Yuxarı
    Bağlamaq

    Xalq şairi Zəlimxan Yaqubun məzarüstü abidəsinin açılışı olub - FOTO

    Tədbirə toplaşanlar mərhum şairlə bağlı xatirələrini bölüşüblər

    Bakı. 9 yanvar. REPORT.AZ/ Bakıda I Fəxri xiyabanda mərhum xalq şairi Zəlimxan Yaqubun məzarüstü abidəsinin açılışı olub. 

    "Report" xəbər verir ki, abidənin açılışından sonra tədbirə toplaşanlar mərhum şairlə bağlı xatirələrini bölüşüblər. 

    Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynovun aparıcılığı ilə baş tutan anım mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairi Fikrət Qoca, deputat, yazıçı Aqil Abbas, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhhərəmov, deputat Qənirə Paşayeva, Z.Yaqubun ailə üzvləri və ziyalılar iştirak edib. 

    R.Hüseynov bildirib ki, Z.Yaqub bütün yatardıqları ilə onsuz da abidə idi: "O, bu gün abidə formasında yenidən bizə qayıdıb. 66 il ömür sürən Zəlimxan Yaqub Azərbaycanın ən dəyərli şairlərindən biridir. O, Azərbaycan tarixində daimi yaşanacaq". 

    Qeyd edək ki, Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. 2008-ci il avqustun 29-dan ömürünün sonunadək Azərbaycan Aşıqlar Birliyinin sədri işləyib. 

    O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib. Şair uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib.

    Xalq şairinin abidəsinin müəllifi, xalq rəssamı Natiq Əliyev, memarı Tərlan Həsənovdur.

    Foto - Firi Salim

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi