32 ildən sonra öz doğma yurdumda olmaq, buranın havasını almaq mənə də qismət oldu. Bunun üçün Ali Baş Komandana, əsgərlərimizə, şəhid və qazilərimizə min dəfə təşəkkür düşür.
Bu sözləri Qubadlı sakini İlyas Süleymanov deyir. O, Qubadlıda anadan olub və uşaqlığı, gəncliyi məhz burada keçib. Erməni işğalı dövründə doğma dədə-baba yurdundan didərgin düşüb. Vətən müharibəsindən sonra azad Qubadlıya qayıdıb. Deyir ki, fevralda keçirilən növbədənkənar prezident seçkilərində Qarabağı yenidən onlara bəxş edən İlham Əliyevə səs verib. İndi isə qarşıdan parlament seçkiləri gəlir. Müsahibimiz parlament seçkilərində Qubadlıda səs verəcəyini və layiqli namizədin qalib olmasını arzuladığını deyir.
Yolumuz azad olunmuş Qarabağadır. 44 günlük Vətən müharibəsində əldə edilmiş böyük qələbədən sonra Azərbaycan Ordusu 30 illik erməni işğalına son qoydu. Zəfərin bizdə yaratdığı qürurla ərazi bütövlüyümüzün bərpası üçün sevindik. Bu gün isə həmin o möhtəşəm qələbənin yaratdığı yeni reallıqlar səbəbindən qürurluyuq. Azad olunan torpaqlarla birlikdə ilk dəfə Azərbaycan bütöv şəkildə parlament seçkilərinə gedir. Buralarda yaşayan seçicilərin bu seçkilərə hazırlığında isə xüsusi həyəcan hiss olunur.
Səfərimizin məqsədi azad olunmuş ərazilərdə yaradılan seçki məntəqələrində görülən hazırlıq işləri və mövcud şəraitlə tanış olmaqdır.
**
Həftəsonu Bakıdan yola düşürük. Qarabağda ilk dayanacağımız Ağdam şəhəri olur. 118 saylı Ağdam-Xocalı Seçki Dairəsi üzrə 7 məntəqə azad olunmuş Ağdam və Xocalıda yerləşir.
İlk olaraq Ağdam Konfrans Mərkəzinə çatırıq. Burada 48 saylı Seçki Məntəqəsi yerləşir. Saat 9-un yarısıdır. Məntəqənin işi hələ başlamayıb, biz bir az tez gəlmişik. Burada bizi konfrans mərkəzinin direktoru Leyla xanım qarşılayır. Qonaqpərvərliyini hər zaman olduğu kimi yenə göstərir və bizə çay ismarlayır. Bir qədər sonra məntəqə üzvləri mərkəzə gəlir.
Məntəqə sədri Arzu Rəhimova deyir ki, məntəqənin 459 seçicisi var və burada seçki üçün hər şey hazır vəziyyətə gətirilib.
**
Burada işimizi bitirib Xocalı şəhərinə yollanırıq. Yolboyu Ağdamın dağılmış damlarını müşahidə edirəm. Bura ikinci gəlişimdir. İlk dəfə ötən il burada olmuşdum. Ermənilərin Ağdamı necə xarabalığa çevriməsinə şahidlik etmişdim. O zaman şəhərdə dağıdılmamış bir neçə ev vardı. Şəhərin üzərinə yorğunluq, üzüntü çökmüşdü. Birinci Qarabağ müharibəsinin izləri qalırdı. Lakin indi Ağdam abadlaşır, bərpa-quruculuq işləri sürətlə davam edir. Yaxın gələcəkdə şəhərin keçmiş günlərinə qayıdacağına böyük ümidlər var.
118 saylı Ağdam-Xocalı Seçki Dairəsinin Xocalı şəhərində yerləşən 73 saylı seçki məntəqəsinə çatırıq. Bu məntəqə məhz bu il parlament seçkiləri üçün yaradılıb. Məntəqə sədri Ceyhun Əbdilov Xocalıya qayıdışlarından danışır. Sevincinin həddi-hüdudu yoxdur. Çünki azad Xocalı seçkiyə hazırlaşır. O, həm də buradakı ilk məntəqə sədri olduğu üçün sevinclidir. Deyir ki, bütün hazırlıqlar yüksək səviyyədədir.
Məntəqədə işimizi bitirib Xocalının mərkəzinə üz tuturuq.
Xocalı sakini Məhəmməd Kazımov bizi salamlayaraq "məmləkətimizə, azad yurdumuza xoş gəlmisiniz" deyir. Məhəmməd Xocalının Meşəli kəndindəndir. Həmin Meşəli kəndi ki, ermənilər tərəfindən 90-cı illərdə sözün əsl mənasında soyqırımına məruz qalıb.
Müsahibim deyir ki, seçkiyə az qalıb, həyəcanlıdırlar. Arzuladıqları yeganə şey azad Xocalıda layiqli deputatın seçilməsidir. Hətta gülə-gülə deyir ki, məntəqə açılan kimi ilk səsi özü verəcək...
**
Xocalıdan sonra üz tuturuq Xankəndiyə. Şəhərdə həyat öz axarı ilə davam edir. Burada yaşayış üçün hər şərait qurulub. Turist kimi səfər edən xeyli soydaşımız var. Şəhərdə çay və şirniyyat evləri, restoranlar insanla doludur. Xankəndi daha da gözəlləşib, indi əsl sahiblərinin gəlişini gözləyir.
122 saylı Xankəndi Seçki Dairəsi üzrə şəhərdə iki məntəqə yaradılıb.
14 saylı Seçki Məntəqəsinin sədri İmran Mirzəyev də seçkiyə tam hazır olduqlarını deyir.
Şəhərin mərkəzində gəzərkən Xankəndi sakini İlham Lələyevlə söhbətləşdik. O, 32 ildən sonra öz doğma yurduna qayıdıb. Seçkidə iştirakın vətəndaşlıq borcu olduğunu düşünür və mütləq səs verəcəyini bildirir.
Xankəndidən sonra Şuşaya doğru qalxırıq. Burada isə bir neçə seçki məntəqəsi var. Parlament seçkiləri ərəfəsində bu il yaradılan 47 saylı Seçki Məntəqəsinə baş çəkirik. Məntəqənin 899 seçicisi var. Öyrənirik ki, ilk dəfə bir neçə gənc seçici azad Şuşada səs verəcək. Şuşa əsl sahiblərini qəbul edəndən sonra daha da gözəlləşib. Şəhər insanlarla doludur, böyük qayıdış davam edir. Yaxın zamanlarda şəhərin sakinlərlə dolacağına ümidvarıq.
Şuşa sakini Raisə Fərəcova deyir ki, 32 ildən sonra Şuşaya geri döndüyü üçün çox xoşbəxtdir. Bu sevinc hissi ilə hər gün şəhər küçələrini dolaşır, uşaqlıq-gənclik xatirələrini xəyalında canlandırır.
Müsahibim qeyd edir ki, ilk dəfə Şuşada deputatlarını seçəcəklər. Namizədlərə uğurlar arzulayan Raisə xanımın tək istəyi odur ki, seçilən şəxs Şuşanı, şuşalıları lazımlı yerdə müdafiə eləsin, onların səslərini eşitdirsin.
Şəhəri gəzərkən Xatirə Xanhüseynova adlı sakinlə də söhbətləşirik. O da Şuşaya ilk köç zamanı doğma el-obasına qayıdıb. Bundan fəxrlə danışır. Ali Baş Komandana, əsgərlərə, şəhid və qazilərimizə minnətdarlığını bildirir…
Xatirə xanım seçkiyə gedəcəyini və bunun vətəndaşlıq borcu olduğunu vurğulayır: "Şuşalılar parlament seçkilərində səs verməyi sadəcə vətəndaşlıq borcu hesab edirlər".
Şuşalılar parlament seçkilərində səs verməyi təməl hüquq yox, vətəndaşlıq borcu hesab edirlər.
**
Şuşada işimizi bitirib Laçına doğru gedirik. İlahi, necə gözəl, mənzərəli yerlərdir. 30 il erməni işğalı dövründə biz bu gözəlliklərdən mərhum olmuşuq...
Növbəti yoxuşu da aşırıq. Uzaqdan Laçın şəhəri görünür. Amma hiss olunur ki, bu gördüyümüz keçən dəfə görüşünə gəldiyimiz Laçın deyil. Tamam ayrı, üzərindən tozu çırpıb atmış şəhərdir. Sanki qonaq qarşılamağa hazırlaşan adam təlaşı var üzündə.
Laçına çatanda hiss olunur ki, artıq burada hər şey hazırdır. Şəhər əmin-amanlıq dolu əvvəlki günlərinə daha gözəl, daha müasir şəkildə dönüb...
122 saylı Laçın Seçki Dairəsinin yeddi məntəqəsi məhz azad olunmuş torpaqlardadır. Altı minə yaxın seçici bu məntəqələrdə namizədlərə səs verə biləcək.
Məntəqə sədri Qardaşxan Dostuyev deyir ki, onun sədri olduğu məntəqənin 1320 seçicisi var. Ən yaşlı seçici 96 yaşındadır. Amma gümrah adamdır, seçkiyə mütləq gələcəyini söyləyir. Bu məntəqə də ilk dəfə bu il növbədənkənar prezident seçkilərində yaradılıb. Seçki günündə aktivlik yüksək dərəcədə olub. Qardaşxan müəllim parlament seçkilərində də aktivliyin yüksək olacağına əminliyini bildirir. Deyir ki, Laçın camaatı azad rayonunda öz vətəndaşlıq borcunu yerinə yetirəcək.
Onunla söhbətləşdikdən sonra Zabux kəndinə gedirik. Zabuxda yaradılmış seçki məntəqəsi çox müasir binada yerləşir. Burada hər bir şərait qurulub, bina lazımi təchizatlarla təmin olunub. Məntəqə sədri Mübariz Rüstəmovun sözlərinə görə, burada 1282 seçici qeydiyyatdadır.
Daha sonra kəndi gəzirik. Qarşımıza ilk çıxan İqbal Kərimovla söhbətləşirik. Deyir ki, o da sentyabrın 1-də keçiriləcək seçkidə iştirak edəcək və bundan qürur duyur. 30 ildən sonra seçkidə iştirak edəcəyi üçün sevinclidir, layiq olan namizədə uğurlar arzulayır.
Gecəni Laçında keçiririk. Səhər isə Qubadlının Xanlıq kəndinə yollanırıq. Burada da seçki məntəqəsini gəzib yaradılan şəraitlə tanış oluruq.
**
Xanlıqlardan sonra Zəngilanın Ağalı kəndinə yollanırıq. Burada yaşamaq üçün lazım olan bütün şərait qurulub. Sakinlər də bunu təsdiqləyirlər. Ağalı həqiqətən də sanki bir Avropa qəsəbəsidir. Kənd ən müasir kommunikasiya vasitələri ilə təchiz olunub. Seçkilərdə qeydə alınan namizədlər artıq sakinlərlə görüşüb, onların problemlərini və təkliflərini dinləyiblər.
Ağalı sakini Aidə Mövsümova deyir ki, ailəliklə seçkidə iştirak edəcəklər. Müsahibim yenidən azad şəkildə seçim edə biləcəklərindən fəxarətlə danışır və bunun üçün Ali Baş Komandana təşəkkür, şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzu edir.
Ağalıda yerləşən 33 saylı məntəqənin sədri Allahverdi Nəcəfov bütün ləvazimatlarla təmin olunduqlarını bildirir. Məntəqə sədri 13 gəncin ilk dəfə səsvermə hüququndan istifadə edəcəyini də diqqətimizə çatdırır.
Vaxt itirmədən Cəbrayıla yola düşürük. Çalışırıq ki, baş çəkmədiyimiz məntəqə qalmasın. Cəbrayılda iki seçki məntəqəsi qurulub - biri rayonun mərkəzində, digəri isə Soltanlı kəndində. Məntəqələrə baş çəkib yaradılan şəraitlə tanış oluruq.
Cəbrayıldan sonra sonuncu dayanacağımız Füzuli şəhəri olur. Füzulidə də canlanma hiss olunur. Sakinlər öz dədə-baba torpaqlarında geri gəldikləri üçün sevinclidirlər.
Qeyd edək ki, şəhərdə dörd seçki məntəqəsi fəaliyyət göstərir.
Məntəqənin katibi Nabat xanım seçki üçün hər şeyin hazır olduğunu deyir.
38 binanın təhvil verildiyi Füzuli şəhərində yaşayış üçün bütün şərait yaradılıb. Artıq günün sonuna yaxınlaşdığından sakinlər istirahət üçün həyətlərdə quraşdırılan söhbətgahlara yığışırlar.
Füzuli sakini Gülbahar Nəsibova deyir ki, 1993-cü ildə məcburi köçkün düşdüyü torpaqlara 30 il sonra yenidən qayıtdığı üçün çox xoşbəxtdir. Gülbahar xanım artıq bir ildir burada yaşayır. Seçkilər üçün hazırlıqların getdiyini bildirir: “Fevralda seçkilərə gedib bizə bu xoşbəxtliyi yaşadan Prezidentimə səs verdim. Parlament seçkilərində də mütləq iştirak edəcəyəm. İlk dəfə Füzulidə oturub, azad Füzuliyə deputat seçəcəyik. İnşallah, layiqli namizəd qazanacaq”.
Beləliklə, azad olunmuş ərazilərə səfərimizi başa vurub Bakıya qayıdırıq. Müşahidələrimiz onu göstərir ki, buraya həyat qayıdıb, məcburi köçkünlüyün gülüşünü oğurladığı sakinlərin üzünə Vətən torpağı yenidən təbəssüm qondurub. Və onlar bu sevinclə də azad torpaqlarda deputat seçməyə hazırlaşırlar.
Foto: Vüqar Xanlarov