Yuxarı

Azərbaycan yığmasının baş məşqçisi: "Bəlkə elə alındı ki, olimpiadaya oğlum getdi" - MÜSAHİBƏ

Hazırda kayakçı İnna Osipenko-Radomskaya yaxşı hazırlıqlıdır

Bakı. 7 aprel. REPORT.AZ/ Azərbaycanın kayak və kanoe üzrə milli komandasının yeni baş məşqçisi Dmitri Sablinin "Report"a müsahibəsi...

- Yeni mövsümə hazırlıq səviyyəsini necə dəyərləndirirsiniz? 

- Gərgin mövsüm oldu. Ciddi yüklənmələr altında çoxlu iş gördük. Hər şey yaxşıdır, idmançıların hamısı məni sevindirdi. Bütün yığma komanda yaxşı çıxış etdi. Hamısı yüksək yerləri tutdu. Belə də olmalıdır. Ən güclü kayakçı və kanoeçilərlə qələbələr qazanmalı idik. Gələcək planlarımızda böyüklər və 23 yaşadək kayakçı və kanoeçilər arasında Avropa, dünya çempionatları, Dünya Kuboku mərhələləri və təbii ki, Rio-de-Janeyro Yay Olimpiya Oyunları var. İlk dəfə komanda qayıqlarında çıxış edəcəyik. İndiyədək demək olar ki, yığma üzvləri 1 nəfərlik və 2 nəfərlik qayıqlarla yürüşlərə qatılmışdılar. İdmançıların fərdi səviyyəsini də yoxlamaq istərdik. Uşaqlar ağır və çox iş gördülər. Prezident Kubokundan sonra bir həftə istirahət edəcəklər. Sonra da yenidən məşqləri bərpa edəcəyik.

- Hələlik kayak və kanoe növündə 2 idmançıya 3 lisenziya qazanılıb. Növbəti lisenziyaları əldə etmək mümkün olacaqmı? 

- Bəli. Mayın 16-19-da Almaniyanın Duysburq şəhərində Rio-2016-ya lisenziya xarakterli Avropa təsnifat reqatası keçiriləcək. Reqataya 2 idmançımız qatılacaq. Aleksey Kupin 1 nəfərlik kanoe qayığı ilə 1000 metr, Mirnazim Cavadov isə 1 nəfərlik kayak qayığı ilə 200 metr məsafəyə yürüş edəcək. Ən azı 1 lisenziya götürməyi planlaşdırıram. Bu vəsiqə mütləq qazanılmalıdır. Düzdür, ilk 2 yeri tutanlara lisenziya veriləcək.

- Bəs Prezident Kubokunda qalib və mükafatçı olan Tamerlan Mustafayevin durumunu necə dəyərləndirirsiniz? 

- Onun olimpiya lisenziyalı reqatalarda iştirakı üçün hələ tezdir. Mustafayevə yenə hazırlaşmaq lazımdır. Tamerlan 23 yaşadək kayakçıların Avropa və dünya çempionatlarında çıxış edəcək. Hələlik onun hazırlıq səviyyəsi böyüklərlə bərabər səviyyədə mübarizə aparmağa imkan vermir.

- Demək ilkin məqsədiniz növbəti lisenziyalar əldə etməkdir... 

- Bəli. Başlıca məqsədimiz budur. Kupin 1000 metr məsafəyə yürüşlərdə məşq vaxtı yaxşı nəticələr göstərir. O, Prezident Kubokunda da gözəl çıxış etdi. Ümid edirik ki, lisenziya da qazana biləcək.

- Əvvəllər Aleksey Kupin Sergey Bezuqlıy ilə birgə 2 nəfərlik kanoe qayıqlarında çıxış edirdi. Belə çıxır ki, əslində Kupin 1 nəfərlik qayıqla mübarizə aparmalı idi... 

- Ola bilsin. Mənim fikrimcə, Kupin 1 nəfərlik kanoe qayığı ilə 1000 metr məsafəyə yürüşdə lisenziya qazana bilər. Çünki hazırda əvvəlki vaxtlarından daha güclüdür.

- İstənilən halda Azərbaycana olimpiya medalı lazımdır. 2012-ci il London olimpiadasında Sergey Bezuqlıy - Maksim Prokopenko dueti buna çox yaxın idi. Bəs bu dəfə mükafatçılar sırasına düşmək mümkün olacaq? 

- Hazırda kayakçı İnna Osipenko-Radomskaya yaxşı hazırlıqlıdır. Kanoeçi Valentin Demyanenko da məşq edir. Görək mayda Dünya Kubokunun ilk 2 mərhələsində necə çıxış edəcək. Hər şeyi bu reqatalar göstərəcək. Medal ümidlərimiz bu iki idmançıyadır.

- Amma "Bakı 2015" I Avropa Oyunlarında gümüş medal qazanan Demyanenkodan fərqli olaraq, Osipenko-Radomskaya nə 500 metr, nə də 200 metr məsafəyə yürüşlərdə mükafatçılar sırasına düşdü... 

- O, bir qədər gec - müəyyən dövrdən sonra məşqlərə başlamışdı. Medalsız qalmasını da bununla əlaqələndirərdim. Hazırda isə o, daha hazırlıqlıdır. Böyük işlər görülüb. Avropa Oyunlarından sonra İnna dünya çempionatında layiqli mübarizə apararaq iki lisenziya qazandı. Mükafatçılar sırasına düşə bilməsə də, birinci pillədən çox az geri qaldı. Fikrimcə, o, Rio-2016-dan medalla qayıdacaq.

- Çox az fərq deyirsiniz. Amma nəzərə almaq lazımdır ki, 200 metr məsafədə qələbəni santimetrlər müəyyənləşdirir... 

- Bəli, bu, sprinter məsafəsidir. Lakin şəxsi məşqçisi Dmitri Radomskaya onun üzərində çox işləyir. İnna böyük səylə hazırlaşır və Ukrayna yığmasından sonra Azərbaycan millisində də olimpiya medalı qazanmaq istəyir. Hamımız ümidvarıq ki, belə də olacaq.

- Oğlunuz Mikita Sablin də Azərbaycan yığmasındadır. O da Prezident Kubokunda mükafatçılar sırasında idi... 

- Mikita Rio-2016-ya yollanmaq üçün Valentin Demyanenko ilə mübarizə aparacaq. Kanoedə lisenziyanı Demyanenko qazansa da, vəsiqə ölkəyə verilir. Bu səbəbdən ən yaxşı formada olan kanoeçi olimpiadaya aparılacaq. Bəlkə elə alındı ki, olimpiadaya mənim oğlum getdi. O da yaxşı hazırlaşır, çox iş görüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi