Yuxarı

​Toğrul Əsgərov: "Çox istərdim ki, olimpiadada ölkəmin bayrağını özüm daşıyım"

Onunla görüşdə mənə qarşı ciddi hakim qərəzi olmuşdu

Bakı. 27 may. REPORT.AZ/ Azərbaycanı sərbəst güləş üzrə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 65 kq çəki dərəcəsində Toğrul Əsgərov təmsil edəcək. Bu barədə "Report"a 24 yaşlı pəhləvanın özü açıqlama verib.

Bu çəkidə T.Əsgərov və Hacı Əliyev arasında rəqabətin olacağı gözlənilsə də, ikincinin 57 kq-a düşməsi səbəbindən olimpiya çempionunun yolu açılıb. Hazırda daxili rəqabət baxımından özü üçün ciddi rəqib görməyən T.Əsgərov olimpiadadakı rəqiblərini dəyərləndirib: "Məşqlər qaydasında davam edir. Artıq olimpiada ilə bağlı üçüncü məşqimizdir. Hazırlıqlar çox ciddi aparılır. Rəqiblərin hamısı güclüdür. 19 rəqibin hər biri özlüyündə iddialıdır. Onlar arasında sonuncu dünya çempionu Kuba əsilli italiyalı Frank Çamisonu fərqləndirərdim. Onunla görüşdə mənə qarşı ciddi hakim qərəzi olmuşdu. Çalışacağam ki, olimpiadada öz gücümü göstərim və ondan daha güclü olduğumu sübut edim".

T.Əsgərov 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycana qızıl medal qazandıran 2 idmançıdan biri olub. Digər çempion Şərif Şərifov Dağıstan əsilli olduğundan, "Rio-2016"da bayraqdar funksiyasını məhz gəncəli güləşçinin yerinə yetirəcəyi gözlənilir. Onun özü də belə şərəfli missiyanı yerinə yetirməyə hazır olduğunu söyləyib: "Çox istərdim ki, ölkəmin bayrağını daşıyım. Çünki bu, böyük şərəfdir. Bayrağı daşımaq mənə həvalə olunsa, çox sevinərəm".

Qeyd edək ki, Toğrul Əsgərov 2015-ci il dünya çempionatında 5-ci yeri tutaraq, "Rio-2016"ya lisenziya qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi