Yuxarı

Azərbaycanı olimpiadada təmsil edəcək cüdoçu: "Əyarı fərq etməz, təki medal olsun" - MÜSAHİBƏ

Rüstəm Orucov: Sayını deyə bilmərəm, amma medal qazanacağıq

Bakı. 13 iyul. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək cüdo üzrə Avropa çempionu Rüstəm Orucovun "Report"a müsahibəsi

- İspaniyadakı təlim-məşq toplanışı necə keçdi?

- Toplanış yaxşı keçdi. Çoxlu komanda gəlmişdi. Asiya, Avropa, Afrika kimi qitələrdən xeyli cüdoçu var idi. Səhərlər fiziki hazırlıq, axşamlar isə praktiki məşqlər üzərində çalışırdıq. Bir həftəyədək dayanmadan çalışdıq.

- Artıq yarışlarınız başa çatıb. Olimpiadayadək qalan müddətdə planlarınız nədən ibarətdir?

- Hazırda Qusardakı Şahdağ Qış-Yay Turizm Kompleksində təlim-məşq toplanışındayıq. Ardından Almaniyanın paytaxtı Berlinə toplanışa yollanacağıq. Oradan isə birbaşa Rio-de-Janeyroya uçacağıq.

- Rəsmi yarış praktikasının olmaması olimpiadadakı çıxışınıza mənfi təsir etməyəcək?

- Praktikanı toplanışlarda qazanırıq. Amma rəsmi yarışlarda zədə təhlükəsi var. Hər bir turnirdə çəki salmalı olursan. Bu da hazırlıq səviyyənə təsir edir. Olimpiadaya az müddət qalmış bunlar bizə lazım deyil.

- Çıxış etdiyiniz 73 kq - Azərbaycanın müstəqil ölkə olaraq, olimpiya çempionluğu qazandığı yeganə çəki dərəcəsidir. Elnur Məmmədlinin uğurunu təkrarlamaq istəyi Sizin məsuliyyətinizi artırmır?

- Məhz bu amilə görə yox, ümumiyyətlə, olimpiadada medal qazanmaq istəyirəm. Bu, qatılacağım ikinci Yay Olimpiya Oyunlarıdır. "London-2012"də alınmadı. Amma o vaxt cəmi 21 yaşım var idi. Artıq bərkimişik, texnika və taktika sarıdan artırmışam. Bu dəfə medal qazanmaq istəyirəm.

- Medalın əyarı fərq etmir?

- Xeyr, mənim üçün fərqi yoxdur. Təki medal olsun. Əlbəttə, maksimum nəticə göstərməyə çalışacağam. Amma əyarından asılı olmayaraq, olimpiya medalının dəyəri yüksəkdir.

- Mayda Bakıda keçirilmiş "Böyük dəbilqə" turnirində hamı Sizdən qızıl medal gözləyirdi, amma bürünc medalla kifayətləndiniz. Doğma meydan amilindən yararlana bilmədinizsə, uzaq Rio-de-Janeyroda yüksək nəticə göstərməyiniz çətin olmayacaq?

- Cüdoda bu gün uduzduğun rəqibə gələn dəfə asanlıqla qalib gələ bilərsən. Həm də mənim 1/4 finalda uduzduğum ukraynalı Dmitri Kanivets olimpiadaya getməyəcək. Bu idman növündə kimin güclü, kimin zəif olduğu bilinmir. Hər şey formada olub-olmamağından asılıdır.

- Ümumiyyətlə, Azərbaycan cüdo yığması olimpiadada nələrə qadirdir?

- Toplanışlar zamanı uşaqları kənardan izləmək imkanı da olur. Deyə bilərəm ki, çoxu formadadır. Neçə medal olacağını deyə bilmərəm, amma medal qazanacağıq. Hər şeyi olimpiadada görəcəyik.

- Baş məşqçi Piter Zayzenbaxer yarış zamanı tatami kənarında görünmür, tribunada əyləşir. Bu amil çıxışlarınıza mənfi təsir etmir?

- Tribunadan tatamidə baş verənləri görmək daha rahatdır. Həm də Zayzenbaxerin köməkçisi Mövlud Mirəliyev tatami kənarında olur. Baş məşqçi Mirəliyevə tribunadan göstərişlərini verir. O, daha çox məşqlər zamanı bizimlə yaxından ünsiyyətdə olur, çox şeyi başa salır. Özü ciddi insandır, müsahibə verməyi xoşlamır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi