Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyətinin 4 saylı Yaşıllaşdırma İdarəsinin tinglik sahəsi 2013-cü ildən etibarən işə başlayıb.
“Report” xəbər verir ki, tinglik sahəsinin salınmasında məqsəd kökü bağlı və əsasən iynəyarpaqlı cinsli ağac və kol bitkiləri yetişdirməkdir.
Hazırda sahədə 700 min ədəddən çox ting və toxmacar yetişdirilir. Aparılmış toxum tədarükündən sonra ilkin olaraq cücərtmə sahəsində toxumlar birinci istixanada violalara səpilir, bitişdən sonra isə bitkilərin boyu 10-15 santimetrə qədər uzandıqda onlar ikinci böyütmə sahəsinə keçirilir. Daha sonra isə boyları 15-20 santimetrə çatmış bitkilər ikinci və üçüncü böyütmə sahələrində əkinə hazır vəziyyətə gətirilir.
Qurumun 4 400 hektarlıq ümumi xidməti ərazisində 5 milyon 500 mindən çox müxtəlif cinsli ting və toxmacarlar yetişdirilir. Bu tinglik sahəsinin yaşıllaşdırmanın salınmasında əhəmiyyəti böyükdür. Hər il yetişdirilmiş təxminən 700 min ədəd tingin 200-250 mini yeni yaşıllıqların salınmasına yönəldilir. Burada əsasən kökü bağlı tinglərin yetişdirilməsinin məqsədi əkin mövsümünü uzatmaqdır. Çünki Azərbaycanda yaz fəsli gəldikdən sonra dərhal havalar istiləşməyə başlayır və belə olan halda kökü açıq olan ağacların yaşıllaşdırmada istifadəsi çətinləşir. Bu sahədə yetişdirilən bitkilərin yaşıllaşdırma tədbirlərində istifadəsi ilin istənilən ayında mümkündür. Ona görə də ölkəmizdə yaşıllaşdırma işləri təkcə payız və yaz aylarında deyil, həmçinin iyul və avqustda da həyata keçirilir. Bu ərazidə tinglərin yetişdirilməsində cəmi 18 fəhlə çalışır.
Həmin tinglərin yetişdirilməsində suvarılma üçün Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksində istehsal olunmuş sudan istifadə edilir: “Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması zavodu 2013-cü ildə istismara verilib və zavodun gücü 2016-cı ildə ikiqat artırılıb. Zavodda sutka ərzində Xəzər dənizindən 4 min kubmetrdən çox su 12.5 kilometr məsafədən qəbul edilir və nəticədə içməyə və suvarmaya tam yararlı olan 2 min kubmetr su istehsal olunur. Həmin sudan 700 hektarlıq yaşıllıqların, eyni zamanda 700 min ədəd ting və toxmacarların suvarılmasında istifadə edilir. Tinglərin boyu və qablaşdırılması isə tələbata uyğun olaraq müəyyənləşdirilir