Kürdəmir rayonunda yırtıcıların həyətyanı sahələrə hücumu nəticəsində xəsarət alan insanların sayı xeyli artıb.
Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının (RMX) Travmatologiya şöbəsinin müdiri Seyfulla Atamalıyev ”Report”un Yuxarı Şirvan bürosuna bildirib ki, sentyabr ayı ərzində yırtıcıların hücumuna məruz qalan 7 nəfər xəstəxanaya müraciət edib: "Yırtıcıların həyətyanı səhələrə girib insanlara hücum etməsi halları daha çox rayonun Yenikənd, Mürtülü və Dəyirmanlı kəndlərində müşahidə olunur".
Xəstəxananın şöbə müdiri əlavə edib ki, 2 gün öncə Yenikənd kənd sakini, 59 yaşlı Osmanova Sucayət Kərim qızı həyətyanı sahəsində işləyərkən ona yırtıcılar hücum edib və çoxlu xəsarət yetiriblər. Ona köməyə gələn qonşusu, 58 yaşlı Abdullayeva Minirə Sırac qızı da yırtıcıların hücumuna məruz qalıb. Ətrafdakı insanların köməkliyi ilə hər iki qadın yırtıcıların cəngindən azad olunub. Hər iki yaralı Kürdəmir RMX-nin Travmatologiya şöbəsinə yerləşdirilib. Bundan əvvəl rayonun Mürtülü kənd sakini, Qədirova Ədibə Əlövsət qızı da həyətində təsərrüfat işləri ilə məşğul olan zaman yırtıcıların hücumuna məruz qalmışdı. Onun vəziyyəti ağır olduğundan Bakı şəhərindəki özəl xəstəxanalardan birinə yerləşdirilib və barmaqları amputasiya edilmişdi.
Mütəxəssislərin fikrincə, bunun səbəbi yırtıcıların sayının artması və onlara qarşı mübarizənin aparılmamasıdır: "Əvvəllər belə hallar əkin, meşə və çol sahələrində baş verirdisə, hazırda həyətyanı sahələrə yırtıcıların hücumu tez-tez baş verir. Buna səbəb isə çöllük və meşə ərazilərdə yem azlığının olması, yırtıcıların sayının artması və onlara qarşı mübarizənin aparılmamasıdır. Nəzərə alsaq ki, azyaşlı uşaqlar həyətyanı sahələrdə oynayırlar və yırtıcıların hücumunun nə ilə nəticələnəcəyini adam düşünmək belə istəmir".