Təəccübləndirən foto, peşmanlığın izi, dəmir barmaqlıqlar - Bakı İstintaq Təcridxanasından REPORTAJ

Təəccübləndirən foto, peşmanlığın izi, dəmir barmaqlıqlar - Bakı İstintaq Təcridxanasından REPORTAJ Yəqin ki, cəzaçəkmə müəsisələri və təcridxanaları heç kim arzulamasa da, içəridəki durum hər kəsə maraqlıdır. Elə mənim özümə də. Bu marağı dəf etmək, eləcə də məhkumların peşə bacarıqlarının artırılması məqsədilə start verilən yeni pilot layihənin icrası
Multimedia
16 Avqust , 2023 15:55
Təəccübləndirən foto, peşmanlığın izi, dəmir barmaqlıqlar - Bakı İstintaq Təcridxanasından REPORTAJ

Yəqin ki, cəzaçəkmə müəssisələri və təcridxanaları heç kim arzulamasa da, içəridəki durum hər kəsə maraqlıdır. Elə mənim özümə də. Bu marağı dəf etmək, eləcə də məhkumların peşə bacarıqlarının artırılması məqsədilə start verilən yeni pilot layihənin icrası ilə daha yaxından tanış olmaq üçün Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasına yollanırıq.

Qapının girişində olan zaman təcridxananın azadlığa körpü olan əzəmətli darvazası görünür. Adətən, qapılar üzümüzə çıxış yolu kimi açılır. Amma ilk dəfə idi ki, bir qapını açarkən yolun bağlandığını görürəm. Bunu içəri daxil olduqdan sonra dörd divarda əks-səda yaradan darvazanın cəftəsi çəkilərkən daha dərindən hiss edirəm.

Daxilimi bürüyən bu duyğu və Təcridxana əməkdaşlarının müşayiəti ilə otaqlardan birinə doğru irəliləyirəm. Burada dustaqlara bayırdan qanunsuz olaraq müxtəlif vasitələr keçirməyə çalışan şəxslərdən götürülmüş əşyaların fotoları nümayiş etdirilir. Stenddə çərçivəyə salınmış təəccüb doğuran fotolar var. Fotolardan anlaşılan odur ki, əksəriyyət gətirdiyi əşyanı sovqatın içərisində gizlətməyə çalışıb.

Badımcanı, kartofu oyub içərisində yaxınına telefon keçirməyə çalışanlardan tutmuş, digər qadağan olunmuş əşyaları keçirmək istəyənlərə rast gəlmək mümkündür. Burada hətta fotorentgen müayinəsi zamanı məhbuslardan birinin düz bağırsağında mobil telefonun aşkarlanmasının da fotosu nümayiş etdirilir.

Növbəti olaraq digər otağa - mətbəxə keçirik. Elan olunur ki, məhkumların peşə bacarıqlarının artırılması məqsədilə yeni pilot layihəyə start verilib. Belə ki, onlar aşpazlıq kurslarına cəlb olunub.

Həmsöhbət olmaq üçün xörək bişirən məhkumlardan birinə yaxınlaşıb adını soruşuram. Müsahibim Qədir Ağayevin 44 yaşı olmasına baxmayaraq üzündə peşmançılığın dərin izləri - qırışları var. Artıq 1 il 2 aydır ki, İstintaq Təcridxanasında məhkum həyatını yaşayır, narkotik vasitənin qanunsuz satışı ilə məşğul olmaqda ittiham edilib. Ona 4 il həbs cəzası verilib. Öncə azadlığın onun üçün nə demək olduğunu soruşuram, mənə maraqlıdır ki, məhbus həyatı yaşadığı ötən 1 il 2 ay ona nə öyrədib?

Sual dilimdən çıxan kimi, gözləri yaşarır. Bir neçə dəqiqə heç nə danışmır. Sonra qəhərli və zəif səs tonu ilə “bu suala cavab vermək çox çətindir” deyir:

“Burada bizə münasibət və şərait çox yaxşıdır, ancaq heç bir şey azadlığın yerini vermir. 4 il məhbus həyatı yaşamaq dildə asan səslənir, amma ailəndən, övladlarından ayrı həyat 44 ilə bərabər olur. 2 övladım var, qızım hazırda nişanlıdır. Az öncə sual verdiniz ki, azadlıq nədir və daha çox hansı məqamda azadlığım üçün darıxıram? Uşaqlarım gözümün qarşısına gələndə çox darıxıram”.

Q.Ağayev sözlərini bitirib gözlərindən süzülüb düşən yaşları silir:

“Törətdiyim əmələ görə çox peşmanam. Buraya düşməzdən əvvəl mebel ustası kimi fəaliyyət göstərirdim. İndi isə aşpazlıq kurslarına cəlb olunmuşam. Bu mənə və digər məhbus yoldaşlarıma çox yaxşı təsir edir. Həm vaxtımız səmərəli keçir, həm də bu işi dərindən öyrənirik".

O deyir ki, vaxt keçsin deyə dustaq yoldaşları ilə söhbətlər edir, daha çox azadlığa qovuşduqdan sonra quracaqları xəyallardan danışırlar:

"Vaxtın tez gəlib keçməsi üçün dustaq yoldaşlarımızla deyib-gülür, söhbət edirik. Azadlığa qovuşacağımız gün barəsində danışırıq. Buradan çıxdıqdan sonra yeni həyat qurmağı, bir daha bura geri dönməməyin xəyallarını qururuq".

Q.Ağayevlə söhbətimi bitirib, digər məhkumlardan biri - Nihat Qənbərovla söhbət edirəm:

“Artıq 1 il 5 aydır ki, buradayam. 3 il müddətinə azadlıqdan məhrum edilmişəm. Təkrar dələduzluq, vətəndaşın etibarından sui-istifadə etdiyim üçün cəzalandırılmışam. İnsan buraya düşdüyü ilk günlərdə şokda olur. Ancaq bir müddət sonra öyrəşməyə çalışırsan. Vaxtım səmərəli keçsin deyə aşpazlığı öyrənməyə səy göstərdim, çox sağ olsunlar şərait yaratdılar. Yemək bişirmək azadlıqda olduğum vaxtdan xoşuma gəlib. İndi bu işi daha da təkmilləşdirirəm. 30 yaşım var. Burada azadlığın nə qədər önəmli olduğunu, yanlış əməllərdən uzaq olmağı öyrəndim. Məhbus olanda insan anlayır ki, çıxış yolu var imiş. Sadəcə, vacib olanı o çıxış yolunu tapıb getməkdir”.

N.Qənbərov deyir ki, kitab oxumağı çox sevir:

“Təcridxanada geniş kitabxanamız var. Kitab oxumağı çox sevirəm. Xüsusən Azərbaycan ədəbiyyatını oxuyuram. Elxan Elatlı, Çingiz Abdullayev, Varis Yolçuyevin, qadın yazıçılardan Əzizə Cəfərzadənin əsərləri xoşuma gəlir. İnsanın burda düşünməyə daha çox vaxtı olur, daha çox azadlığa çıxdıqdan sonrakı həyatı haqqında düşünürsən. Azadlığın nə olduğunu isə televizora baxanda daha yaxşı hiss edirsən. Şəhər görüntüləri göstəriləndə darıxmağa başlayırsan. Ailəm, dostlarım, etdiyim səfərlər üçün darıxıram”.

Məhkumlarla söhbətdən sonra ətrafa göz gəzdirirəm. Mətbəxin divarlarına çəkilmiş maraqlı rəsmlər diqqət çəkir. Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov bildirir ki, divarlara çəkilən rəsmlərin hər biri məhkumların öz əl işidir.

Deyəsən, buranın ab-havasındadır. Məni də qəribə düşüncələr və məyusluq hissi bürüyür. İnsanların azadlığın qədrini gec - daşın topuğa dəydi anda dərk etməsinə çox kədərlənirəm. Asta addımlarla girişdəki qapıya yaxınlaşıram. Açılması və bizim bayıra çıxmağımız üçün darvazanın bəndi çəkilir. Mənə elə gəlir ki, bu dəfə bənd çəkilərkən heç bir səs eşidilmir...

Son xəbərlər

Orphus sistemi