Yuxarı

Rio-2016-ya lisenziya xarakterli boks turniri üçün Azərbaycan millisinin heyəti açıqlanıb

Türkiyə rinqində 7 kişi və 3 qadın boksçu döyüşəcək

Bakı. 6 aprel. REPORT.AZ/ Aprelin 9-da Türkiyənin Samsun şəhərində start götürəcək 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli boks üzrə Avropa Yekun Təsnifat Turniri üçün Azərbaycan milli komandasının heyəti müəyyənləşib. Millinin böyük məşqçisi Nəriman Abdullayev "Report"a açıqlamasında 9 gün davam edəcək turnirdə 7 kişi və 3 qadın boksçunun iştirak edəcəyini bildirib.

N.Məmmədov kişilərdən Rüfət Hüseynov (49 kq), Cavid Çələbiyev (56 kq), Lorenzo Sotomayor (64 kq), Kamran Şahsuvarlı (75 kq), Teymur Məmmədov (81 kq), Əbdülqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidovun (+91 kq) lisenziya uğrunda mübarizə aparacağını deyib: "Hər bir idmançımızdan lisenziya gözləyirəm. Düşünürəm ki, ən azı üç lisenziya olacaq, bu, dörd də ola bilər. Düzü, hamısına güvənirəm. Ancaq bu, elə yarışdır ki, bir də görürsən lisenziya gözlədiyin idmançı uğursuz çıxış edir. Bütün boksçularımızın lisenziya alacağına ümid edirəm".

Qadın boksçulardan isə Anaxanım Ağayeva (51 kq), Yana Alekseyevna (60 kq) və Yelena Vistropova (75 kq) yarışacaq. Komanda bu axşam Samsuna yola düşəcək.

Artıq kişilərin yarışında 52 kq, 60 kq və 69 kq çəkilərdə lisenziya qazanıldığından, Azərbaycan boksçuları Türkiyədəki yarışda bu çəkilərdə çıxış etməyəcək.

Qeyd edək ki, reqlamentə əsasən, Avropa təsnifat yarışlarında hər çəki dərəcəsində ilk üç yerin sahiblərinə lisenziya verilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi