Paytaxtın bəzi yerlərində və Bakıətrafı yaşayış məntəqələrində küçə itləri sakinlər üçün narahatlıq yaradır.
“Report”a müraciət edən Xətai rayon sakinləri bildiriblər ki, əsasən səhər tezdən və hava qaralandan sonra küçə itləri insanlar üçün təhlükə mənbəyinə çevrilir.
Sakinlər deyirlər ki, bu problem daha çox rayonun “Elektrotok” adlanan ərazisində (Kazımağa Kərimov küçəsi) və Nobel prospektindən Əhmədliyə gedən yolda (Süleyman Əhmədov küçəsi) müşahidə olunur.
Səhər erkən saatlarda işə gedənlər, həmçinin məktəbə tələsən uşaqlar hər gün küçə itləri ilə rastlaşır, bir çox hallarda onların sürü şəklində gəzdiklərini müşahidə edirlər.
Bundan başqa, ikinci növbə üzrə dərsə kedən uşaqlar hava qaraldıqdan sonra evə gedərkən bu heyvanlardan çəkindiklərini, hətta bəzi hallarda hücuma məruz qaldıqlarını da qeyd edirlər. Gündüz vaxtı isə bu heyvanlar çox da gözə dəymirlər.
Sakinlər heyvanlara zərər verilmədən bu kimi halların aradan qaldırılmasını xahiş edirlər.