“Qartalın dimdiyi” - Şah dili burnundan - REPORTAJ - VİDEO

“Qartalın dimdiyi” - Şah dili burnundan - REPORTAJ - VİDEO Bakı. 21 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji turizmin təbliğinə yönələn “Təbiətimiz-evimizdir” adlı layihəsi çərçivəsində ikinci səfər Abşeron Milli Parkına təşkil olunub.
Multimedia
21 May , 2018 13:31
“Qartalın dimdiyi” - Şah dili burnundan - REPORTAJ - VİDEO
Report/ Elchin Murad

Bakı. 21 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji turizmin təbliğinə yönələn “Təbiətimiz-evimizdir” adlı layihəsi çərçivəsində ikinci səfər Abşeron Milli Parkına təşkil olunub.

“Report”un əməkdaşı media-turda iştirak edib və parkdan reportaj hazırlayıb.

Abşeron Milli Parkı Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı sərəncamla Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılıb. Parkın sahəsi 783 hektardır. 

Milli Park Abşeron yarımadasının cənub-şərq qurtaracağında - Şah Dili ərazisində yerləşir. Milli Parkın giriş qapısından 150 metr sonra başlama nöqtəsi sayılır.

50-ə yaxın fauna, 25-ə yaxın flora növü 

Parkın direktoru Fərahim Hüseynov girişdə mətbuat nümayəndələrinə ərazi haqqında qısa məlumat verdi. O bildirdi ki, parkda 50-ə yaxın fauna, 25-ə yaxın isə flora növü var: “Parkda həmçinin, "Qırmızı kitab"a düşən 6 növ heyvan – suiti, ceyran, qutan, qu quşu, soltan toyuğu və flaminqo var. Hazırda həmin heyvanların balalama dövrü olduğundan ərazidə müşahidə etmək mümkün deyil. Çünki onlar adətən noyabr ayının sonunda gəlib mart ayında vətənlərinə qayıdırlar”.

O, eyni zamanda, parkın ərazisində nələrin qadağan olunduğunu da jurnalistlərin diqqətinə çatdırdı. Qadağalar isə kifayət qədər geniş və sərtdir: göstərilən marşrutlardan kənara çıxmaq, özü ilə ov ləvazimatları gətirmək, xüsusi icazə olmadan quşları, vəhşi heyvanları, balıqları və sürünənləri ovlamaq və ya tutmaq, onların yuvalarına toxunmaq və ya dağıtmaq, ərazini zibilləmək, səs-küyə səbəb olacaq hər hansı fəaliyyət qadağandır. Həmçinin, ərazidə vəhşi heyvanlar olduğundan turistlərə diqqətli və ehtiyatlı olmağı tövsiyə edilir.

Söhbət zamanı öyrənirik ki, keçən il ərzində parka ümumilikdə 622 turist gəlib. Onların 418-i yerli, digərləri isə xarici vətəndaşlar olub. Bu ilin 4 ayı ərzində isə Milli Parka 179 yerli sakin, 90 nəfər isə əcnəbi gəlib.

“Ginnesin Rekordlar Kitabı”na daxil edilən ən kiçik suiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə isə deyir ki, bu park sahəsinə görə ən kiçik ərazili parkdır: “Park Azərbaycan xəritəsində quru ərazi olan ən son nöqtə yerləşir. Parkın yaradılmasının məqsədi fauna biomüxtəlifliyinin mühafizəsidir. Ərazi kiçik olsa da, burada nadir növlü heyvanlara rast gəlinir. Xüsusilə də miqrasiya dövründə quşlar kaloniya şəklində məhz parkın ərazisində qışlayır. Bu baxımdan parkın əlverişli coğrafi şəraiti var”.

Abşeron Milli Parkında torpaq örtüyü yaxşı inkişaf etməyib. Ərazi əsasən, dəniz sahili qumluqlarla örtülüb. Bu səbəbdən burada bitki örtüyünün növ tərkibi azdır. Ərazidə suda-quruda yaşayan göl qurbağası, suilanı, gürzə, quşlardan gümüşü qağayı, fısıldayan qu quşu, boz və qırmızıbaş qaz, bizquyruq, yaşılbaş ördək, qumluq cüllütü, qaşqaldaq, ceyran, canavar, çaqqal, çöl pişiyi, oxlu kirpi, tülkü, dovşan, Xəzərin sularında suiti və həmçinin müxtəlif növ balıqlar məskunlaşıb. Hətta Dünya okeanının ən kiçik suitisi kimi “Ginnesin Rekordlar Kitabı”na daxil edilən məməlilərə də mövsümündə rast gəlmək olar.

Su ilanlarının kütləvi halda toplandığı ərazi

Ümumi məlumatlardan sonra parkın ərazisini gəzməyə başlayırıq. Belə ki, uzunluğu 8 km olan parkda 4 turist marşrutu var. Marşrut girişdən bir az sonra sağ sahilə ayrılan yoldan başlayır. Yol sona qədər qumluq və müəyyən qədər qamışlıqdan ibarət olduğuna görə əsasən piyada gəzmək üçün nəzərdə tutulub. Ərazidə 12 metr hündürlükdə quraşdırılan seyr qülləsindən dəniz və yarımada mənzərəsini görmək mümkündür.

Parkın ərazisində iki nöqtədə-dəniz kənarında, qumsallıqda təxminən 3-4 km bir-birindən aralı piknik üçün yerlər ayrılıb. Marşrutun əvvəlində seyr qülləsi, marşrutun sonuna az qalmış isə üstü örtülü, kənarları açıq oturacağı olan köşk var. Bu da parka gələn turistlər üçün ən gözəl dincəlmə məkanıdır. Köşkün yaxınlığında dəniz kənarında aprel-may-iyun aylarında su ilanlarının kütləvi halda toplanmasını müşahidə etmək mümkündür. Səfərimiz də məhz may ayına təsadüf etdiyindən suilanları kifayət qədər çox idi. Ərazidə su ilanı çox olduğundan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ərazidəki idarəyə ilan zəhərinə qarşı zərdablar da verilib. Hər il həmin zərdablar yeniləri ilə əvəzlənir.

Şahların ov məkanı

Dincəldikdən sonra marşrutun bitiş xəttinə, yəni Abşeron yarımadasının ən ucqar nöqtəsinə - Şah dili burnuna təxminən 30-40 dəqiqəyə çatmaq olar. Şah dili burnu həm təbii-coğrafi mövqeyinə görə gözəl mənzərə və təbiət abidəsi sayılır. Bu ərazini tanıtmaq üçün ora Azərbaycan xəritəsindəki “qartalın dimdiyi” də deyirlər. Hətta rəvayətə görə əvvəllər Abşeron yarımadasının burun hissəsinə yüksək mənsəbli əyanlar, eləcə də şahlar ova gələrmiş. Ona görə də yerli əhali bu hissəni "Şah dili" adlandırırmışlar. Həmin əraziyə ancaq piyada getmək mümkündür. Ümumi marşrutu 4-5 saata tam yekunlaşdırmaq mümkündür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın sözlərinə görə, milli parklara belə turların  məqsədi təbiəti evimiz kimi qəbul edib oranı çirkləndirməməyi təbliğ etmək, eyni zamanda ölkənin turizm potensialını nümayiş etdirməkdir. 

O bildirib ki, növbəti səfərlər Altıağac, Şahdağ və digər milli parklarına olacaq.

Qeyd edək ki, ölkədə fəaliyyət göstərən bütün milli parklara giriş haqqı 2 manat təşkil edir. Məktəblilər və 6 yaşına kimi olan uşaqlar üçün giriş pulsuzdur. 

Foto: Elçin Murad

Son xəbərlər

Orphus sistemi