Düşmən növbəti dəfə Gəncə şəhərində dinc əhaliyə qarşı terror törədərək raket zərbələri endirib.
Bu dəqiqəyə olan məlumata görə, hadisə nəticəsində ümumilikdə 13 nəfər həlak olub, 48-dən çox mülki şəxs yaralanıb, 2 uşaq isə itkin düşüb.
Şəhərdə ötən gecə 20-yə qədər ev dağıdılıb.
"Report"un çəkiliş heyəti hadisə baş verən yerlərdən silsilə reportajlarını davam etdirir.
Raket zərbəsi nəticəsində zərərçəkən ahıl qadın Tamam Hacıyeva bildirir ki, hadisə zamanı evdə özü, qızı, nəvəsi və 2-ci qrup əlil olan oğlu var idi:
"Yatdığımız vaxt ardıcıl partlayışlar oldu, birdən-birə ev uçdu altında qaldıq, hər tərəfi toz basdı. Pəncərəni açıb çıxmağa çalışdıq, amma nə qədər etdiksə, açılmadı, sonra evin digər tərəfinə yönəldik ki, bəlkə, ordan çıxa bilək. Ancaq o vaxta qədər hökumət nümayəndələri gəlib hamımızı ordan çıxartdılar. Torpağımız sağ olsun".