Endryu Şofer ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviridir.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin “Azadlıq” radiosunun Ermənistan redaksiyasının sorğusuna verdiyi yazılı cavabda deyilir.
“Onun bu vəzifədəki səlahiyyətlərinə həmçinin Gürcüstan-Rusiya münaqişəsi ilə bağlı beynəlxalq müzakirələrdə ABŞ nümayəndə heyətinə rəhbərlik etmək də daxildir”, - səfirliyin cavabında deyilir.
Səfirliyin yaydığı bəyanatda qeyd olunur ki, ABŞ Cənubi Qafqaz regionunun dinc, demokratik və firavan gələcəyinin təşviqinə sadiqdir: "Ermənistan və Azərbaycanın liderləri və xarici işlər nazirləri səviyyəsində birbaşa qarşılıqlı fəaliyyətə dair son səylərini alqışlayırıq. Sülh prosesinə sadiqlik və hər iki tərəfin çevikliyi, eləcə də birbaşa ikitərəfli əməkdaşlıq regionda davamlı sülhə nail olmaq üçün açardır və ABŞ bu səylərdə Ermənistan və Azərbaycana kömək etməyə hazırdır".
Qeyd edək ki, bu həftənin əvvəlində Endryu Şofer İrəvanda Ermənistan rəsmiləri ilə görüşüb.