Yuxarı

​Rio-de-Janeyronun Atletlər kəndində cüdoçularımız Rüstəm Orucov və Orxan Səfərovun mükafatlandırılma mərasimi keçirilib - FOTO

​Onlara IOC prezidenti Tomas Bax və Rio-2016 təşkilat komitəsinin sədri Karlos Nuzmanın imzaları ilə sertifikatlar təqdim edilib

Bakı. 10 avqust. REPORT.AZ/ Rio-de-Janeyronun Atletlər kəndində, Azərbaycan nümayəndə heyətinin qərargahında Rio-2016 Yay Olimpiya Oyunlarında cüdo idman növü üzrə ilk səkkizlikdə yer almış idmançılarımız Rüstəm Orucov və Orxan Səfərovun mükafatlandırılma mərasimi keçirilib.

Bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

Mərasimdə Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov, cüdoçular, məşqçilər iştirak ediblər. İlham Mədətov Rüstəm Orucova Azərbaycan nümayəndə heyətinə ilk gümüş medalı qazandırdığına görə təşəkkür edib. O, qeyd edib ki, Rüstəmin medal qazanması digər idmançılar üçün də stimul olub, onlara qələbə əzminin artmasında çox böyük ruh yüksəkliyi verib.  

Daha sonra İlham Mədətov Rüstəm Orucova və Orxan Səfərova Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax və Rio-2016 təşkilat komitəsinin sədri Karlos Nuzmanın imzaları ilə sertifikatları təqdim edib.

İlham Mədətov eyni zamanda mükafatlandırma mərasimində Rüstəm Orucova gümüş medal qazanması münasibətilə Azərbaycan nümayəndə heyəti adından xatirə hədiyyəsini də təqdim edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi