“Report”un əməkdaşı zəlzələlərin tədqiqatı və öyrənilməsi ilə məşğul olan əsas təşkilatdan yazır
Bakı. 1 noyabr. REPORT.AZ/ Zəlzələ nədir? Necə olur ki, yerin üst qatı titrəyir? Bu suallar məni ilk dəfə 2000-ci il noyabrın 25-də Bakıda zəlzələ baş verəndə narahat etmişdi. Bu sözü ilk dəfəydi eşidirdim və ilk dəfəydi evimiz bu tərzdə yırğalanırdı. Ancaq sonradan təbii səbəblər nəticəsində Yer səthinin tərpənməsinə "zəlzələ" deyildiyini öyrəndim. Ona görə də "Report"un əməkdaşı olaraq bu dəfə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində olduq.
Bələdçimiz Mərkəzin Zəlzələlərin tədqiqatı bürosunun rəisi Səidə İsmayılova bildirdi ki, zəlzənin daim baş verdiyi yerlər seysmik qurşaq adlanır. Yer qabığının dərinliklərində toplanan potensial enerjinin təsiri ilə yer səthinin qısa zaman ərzində titrəməsinə zəlzələ deyilir. Zəlzələlər əmələgəlmə şəraitinə görə iki yerə ayrılır: vulkan püskürməsindən əmələ gələn vulkanik mənşəli zəlzələlər və litosfer tavalarının sərhədindəki daxili gərginlik nəticəsində yaranan tektonik mənşəli zəlzələlər. Zəlzələ 12 ballıq Rixter şkalası ilə ölçülür.
Ölkəmizdə 12 bala bölünmüş seysmik cədvəldən (şkaladan) istifadə olunur. Bu cədvələ görə zəif zəlzələlərin intensivliyi 2-3 bal, güclü zəlzələlərinki 5-6 bal, çox güclülərinki 7 bal, dağıdıcı zəlzələlərinki 8 bal, viranedici zəlzələlərinki 9-10 bal, katastrofik zəlzələlərinki isə 11-12 bal sayılır.
Mərkəzə gedərkən böyük bir yer, çoxlu işçi ilə rastlaşacağımı düşünürdüm. Amma təsəvvürümdə yanıldım, əsas iş bir otaqda aparılır. Orda olan vaxt otaqda yeraltında baş verən proseslərin, səslərin dinlənilməsi işi gedirdi.
"Zəlzələ haqqında əvvəlcədən xəbər verən bir sıra əsaslandırılmış üsullar olsa da, bu üsullar yalnız zəlzələ ərəfəsində yaxşı nəticə verə bilər", - deyir müsahibimiz.
"İşğal altında olan ərazilərdə seysmoloji vəziyyətlə bağlı məlumat ala bilmirik..."
Azərbaycan Respublikasının seysmik cəhətdən səciyyələnən zonaları aşağıdakılardır: Böyük Qafqazın cənub yamacı, Naxçıvan, Yuxarı Qarabağ, Gəncə-Qazax, Bakı şəhəri, eləcə də Xəzər dənizinin Xudat-Xaçmaz sahilyanı əraziləri seysmik cəhətdən aktiv sayılır.
Büronun rəisi xatırladıb ki, 1991-ci ildən Azərbaycanda analoq seysmik stansiyalar fəaliyyətə başlayıb. 2014-cü ildə isə analoq seysmik stansiyaların fəaliyyəti dayandırılıb. 2003-cü ildən etibarən ölkə ərazisində ABŞ-ın "Kinemetriks" şirkətinin istehsalı olan telemetrik peyk rabitəsi ilə işləyən 35 seysmik stansiya fəaliyyət göstərir. Bu stansiyalar vasitəsilə bütün dünya ölkələrində baş verən zəlzələləri qeydə almaq mümkündür. Dənizdə olan stansiyalar hələ quraşdırılmayıb, çünki onlara çox pul lazımdır.
Büro rəisi vurğulayır ki, işğal altında olan torpaqlarımızda seysmoloji vəziyyətlə bağlı məlumat ala bilmirik. Azərbaycanın işğal olunan ərazilərindəki seysmik stansiyaları erməni işğalçıları tərəfindən dağıdılıb. Ancaq Ağdam və Füzuli rayonlarının Azərbaycan ordusunun nəzarətində olan ərazilərində yeni tipli peyk rabitəsi ilə işləyən telemetrik seysmik stansiyalar quraşdırılıb.
Zəlzələlərin emal edildiyi məkan
Müsahibimiz qeyd edir ki, seysmik stansiyalarda müxtəlif cihazlar var. Stansiyalardan gələn bütün seysmik məlumatlar peyk rabitə vasitəsilə Bakı şəhərində yerləşən Zəlzələlərin tədqiqatı bürosunda toplanır. Zəlzələlərin tədqiqatı bürosunda respublika ərazisində yerləşən 35 telemetrik stansiyalar şəbəkəsi vasitəsilə yerli, yaxın, uzaq zəlzələlər emal edilir. Zəlzələ emal olunandan sonra əsas parametləri müəyyən olunur. Əsas parametrləri dedikdə zəlzələnin başvermə vaxtı, müddəti, gərginliyi, maqnitudası və episentri nəzərdə tutulur. Bütün məlumatlar xəritədə qeyd olunur, arxivləşir.
Büro rəisi bildirir ki, seysmik stansiyalar enerjini günəş panellərindən alır. Seysmik stansiyalar yalnız zəlzələri deyil, həm də vulkan və sürüşmələri qeydə alır. Zəlzələ qeydə alınan kimi emal olunur və məlumatlar sayta verilir. Zəlzələnin emal olunması üçün 2-3 dəqiqə vaxt bəs edir.
Ən dərin zəlzələlər
Müsahibimiz deyir ki, mətbuatda zəlzələnin maqnitudası və bal anlayışını səhv salırlar: “Onlar ayrı-ayrı anlayışlardır. Dərinlikdə qırılmanın müəyyən yerdəyişməsi olur ki, onun enerji göstəricisi maqnitudadır. Yəni, maqnituda enerji göstəricisidir. İnsanların hiss etdiyi isə intensivlikdir, bu balla hesablanır. Zəlzələ olan kimi biz onu qeyd edirik ki, yaxın ərazilərdə və episentrdə neçə bal gücündə hiss olunur. Zəlzələ hiposentrdə (report: Zəlzələnin Yer daxilində baş verdiyi mərkəzə hiposentr və ya fokus deyilir) baş verir, zəlzələ barədə məlumat isə onun episentrindən (report: Hiposentrin Yer səthində olan proyeksiyasına zəlzələnin episentri deyilir) verilir. Hiposentrdə baş verən zərbə və ya təkanın əmələ gətirdiyi elastik dalğalar süxurlar üzrə ətrafa yayılır, uzaqlaşır və tədricən sönür. Episentrdən uzaqlaşdıqca Yer səthinə çatmış dalğaların çıxış bucaqları eləcə də gücləri azalır. Azərbaycan ərazisində zəlzələ ocaqları müxtəlif dərinliklərdə yerləşir. Onların əksəriyyəti yer qabığında 20-30 km dərinlikdədir. Zəlzələnin dərinliyi maksimum 60 kilometrə qədər ola bilər, o da Xəzərdə ola bilər”.
Abşeron yarımadasında zəlzələ ocaqları yoxdur
S.İsmayılova bildirir ki, Abşeron yarımadasında zəlzələ ocaqları yoxdur, zəlzələ ocaqlarının hamısı Xəzər dənizində yerləşir. Dənizdə episentr yoxdur, ona görə də orda intensivlik hiss olunmur.
Dərinliyindən və episentrinin quruya nə qədər yaxın olmasından asılı olaraq zəlzələnin hiss olunma dərəcəsi artır.
2016-cı il Azərbaycanda zəlzələlər
2016-cı ilin ötən dövrü ərzində Azərbaycan ərazisində 3 603 zəlzələ qeydə alınıb. Bu müddətdə ölkədə maqnitudası 3-dən böyük olan 74 zəlzələ baş verib. Onların 14-ü hiss olunub. 2016-cı ildə Azərbaycan və ona bitişik ərazilərdə isə 6 463 zəlzələ baş verib. Bu il Azərbaycan və ona bitişik ərazilərdə baş verən zəlzələrin 40 faizindən çoxunun dərinliyi 10 və 20 km arasında dəyişir. Bu il ərzində Pirqulu, Lənkəran, Lerik, Astara, Ordubad, Naxçıvan ərazisi seysmik cəhətdən aktiv olub.
Foto: Elşən Baba