığının zirvəsi: Şuşa Bəyannaməsi” (Tofiq Mustafdazadə), “Azərbaycan-Türkiyə strateji müttəfiqliyi : tarixi ənənələr və müasirlik”, “Dünya sivilizasiyasında türk amili” (Nərgiz Axundova), “Qarabağ xanlığı 1805-ci ildən 1822-ci ilədək: yalanlar və həqiqətlər” (Hacı Həsənov)və s. mövzularda mühüm əhəmiyyət kəsb edən maraqlı elmi məruzələr dinlənilib.
Simpozium iştirakçıları Ağdamın işğaldan azad olunmuş ərazilərində olub, Pənahəli xanın iqamətgahını, İmarət stadionunu, Ağdam Cümə və Qiyaslı məscidlərini və Ağdam Dövlət Dram Teatrını, Çörək muzeyini ziyarət edib, Ağdam şəhərinin tarixi, mədəniyyət abidələri ilə tanış olublar.
Daha sonra tədbir Ağdam Rayon Musiqi Məktəbinin konsert proqramı ilə davam edib.
Səfər çərçivəsində İsa Həbibbəyli Ağcabədi rayonunun Kəhrizli kəndində görkəmli Azərbaycan yazıçısı və ictimai xadimi Cəlil Məmmədquluzadənin sadiq silahdaşı və tale ortağı Həmidə xanım Məmmədquluzadənin ev muzeyində olub, muzeyin kollektivi və kənd sakinləri ilə görüşüb, muzeyə kitablar hədiyyə edib.
Qeyd edək ki, simpoziumda Türkiyə və Azərbaycandan 30-dan çox tarixçi-alim məruzələrlə çıxış edib.