Yuxarı

Rusiya yığmasının baş məşqçisi: "Soslan Ramonov Toğrul Əsgərova nə yolla olursa-olsun, qalib gəlməli idi"

Dzambolat Tedeyev: London olimpiadasında Əsgərov finalda Ramonovun dostu Kuduxovu yenmişdi

Bakı. 23 avqust. REPORT.AZ/ "Ramonovun qarşısına, nə yolla olursa-olsun, qələbə qazanmağı məqsəd qoymuşduq". "Report"un məlumatına görə, bunu Rusiyanın sərbəst güləş üzrə milli komandasının baş məşqçisi Dzambolat Tedeyev "Ves Sport" agentliyinə müsahibəsində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 65 kq çəki dərəcəsində qızıl medal qazanmış Soslan Ramonovun çıxışı barədə danışarkən, deyib.

Tedeyev bildirib ki, Azərbaycan pəhləvanı Toğrul Əsgərovla final qarşılaşmasında Ramonov dəqiq, inamlı və gözəl qələbə qazanıb: "Soslanın özü finala köklənmişdi. Həlledici qarşılaşmada effektli və son nöqtəni qoydu. Bu vaxt biz Ramonovun yaxın dostu olduğu Besik Kuduxovu xatırladıq. London olimpiadasında Əsgərov finalda Kuduxovu yenmişdi. Amma Soslanda ikiqat məsuliyyət var idi. O, həm Besiki, həm də özünü düşünürdü. Ramonov bunu bacardı".

97 kq çəki dərəcəsində fəxri kürsüyə Rusiya yığmasının 3 sabiq üzvü - Xetaq Qazyumov (Azərbaycan), Məhəmməd İbrahimov (Özbəkistan) və Albert Saritov (Rumıniya) çıxsa da, öz təmsilçiləri olmayıb. Tedeyev bu güləşçilərin özünün baş məşqçi olmadığı vaxt başqa ölkələrə paylanıldığını deyib. Halbuki Qazyumov elə onun əvvəlki baş məşqçiliyi dövründə - 2007-ci ildə Azərbaycan millisində çıxış etməyə başlayıb. Bu fakt təcrübəli mütəxəssisin diqqətinə çatdırıldıqda, o, növbəti yanlışlığa yol verərək, güləşçinin yaşını 33 yox, 38 göstərib: "Xetaq bizdə əfsanəvi olimpiya çempionları Hacımurat Qatsalovla Şirvani Muradovun olduğu vaxt Azərbaycana yollandı. Amma mən günahkar deyiləm ki, Qazyumov 38 yaşında da güləşir, karyerasını başa vurmaq istəmir".

Qeyd edək ki, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov final görüşü zamanı Soslan Ramonovun Toğrul Əsgərovun sifətinə zərbə endirdiyini söyləyib. Nazir məhz bu zərbədən sonra Əsgərovun gözlərinin qaraldığını və nəticədə 0:11 hesabı ilə uduzaraq, qızıl medal şansını əldən verdiyini vurğulayıb: "Bu cür qeyri-idman hərəkətləri, davranışları bizi sevindirmir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi