"Uşaq vaxtı Arazın o tayından həmvətənlərimi görəndə əl sallayardım"
İstanbul. 21 fevral. REPORT.AZ/ Azərbaycanlı sənətkar Əhəd Səidinin "Report"un Türkiyə bürosuna müsahibəsi:
- Əvvəlcə sənətiniz haqqında qısa məlumat verərdiniz...
- “AzərNigari” nədir? Bildiyiniz kimi, "Azər" od, "Nigari" - çizmək deməkdir. Yəni odla, alovla rəsm çəkmək. Mənim fırçam od-alov, boyam isə rəngarəng parçalardır. Əslində, körpəlikdən odla oynamağı çox sevirdim və əlimə keçəni yanıdırırdım. Bu sevgim isə valideynlərimi yaman qorxudurdu və mənə "bir gün evimizi yandıracaqsan" deyirdilər. Hətta günlərin birində anamın donunun ətəyini yandırdım. Alovun sürətlə yayılması məni çox qorxutmuşdu. Yanğını söndürmək istəyəndı əlimi belə yandırmışdım. Ancaq parçaların yandığı zaman bir-birinə çox gözəl şəkildə yapışdıqlarının şahid oldum. Sanki həmin gün nə axtardığımı kəşf etdim. Bir müddət sonra alovla və parçayla ərsəyə gətirdiyim əsərlər ailəmin də diqqətini çəkdi və mən sənətimi valideynlərimin dəstəyi ilə davam etdirdim. Təbii ki, bu da məni daha da ruhlandırdı. Sanki yerin altından dünyaya açıldım. Artıq fəaliyyətimi açıq müstəvidə davam etdirməyə başladım. Ümumiyyətlə, 1999-cu ildən bu sənətlə peşəkar şəkildə məşğul oluram.
- Əslində, kənardan yağlı boya ilə çəkilmiş rəsm əsərlərinə oxşayır...
- Doğrudan da bu əsərlərdə boyadan istifadə olunmadığına bəzən inanmırlar. Hətta parçaların yapışqansız bir-birinə necə yapışdığını deyənlər də olur. Əslində, universitet təhsilimi də bu səbəbdən yarımçıq saxlamaq məcburiyyətində qaldım. Halbuki Güney Azərbaycanın Təbriz şəhərində Qrafik dizaynı ixtisası üzrə təhsil alırdım. Bəzi mövzularda müəlimlərdən dəstək istədim, ancaq onlar, sadəcə, mənimlə mübahisə edərək yanlış istiqamətə yönləndirməyə çalışdılar. Ancaq mən sənətimdən vaz keçmədim. Yuxarıda da qeyd etdiyim kimi müxtəlif sərgilər keçirdim. Dünyanın hər yerindən sərgilərimi izləməyə gəldilər və əsərlərimə heyran oldular. Hətta məşhur rəssamlar belə əsərlərimə heyran qaldıqlarını deyirlər. Onları yaxından izləyənlər bunu bir möcüzə adlandırırlar. Sərgilərimin birində baş vermiş bu hadisəni heç cür unuda bilmirəm. Deməli, sərginin şah əsərini izləyən bir ana hönkür-hönkür ağlayaraq məni qucaqladı. Mənə dedi: "Oğlum mən dünyanı gəzmişəm, məşhur rəssamların sərgilərində olmuşam. Ancaq heç bir rəsm əsəri məni bu qədər təsirləndirməyib. Sənin əlindən öpülməlidir". Hər halda içimdən keçənləri qarşımdakılara ötürmək üçün seçdiyim bu yolda özümü təsdiqləyə bilirəm. Ümumilikdə, dünyanın müxtəlif ölkələrindən insanlarımın sənətimi izləməyə gəlmələri bir azərbaycanlı olaraq məni qürurlandırır.
- Bəs hansı materiallardan istifadə edirsiniz?
- Bilirsiniz, boyalardan fərqli olaraq, parçalarda canlılıq, həyat var. Çünki onlar bizə boyalardan daha yaxındır. Parçaları üzərimizdə daşıyırıq. Parçaya od təsir etdikdə onun rəngi dəyişir. Ona görə də boyalarda olmayan qeyri-adi rəngləri belə parça və alovla ortaya çıxarmaq olur. Od parçaya toxunduqda bir az su kimi olur və onu cəld bir toxunuşla yapışdırmaq lazımdır. Mənim istifadə etdiyim parçalar polimer və polister tərkiblidir. Bunlar yun, pambıq, kətan ola bilməz. Çünki yun tərkibli parçalar istinin təsirindən çürüyür, qara külə çevrilir. Ümumiyyətlə, bir nümunənin yaranması heç də asan deyil. İstifadə edilən parçanın həcmi də yaradılacaq əsərdən asılıdır. Yəni standart ölçü yoxdur. Mən “AzərNigari” ilə türk coğrafiyasının, Anadolunun sənət və fəlsəfəsindən yola çıxaraq onu modern şəkildə dünyaya təqdim edirəm.
- Hazırda sənətinizin beynəlxalq miqyasda tanınması üçün müraciət etmisinizmi?
- İran Elm və Texnologiyalar Nazirliyi tərəfindən 2008-ci ildə "AzərNigari"yə patent hüququ əldə etmişəm və rəsmi şəkildə dövlət qeydiyyatına alınıb. 2014-cü ildə Türkiyədə bu sənətin patentini almışıq. 2016-cı ildə də "AzərNigari"nin YUNESKO-da təsdiqlənməsi üçün müraciət etmişik. Türkiyə və İran hökumətləri bu məsələdə bütün rəsmi prosedurları həyata keçiriblər. YUNESKO öz qərarını 5 il müddətində açıqlayacaq. Ancaq mənim qarşımda şərt qoyduqlarından əyani olaraq əsərlərimi necə yaratdığımı heç kəsə göstərə bilmirəm. Yoxsa, Əhəd Səidi atelyesinin qapısını heç kimin üzərinə qapatmayıb. Sadəcə, YUNESKO-nun şərtinə əməl edərək istifadə etdiyimiz odlar, onlardan istifadə şəkli, parçalar, prosesi hardan başlayıb harda bitirdiyimizi əyani göstərə bilmirik. Ona görə də araşdırmanının yekunlaşmasını gözləyirik.
- Ümumiyyətlə, Azərbaycanda sərgi keçirmək fikriniz varmı?
- Təbii ki. Azərbaycan mənim vətənimdir və ona qovuşmaq ən böyük sevdamdı. Uşaq vaxtı Arazın o tayından həmvətənlərimi görəndə əl sallayardım. Deyirdim ki, yalnız bir sumu bizi ayırdı. Axı niyə axı ora gedə bilmirik? Təbii ki, uşaqdım o zaman. Ancaq sonradan hər şeyi anladım. Əslində, 2010-cu ildə ən böyük arzumun reallaşdığını deyə bilərəm. Mən Bakıya getdim və həqiqətən şəhərə heyran qaldım. Mən AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısındakı heykəlləri saatlarla izlədim. Azərbaycanın zəngin irsi məncə heç bir ölkədə yoxdur. Mən 8 ildir İstanbulda fəaliyyət göstərirəm. Azərbaycanın İstanbuldakı baş konsulu sərgilərimə gəlir. Ona görə də Azərbaycanda da sərgi keçirmək fikrindəyəm. Həmvətənlərimin də mənim övladım olan “AzərNigari”ni görmələrini istəyirəm. İnşallah, yaxın günlərdə bu arzumu reallaşdıracayam.
Vüsalə Abbasova