Amerikanın Nyu-York şəhərində koronavirusun qurbanlarının sayı sürətlə artır. Elə bu səbəbdən də əhalinin küçəyə çıxmaması haqqında əmr hazırlanır. Bu qərarın 48 saat ərzində rəsmiləşəcəyi gözlənilir.
"Report"un yerli bürosu xəbər verir ki, şəhərin bələdiyyə başçısı Bill de Blasio Nyu-Yorkda koronavirusa yoluxaların sayının 1400-ə, ölənlərin sayının isə 12-yə yüksəldiyini açıqlayıb.
O bildirib ki, Nyu-York bələdiyyəsi xalqın yalnız dərman və ərzaq ehtiyacları olduğu halda evdən çıxa biləcəkləri ilə bağlı qərarın üzərində çalışır.
Ölkədə virusun yayılması ilə bağlı məlumatları izləyən Johns Hopkins Universitetinin açıqladığı son rəqəmlərə görə, xüsusilə Nyu-York şəhərində virusa yoluxanların sayı və ölüm halları sürətlə artmaqda davam edir.
Qeyd edək ki, Nyu-Yorkda son iki gündə bütün təhsil ocaqları, idman salonları, teatr və əyləncə mərkəzləri, ticarət mərkəzləri, kafe və restoranlar fəaliyyətini dayandırıb. Bir çox iş yerləri əməkdaşları ilə evdən işlərini davam etdirmə qərarı alıb.
Ərzaq məhsullarında artan təlabat səbəbi ilə qiymətlərdə artım müşahidə olunur. Marketlərdə xüsusilə çörək və su rəfləri boşalmış vəziyyətdədir. Böyük marketlər də adambaşına mal satışında məhdudiyyətlər tətbiq etməyə başlayıb. Bunun üçün satış mərkəzlərinə xüsusi polis nəzarəti tətbiq olunur. Marketlərdə tualet kağızı tükəndiyinə görə təcili yardıma (911) zəng edən vətəndaşlara qurumun rəsmi saytında xəbərdarlıq yayımlanıb və bu məsələ ilə bağlı sözügedən quruma müraciət olunmaması xahiş edilib. Şəhərdə metro və avtobus nəqliyyatından istifadə kəskin şəkildə azalıb. Hər gün minlərlə turistin ziyarət etdiyi "Times" meydanı tamamilə boşaldılıb. Şəhərin mərkəzi küçələrində nəhəng monitorlarda virusla bağlı məlumatların yer aldığı videoçarxlar nümayiş olunur və insanlara evdən çıxmamaq tövsiyə olunur.
Əhalinin ən çox üz tutduğu məkanlardan biri də apteklərdir. Nyu-Yorkun mərkəzi küçələrindən birində fəaliyyət göstərən “Danny Pharmacy” aptekinin sahibi, əczaçısı Dr.Daniel Xanimov "Report"a müsahibəsinə vəziyyətin hər keçən gün daha da çətinləşdiyini bildirib. Onun sözlərinə görə, Nyu-York əhalisi daha çox marketdən maskalar, qripdən qorunmaq üçün iynə və dərmanlar, eləcə də hərarət ölçən cihaz alırlar:
“Bir il əvvəl bu apteki açdıq. Heç vaxt belə bir vəziyyətin olacağını düşünə bilməzdim. Nyu-Yorkda insanlar panika içindədilər. Nə edəcəklərini bilmirlər. Açığı nələr olacağını deyə bilmərəm. Bəlkə, növbəti addım insanların evdən çölə çıxmaması ola bilər. Bununlada qısa zamanda virusun yayılmasının qarşısı alınar”.
Aptekə gələn vətəndaşlar arasında virusdan qorxduğunu və özünü evə həbs etdiyini deyənlər var. Onlardan biri 40 yaşlı Tom deyir:
“Nə işə, nə restorana, nə də kafeyə gedirəm. Sadəcə evdə oturmaqla keçir zamanım. Dəhşətvericidir”.
Aptekin daimi müştərisi olan italyan musiqiçi Violeta isə koronavirusdan qorunmaq üçün sadəcə gigiyenik qaydalara əməl olunmasının vacibliyini deyir:
“Maskalarınızı və əlcəklərinizi geyinin. Sadəcə pozitiv olun və gülün. Hamısı keçib gedəcək”.
Eyni zamanda Nyu-Yorkda virus səbəbi ilə silah və sursat təchizatı almaq üçün pərakəndə satış mağazalarına, lombardlara və onlayn mağazalara gedən amerikalıların sayının artmaqda olduğu açıqlanıb.
Qeyd edək ki, ABŞ-da koronavirusdan ölənlərin sayı 105 nəfərə çatıb. Ölkədə virusa 6 233 yoluxma halı qeydə alınıb, 17 nəfər sağalıb. 9 milyon əhalisi olan Nyu-York əhali sayına görə ABŞ-ın ən böyük şəhərdir.
Müəllif: Vüsalə Abbasova