Tahir İmanov: "Vətənini sevməyən insan heç vaxt nöqsanlardan danışmaz" - MÜSAHİBƏ - VİDEO

Tahir İmanov: "Vətənini sevməyən insan heç vaxt nöqsanlardan danışmaz" - MÜSAHİBƏ - VİDEO KVN Parni iz Baku Teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanovun doğum günüdür. Bu gün onun 48 yaşı tamam olur.
Multimedia
13 Dekabr , 2022 12:52
Tahir İmanov: Vətənini sevməyən insan heç vaxt nöqsanlardan danışmaz - MÜSAHİBƏ - VİDEO
Tahir İmanov

“Planet Parni iz Baku” KVN Teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanovun doğum günüdür. Bu gün onun 48 yaşı tamam olur.

Tahir İmanovun "Report"a müsahibəsini təqdim edirik:

- Bildiyim qədəri ilə "bəy" və "müəllim" ifadələrini sevmirsiniz. Sizə necə müraciət edək?

- Sadəcə Tahir. Belə müraciət edə bilərsiniz.

- Tənqid etmək özü də bir mədəniyyətdir. Amma insanlar bəzən tənqidlə təhqiri səhv salır. Sizcə, tənqid mədəniyyətini formalaşdıran nədir?

- İlk növbədə köklərimizə qayıdıram. Necə ki, keçmişdə bizim böyük kişilərimiz öz iradlarını bir-birinin üzünə bildirib. Efir, yaxud hansısa sayt vasitəsi ilə yox. Mən düşünürəm ki, indi də belə olmalıdır. Bu, mənim subyektiv fikrimdir. Ola bilər ki, kimsə razı olmasın. Sağlam tənqidin əsasında sağlam ağıl və sağlam zövq dayanır. Hansısa mövzu haqqında anlayışı olmayan adamların tənqid etməyə haqqı belə yoxdur. Bəzən görürsən ki, bizi elə adamlar tənqid edir ki, heç həmin adam bilmir KVN Azərbaycanda neçənci ildə yaranıb, bu hərəkatın əsasında kimlər durub və s. Söhbət tək bizim sahədən getmir, istənilən sahənin peşəkarları var və mən düşünürəm ki, tənqidlə onlar məşğul olmalıdırlar. Məhz belə olduğu halda biz obyektiv və sağlam tənqiddən danışa bilərik.

- Azərbaycan cəmiyyəti satiranı qəbul edə bilirmi?

- Edə bilirdi. Sadəcə olaraq bəzi telekanallar dırnaqarası yumorla tamaşaçılarımızın zövqünü elə korladı ki, indi satiradan danışmaq çox çətindir. Çünki satira olduqca çətin bir sahədir. Satira ilə məşğul olan insanlar vətənini elə sevməli, ona elə can yandırmalıdır ki, o satira da çox keyfiyyətli alınsın. Heç vaxt vətənini sevməyən insan bu sahədə çalışa bilməz. Götürək mənim ən sevimli satirikim Cəlil Məmmədquluzadəni. Mən birmənalı olaraq deyə bilərəm ki, bu adam vətənini anası kimi sevirdi. Əgər sən övladını sevirsənsə mütləq onun nöqsanlarını deyəcəksən. Satira dünyada ona görə yaranıb ki, sən bununla cəmiyyətdə olan nöqsanlardan danışasan və o nöqsanlar bir daha yaşanmasın. Vətənini sevməyən insan heç vaxt nöqsanlardan danışmaz. Xüsusilə düşmənlərimiz. Onlar heç vaxt bizə nöqsanlarımızdan danışmayacaq. Əksinə, sevinəcək ki, qoy belə də davam etsin. Ona görə də bu sahədə çalışan insanlar, söhbət əsl satiriklərdən gedir onlar ilk növbədə vətənini sevən, vətənpərvər insanlardır.

- Müsahibələrinizin birində demisiniz ki, AzTV-dən başqa kanalı izləmirsiniz. Hələ də elədir?

- Demək olar ki, hə.

- Səbəb nədir?

- Bilirsiniz, söhbət AzTV olmasından getmir. Biz həmişə ailəmizlə birgə televizoru ona görə açmışıq ki, əylənək, əhval-ruhiyyəmiz qalxsın. Bir sözlə, özümüzü pozitiv notlara kökləyək. Mən hər dəfə AzTV-yə baxanda çox pozitiv oluram. Birincisi, milli-mənəvi dəyərlərimiz, tariximiz, mədəniyyətimiz haqqında olduqca müasir verilişlər çəkilir. Bu verilişlərə baxdıqca hər dəfə fəxr edirəm ki, mən bu böyük millətin oğluyam. İkincisi, ağlaşmadan, depressiv veriliş və layihələrdən uzaq olan bir kanaldır. Ora yeni rəhbərlik gəldikdən və böyük islahatlar aparıldıqdan sonra daha çox izləməyə başladım. Düzdür, əvvəllər mən və kolleqalarım ona görə izləyirdik ki, baxaq hansısa verilişləri parodiya edək. Amma indi tənqidə, parodiyaya məruz qalan verilişlər azalıb, hətta yox dərəcəsindədir. Ona görə mən AzTV-ni izləyirəm. Baxmayaraq ki, digər kanalların dekorasiyası, geyim-biçimi dəyişib, amma təəssüf ki, içərisi, keyfiyyəti dəyişməyib. Yenə də efirlərdə bayağı musiqilər, bayağı yumor, ağlaşma və depressiv verilişlər gedir. Hansı kanal rəhbərini danışdırırsan reytinqdən danışır. Deyir camaat buna baxır. O zaman camaatın zövqünü keyfiyyətli verilişlərlə müalicə edin. Misal üçün ailəndə bir nəfər ağır xəstəliyə tutulsa onu xəstə vəziyyətdə tərk edəcəksən? Xeyr, müalicə etdirəcəksən. Tamaşaçının zövqünü də müalicə etmək lazımdır.

- Televiziyadan söhbət düşmüşkən, Murad Dadaşovun televiziya rəhbəri təyinatını necə qarşıladınız?

- Mən istənilən azərbaycanlının qələbəsinə sevinən insanam.

- Sizcə, dostluq münasibətləri sizə gələcəkdə hansısa televiziya layihəsini həyata keçirməyə kömək edə bilərmi?

- Heç vaxt təsəvvürümə gətirə bilməzdim ki, dostluq nədir sualına indiki dövrdə cavab verməyə çətinlik çəkim. Mən bilmirəm dostluq nə deməkdir. Keçmişdə dostluq nədir bilirdim. Söhbət 1980-1990-cı illərdən gedir. O ki, qaldı televiziya layihələrinə, Murad qardaşımız artıq iki ilə yaxındır ki, oradadır, amma biz orada yoxuq.

- Tənqid etdiyiniz adamlardan nəticə çıxaranlar var? Sizə yaxınlaşıb səhvini etiraf edənlər, yanlış etdiklərini düşünənlər olub?

- Olub. Hətta bizim bir deputatımız var. Heç mən adını da bilmirəm. Bir neçə il bundan qabaq nə özünə, nə də bizə yaraşan formada bizi qeyri-sağlam tənqid etmişdi. Sonra onu bu yaxınlarda Şuşada gördüm. Özü bizə yaxınlaşdı. Mən düşündüm ki, həmin o qeyri-sağlam tənqidlər davam edəcək. Heç bu mövzuya toxunmadı, mən də söhbəti açmadım. Sadəcə olaraq o mənim əlimi sıxdı, eynilə də mən. Bu qədər. Ümumiyyətlə, hər bir pisliyin bir dərmanı var, o da yaxşılıqdır. Heç vaxt yadımdan çıxmaz, konsertlərin birinin sonunda mən dedim ki, bizə bu illər ərzində qadağa qoyan məmurlar olub. 2019-cu ildə cənab Prezident İlham Əliyev də bu işə müdaxilə etdikdən və bizə televiziyada yaşıl işıq yandıqdan sonra fürsət idi ki, məmurların ünvanına sərt sözlər deyəsən. Amma mən belə insan deyiləm. Mən səhnədən həmin məmurlara cansağlığı arzuladım və dedim Allah sizi qorusun. Birdən-birə babamın sözləri yadıma düşdü ki, hər bir pisliyə yaxşılıqla cavab vermək lazımdır. Mən də yaxşılıqla cavab verdim. Amma konsert gedəndə kanal rəhbərliyi mənə zəng edib dedi olarmı o hissəni çıxaraq. Mən kanal rəhbərliyindən niyəsini soruşanda dedilər ki, məmurlar elə başa düşə bilər ki, siz onları dolamısınız.. Bilirsiniz, hər bir şeydə sadəcə olaraq qalmaqal və ikinci məna axtarılır. Ona görə, mən yenə fürsətdən istifadə edib, bizə pislik edənlərə sadəcə yaxşı günlər arzu edirəm.

- Şəhərli, rayonlu məsələsi həmişə müzakirə mövzusu olub. Sizin buna münasibətiniz necədir? Ümumiyyətlə, belə bölgü aparmaq doğrudur?

- Xeyr, doğru hesab etmirəm. Söhbət tək Bakıdan getmir, istənilən paytaxtı formalaşdıran onun ətrafında olan rayonlardan, kəndlərdən gələn insanlar olub. Bakının elə özünə baxsaq bu şəhərin ən tanınmış, ən seçilmiş insanları məhz bölgələrdən, kəndlərdən gələn insanlardır. Elə mən özüm. Belə baxanda babalarım, nənələrim vaxtı ilə Şuşadan Bakıya köçüblər. Düşünürəm ki, belə bir bölgünü aparmaq yaxşı deyil.

- Bizim cəmiyyətdə ictimai qınağı ciddi qəbul etmək olar?

- Bəli, olar. Bizim bütün səhnəciklərimiz demək olar ki, məhz bu istiqamətdə olub. Biz 2013-cu ildə "İcra başçılarının kursları" adlı səhnəcik göstərmişdik. Biz bir növ bununla bu ağrılı dərdi ölkə rəhbərliyinə çatdırmaq istədik və çox təəssüf ki, belə icra başçıları var. Bilmirəm necə deyim ki, heç kimin xətrinə dəyməyim, amma sakinlərin hüquqlarını tapdalayan icra başçıları var. Ən gözəl tərəfi budur ki, məsələ öz həllini tapdı, o cür icra başçıları işdən kənarlaşdırıldı. Mən bir Azərbaycan vətəndaşı kimi görürəm ki, ictimai qınaq işə yarayır və biz bunun bəhrəsini görürük.

- Siz təhsilin əhəmiyyətindən də tez-tez danışırsınız. Bildiyiniz kimi artıq bir neçə ildir təhsil naziri dəyişib, hətta bu yaxınlarda nazirliyin adı da dəyişdirildi. Bəs təhsildə necə dəyişiklik müşahidə edirsiniz?

- Mənin üçün bu haqda danışmaq çətindir. Çünki bu sistemlə birbaşa olaraq təmasda deyiləm. Gələn il övladım məktəbə getdikdə olacağam. Yeni nazirimizlə bir neçə dəfə tədbirlərdə görüşmüşəm. Bir-birimizdən heç bir asılılığımız yoxdur. Heç ola da bilməz. Çünki o harada, mən harada. Amma mən bir vətəndaş olaraq deyə bilərəm ki, Emin Əmirullayev çox sadə insandır. Mən çox sevinirəm ki, belə məmurlarımız, nazirlərimiz var. Bilirəm ki, onun üçün çox çətin olacaq. Təhsil çox böyük bir ağacdır və qurumuş bir ağacı yenidən yetişdirməyə başlayanda ona ikinci nəfəs vermək çox çətin məsələdir. Yəni, illərlə gözləməlisən ki, o ağac pöhrə versin. Ona görə, mən düşünürəm ki, Emin müəllimdə böyük bir səbr olsa o bizim təhsil sistemimizi mütləq müalicə edəcək.

- Biz nə etməliyik, haradan başlamalıyıq ki, cəmiyyət Üzeyir Mehdizadələr qədər Üzeyir Hacıbəylini də tanısın?

- İlk növbədə böyük sənətkarlar bu barədə gecə-gündüz danışmalıdırlar. Amma əksəriyyət susur. Azərbaycan Bəstəkarlar İttifaqı susur, Konservatoriya susur. Bəlkə də, danışır, amma biz onların səsini eşitmirik. Mən heç sözügedən müğənninin adını belə çəkmək istəmirəm. Amma bu kimi müğənnilər, bu kimi musiqilər Azərbaycan mədəniyyətinə qarşı olan bir cinayətdir. Bəli, ona görə həbs cəzası verilmir, amma bu, mənəvi cinayətdir. Bu məsələ ilə bağlı da aidiyyəti qurumlar məşğul olmalıdırlar. Bizim keçmişimiz zəngindir. Niyazilər, Qarayevlər, Behbudovlar kimi sənətkarlarımız var, amma açırsan yutubu, izlənmə sayına baxsan heç bir milyona gəlib çatmır. Mən yenə deyirəm: bu işlə tək Tahir İmanov məşğul olmamalıdır. Tahir İmanov nə qədər danışırsa, inanın ki, sadəcə özünə pis edir. Amma canım yanır, mən istəyirəm ki, bu məsələlər düzəlsin. Azərbaycan tamaşaçısı əsl musiqi köklərinə qayıtsın.

Tahir İmanov
Tahir İmanov

- Şuşada babanız bəstəkar Süleyman Ələsgərovun evini ziyarət etdiniz. 30 il sonra Şuşada baba ocağını ziyarət etmək sizə necə təəssürat bağışladı?

- O hissləri yenidən ifadə etmək mənim üçün həm çox çətin, həm də qürurludur. O ev mənim həyatımın ən gözəl, ən qayğısız, ən günəşli illərimin bir parçasıdır. Mən o evdə gözəl insanları, böyük şəxsiyyətləri görmüşəm. Mən bir insan kimi məhz o evdə formalaşmışam. Ona görə mən o evə qayıdanda sanki öz köklərimə qayıtdım. Hər dəfə söz verirəm ki, gedəcəm ora və kövrəlməyəcəm. Amma göz yaşlarımı saxlaya bilmirəm. Şuşa hər zaman bizim ailənin bir mənası olub. Biz Şuşa kəlməsi ilə yatıb, Şuşa kəlməsi ilə oyanmışıq. Bizim evin divarları həmişə Şuşa fotoları ilə bəzənib. Mənim babam şəkilləri çox sevirdi. İndi şəkil çəkdirmək rahatdır. O vaxt elə deyildi. Babam biləndə ki, kimsə böyük şəxsiyyətlərdən evə qonaq gələcək əvvəldən fotoqrafla danışardı və o qonaqlıqda mütləq şəkillər çəkilərdi. Həmin o xatirə şəkillərindən qalereya da düzəltmişdi.

-Həmin evi yenidən təmir etdirməyi düşünürsünüz?

-Təbii ki, bir azərbaycanlı, bir şuşalı və böyük bəstəkarın nəvələri kimi biz o evi bərpa etmək istəyirik. Amma qanun hamı üçün eynidir. Ona görə, inşallah ölkə rəhbərliyi nə vaxt məsləhət görərsə, biz həmin vaxt bu işə başlamağa hazırıq.

- Doğum gününüzü təbrik edir, Sizə işlərinizdə uğurlar arzulayırıq.

- Diqqət göstərdiyiniz üçün mən təşəkkür edirəm, çox sağ olun.

Foto, video: Vüqar Xanlarov

Montaj: Məhəmməd Ağayev

Son xəbərlər

Orphus sistemi