Yuxarı

İlham Zəkiyev: "Uduzduğum idmançıya paralimpiyaçı deməyə dilim gəlmir"

Bütün komanda üzvlərimizə qarşı hakim haqsızlığı oldu

Bakı. 22 sentyabr. REPORTZ.AZ/ "Rio-de-Janeyroda keçirilən Yay Paralimpiya Oyunlarının təşkilatçılığı sıfır səviyyəsində idi. Bu məsul yarışı "Bakı-2015" I Avropa Oyunları ilə müqayisə etmək mümkün deyil. Bütün komanda üzvlərimizə qarşı hakim haqsızlığı oldu". 

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycanı Rio-de-Janeyroda keçirilən Yay Paralimpiya Oyunlarında təmsil edən bayraqdarımız İlham Zəkiyev bu gün Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma mərasimində jurnalistlərə açıqlamasında bildirib. 

İ.Zəkiyev "Rio-2016"dakı uğursuzluğuna belə izah verib: "Uduzduğum özbək idmançıya paralimpiyaçı deməyə dilim gəlmir. Çünki o, 3 il əvvəl sağlam idmançıların mübarizəsində güləşirdi. Hətta onunla görüşdə belə mənə hakim haqsızlığı oldu. Bu, bürünc medal uğrunda qarşılaşmamda da baş verdi. Üstəlik, həmin görüşə çıxanda sağlamlığımda da problem yarandı. Qan təzyiqim 80-dən 50-yə düşmüşdü. Bir az da qızdırmam vardı. Həkimkər mənə bu görüşə çıxmağı qadağan etdilər. Hətta Bakıdan da zəng elədilər ki, bizə medal yox, sən lazımsan. Lakin rəqibim başqa şey fikirləşməsin deyə bürünc medal döyüşünə çıxdım".

Paralimpiyaçı dövlət başçısı tərəfindən "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunmasına da münasibət bildirib: "Bu mükafat Prezidentimizin idmançılara necə diqqət və qayğı göstərdiyinin bariz nümunəsidir. Bu addım məni ikiqat stimullaşdırdı. Hələ heç nə bitməyib. "Tokio-2020"də görüşərik". 

Qeyd edək ki, Afina və Londonda keçirilən paralimpiadaların qalibi, Londonda isə bürünc mükafatçı olan təcrübəli cüdoçu Rio-de-Janeyrodan Vətənə medalsız dönüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi