Azərbaycanı olimpiadada təmsil edəcək atlet zədələnib

Azərbaycanı olimpiadada təmsil edəcək atlet zədələnib Nazim Babayevin dabanına iynə vurulub
Fərdi
12 İyul , 2016 19:04
Azərbaycanı olimpiadada təmsil edəcək atlet zədələnib

Bakı. 12 iyul. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək atlet Nazim Babayev zədələnib. Bu barədə "Report"a milli komandanın baş məşqçisi Məhərrəm Sultanzadə məlumat verib.

Onun sözlərinə görə, xoşagəlməz olay ötən həftə Hollandiyanın paytaxtı Amsterdamda keçirilmiş Avropa çempionatında yaşanıb. Sultanzadə bildirib ki, idmançı 3 təkanla tullanma hərəkətini yerinə yetirərkən, dabanı əzilib. Bu səbəbdən, Babayevin nəticəsi gözləniləndən zəif - 16,06 metr olub. Halbuki, baş məşqçinin fikrincə, zədələnməsəydi, gənc atlet üç təkanla 17 metrədək tullanaraq, ən azı bürünc medal qazana bilərdi.

Sultanzadə Babayevin olimpiadada iştirakına problem olmayacağını bildirib: "Sağ olsun belaruslu həkimlər, dərhal Nazimin dabanına iynə vurdular. Bu gün isə Babayev Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunda müayinədən keçib. Vəziyyəti qaydasındadır. Olimpiadayadək tam bərpa olunacağına inamımız böyükdür".

Qeyd edək ki, Azərbaycanı "Rio-2016"da 4 atlet təmsil edəcək. Nazim Babayevdən başqa çəkicatan Hanna Skidan, 5000 metr məsafəyə qaçış növündə Hayle İbrahimov və marafon qaçışında Evans Kiplaqat da olimpiadaya lisenziya qazanıb. 

Son xəbərlər

Orphus sistemi