Üfüqlə yarımsəhranı birləşdirən Milli Park - REPORTAJ

Üfüqlə yarımsəhranı birləşdirən Milli Park - REPORTAJ Milli parkdakı yeganə göl qışda donmur
Multimedia
14 May , 2018 15:43
Üfüqlə yarımsəhranı birləşdirən Milli Park - REPORTAJ
Report/ Firi Salim

Bakı. 14 may. REPORT.AZ/ Hazırda Azərbaycanda 9 milli park var. Onlar Azərbaycan ərazisinin 3,58%-ni, yəni 310 136,5 hektarını əhatə edir.

Şirvan Milli Parkı 2003-cü ildə ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin qorunub saxlanılması üçün yaradılıb. Milli Parkda torpaq, su, bitki və heyvanlar aləmi mühafizə olunur. Şirvan Milli Parkı həm də ceyranların bəslənmə və artırılma bazası sayılır, parkın yaradılması ceyranların sayının davamlı artırılmasına imkan verib. XX əsrin 60-cı illərində ceyranlar oylağı olan Azərbaycanda cəmi 200-ə qədər ceyran qalıbmış. Hazırda isə parkda 8 minə yaxın ceyran var. Ceyranların çoxalması onların heç vaxt olmadığı ərazilərə köçürülməsinə imkan verir. Parkın direktoru Füzuli Məmmədov deyir ki, yaxın gələcəkdə Cənubi Qafqazın əksər ərazilərində ceyranlara rast gəlmək mümkün olacaq.

"Report"un əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Təbiətimiz-evimizdir" adlı ekoloji turizmin mediada təbliği layihəsi çərçivəsində Şirvan Milli Parkında olublar. Parkın girişində ceyran heykəli qoyulub. Bura daxil olub üz-üzə dayandığı yarımsəhra ərazisinə baxanda parkın üfüqə qədər uzandığını görürsən.

Üç rayonun ərazisində yaradılan milli park

Şirvan Milli Parkı Bakı şəhəri Qaradağ rayonu, Salyan və Neftçala rayonlarının inzibati ərazilərində yaradılıb. Milli parklarda ancaq marşrutlar üzrə gəzintiyə icazə verilir. Bu milli parkda biletlərin qiyməti iki manatdır, uşaqlara giriş isə pulsuzdur. Turistlər 11 marşrut üzrə, bələdçinin köməyi ilə hərəkət edə bilərlər. Ən uzaq marşrut Bəndovandır, 31 kilometr uzaqlıqda yerləşir. Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə deyir ki, turistlər arasında ən çox tanınan elə Bəndovan marşrutudur. Bəndovan dəniz sahilində yerləşir, orada palçıq vulkanı yerləşir. Bizim istiqamətimiz isə 4-cü marşrut üzrə nəzərdə tutulmuşdu, Qızılqaz (Flaminqo) gölü istiqamətində. Bu marşrut parkın yeganə gölü ilə tanış olmaq və orada yaradılmış estakadan quşları daha yaxından müşahidə ütmək üçündür.

Heyvan qalıqlarının saxlanıldığı kiçik muzey

Parkın girişində bir neçə otaqdan ibarət kiçik tikili var, burada turistlərə ilkin məlumat vermək üçün mərkəz və tanışlıq üçün kiçik muzey yaradılıb. Muzeydə parkın dəniz sahilinə düşən ərazisindən tapılan dulusçuluq məmulatları, pullar, bəzək əşyaları, heyvan qalıqları saxlanılır. Muzeydə ilanların qurumuş dərisini, "Ələddinin çıxağını" da görmək mümkündür. 

Direktor Füzuli Məmmədovun sözlərinə görə, saxlanılan antik əşyaların XI-XII əsrə aid olduğu güman edilir. Muzeydə həmçinin ərazidə rast gəlinən heyvanların şəkilləri, maketləri var. Parkın əməkdaşları uşaqları da unutmayıblar, muzeydə uşaqların həm əylənməsi, həm də maariflənməsi üçün “puzzle”lər qoyulub. Bu kiçik muzeydə ziyarətçilərin ürək sözlərini yazmaları üçün “Fəxri qonaqlar kitabı” da qoyulub. Vərəqlədikdə müşahidə etdik ki, kitabın yarıdan çoxu xarici vətəndaşların yazdıqları ürək sözləridir.

Ov etmək olmaz!

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın sözlərinə görə, 2017-ci il ərzində milli parka 1800 nəfər, bu ilin ötən dövrü ərzində isə buraya 500-ə yaxın turist gəlib. İ.İbrahimova deyir ki, yaz və payız aylarında park daha cəlbedici olur, ceyranlar isə daha çox payızda gözə görünür. Hazırda ceyranların balalama dövrü olduğu üçün onları indi görmək çətin məsələdir. Amma xoşbəxtlikdən yol boyu bir neçə ceyranı canlı görə bildik.

Parkın direktoru Füzuli Məmmədov bildirir ki, məməli heyvanların Azərbaycanda yayılmış bütün dəstələrinin nümayəndələrinə Şirvan Milli Parkının ərazisində rast gəlinir, ən çox isə eyrana... 

Direktor qeyd edir ki, qoruq ərazisində ov etməyə icazə yoxdur. Ova ancaq elmi tədqiqat məqsədi ilə icazə verilə bilər.

Milli parkın qışda donmayan yeganə gölü

Muzeylə tanışlıqdan sonra bizim üçün seçilmiş marşrutla Qızılqaz (Flaminqo) gölü istiqamətində hərəkətə başladıq. Burada çay və bulaq yoxdur, ərazini şərqdən Xəzər dənizi, şimaldan Baş Şirvan kollektoru, bir sıra digər kollektorlar, bir də Qızılqaz (Flaminqo) gölü əhatə edir. Ərazidə Xəzərin, kanalların və gölün suyunun qışda donmaması ceyranlar və quşlar üçün çox əhəmiyyətlidir.

Qızılqaz gölünün üzərində təbiəti, heyvanları seyr etmək üçün müşahidə platforması qurulub. Həmin platforma bu süni gölün mənzərəsini daha yaxşı görməyə, quşları seyr etməyə imkan verir. Ayağının altına baxanda dəmirlərin arasında olan quş yuvalarını və yuvalardakı yumurtaları görmək olar.

Təpəciklərdə gizlənən ceyranlar

Ərazidəki sakitlik və saf təbiət insanın ruhunu oxşayır, sanki saysız-hesabsız canlıların hamısı yatıb.

Ceyranların harada gizlənməsinə gəlincə, bildirdilər ki, ərazinin əsas hissəsini yovşanlı, şoranotlu yarımsəhra xırda təpəliklər və şoranotlu yarımsəhra düzənliyi təşkil edir. Ceyranlar isə külək vasitəsilə yaranan düyün təpəciklərinə sığınır, mühafizəsi olunurlar, burada minlərlə ceyran özünə yuva qurub.

82 növ çiçəkli bitki, 230 növ quş

Bu ərazinin təbii florasında 82 növ çiçəkli bitki növləri var. Parkın ərazisində 4 növ suda-quruda yaşayan heyvanlara rast gəlinir. Parkda həmçinin 17 növ sürünən heyvanlar vardır. Bunlardan 3 növü tısbağa, 6 növü kərtənkələ və 8 növü ilanlardır.

Milli Parkında 230 quş növü qeydə alınıb. Bu zənginlik Milli Parkın quşların miqrasiya yolunda yerləşməsi və ərazisində quşların yaşayışı üçün biotopların müxtəlifliyi ilə əlaqədardır. Azərbaycan və dünya miqyasında təhlükədə olan quşlardan Milli Parkın ərazisində 34 növə rast gəlinir.

Yırtıcı quşlardan çay qaraquşu, ağquyruq dəniz qartalı, çöl sarı, adi sar, çöl qartalı, böyük qartalça, məzar qartalı, ütəlgi, şahin və s. növlərə az miqdarda rast gəlinir. Oturaq növ olan turac Milli Parkın cənub-qərb və cənub-şərq hissəsində çox kiçik sahələrdə yayılıb.

Gələcək planlar

İradə İbrahimova bildirdi ki, hazırda turistlər üçün ancaq piyada gəzinti forması təşkil olunub, gələcəkdə sualtı səfərlərin təşkili, dəniz çimərliyinin istifadəyə verilməsi də planlaşdırılır. Onun sözlərinə görə, ekoturizmin əsas məqsədi ekoloji maarifləndirmə və məlumatlandırma, yerli təbiət və adət-ənənələrlə tanış olmaq, ekologiyaya qarşı neqativ halların qarşısını almaqdır. Qısaca desək, təbiətə zərər vermədən ondan həzz almaq üçün bu turizm növü yaradılıb, həm insan müdaxiləsi olmayan təbiəti qoruyurlar, həm də o gözəllikləri görməyə imkan yaradırlar.

Qeyd edək ki, Bakıdan Şirvan Milli Parkına getmək üçün 1.5 saat vaxt lazımdır, yəni elə də uzaq məsafə deyil, təbiətin bu gözəlliklərini görmək üçün bu yolu qət etməyə dəyər.

Foto: Firi Salim

Son xəbərlər

Orphus sistemi