Skandinaviya ölkələrinə qarşı həmişə daxilimdə böyük bir maraq olub. Avropanın ən inkişaf etmiş dövlətləri sırasında dayanan bu ölkələri gözümdə o qədər böyütmüşəm ki, nə vaxtsa torpaqlarına ayaq basacağımı heç təsəvvür belə etməmişəm. Amma Litvada təhsil imkanı qazanmağım uzağı mənim üçün elə yaxın etdi ki, asudə vaxt tapan kimi rifahı ilə ün salmış Şimali Avropa məkanları ilə tanış olmağa cəhd etdim. Bu maraq isə yolumu ilk olaraq Danimarkadan saldı. Oradan elə yüksək təəssüratla ayrıldım ki, Norveç, İsveç və Finlandiyanı da mütləq görməli olduğumu və bu yerlərin mənə yeni baxış bucağı ilə yanaşı, böyük bir xoşbəxtlik qatacağını düşündüm. Elə buna görə də Norveçi özümə ikinci səyahət nöqtəsi seçdim və paytaxt Osloya yollandım. Lakin burada Kopenhagendəkindən bir qədər fərqli situasiya ilə qarşılaşdım. Bu fərqlilik isə həm insanların simasında, həm nəqliyyat sistemində, həm də qiymətlərdə sezilirdi.
Nəqliyyatda ilk diqqətimi çəkən şey Osloda Kopenhagendəki qədər velosipedin çoxluq təşkil etməməsi oldu. Belə ki, burada əksəriyyət bizdəki kimi avtomobil istifadə edir, ancaq fərqimiz odur ki, Norveçdə hər üç avtomobildən biri “Tesla”dır. Bəli, Oslonun “Tesla”lar şəhəri olduğunu desəm, qətiyyən mübaliğə etmiş olmaram. Bu maşınların çoxluğu mənə bir tərəfdən Norveçdə də Danimarkadakı kimi təbiətin qeydinə yetəri qədər qalındığını göstərsə də, digər tərəfdən ölkənin zənginliyindən, insanların rifah səviyyəsindən, eləcə də qiymətlərin yüksək olmasından xəbər verdi. Mən də, öz növbəmdə, şəhəri gəzərkən bu detalları daha dərindən analiz edib bir nəticə çıxarmağa çalışdım.
Nəticəyə uyğun olaraq onu deyə bilərəm ki, Osloda ictimai nəqliyyat Kopenhagenlə müqayisədə azacıq bahadır. Burada təkcə hava limanı stansiyasından şəhərin mərkəzi metrostansiyasına getmək üçün qatar biletinə qatarın sürətindən asılı olaraq 13 və ya 25 avro ödəməlisiniz. Bununla yanaşı, hostel qiymətləri də o qədər ürəkaçan deyil. Belə ki, Kopenhagendə mərkəzi ərazidə 40 avroya iki gecəlik hostel tapmaq imkanınız olduğu halda, Osloda bu məbləğ sizin sadəcə bir gecənizi qarşılayacaq. Ancaq qiymət sizə çox görünsə də, mərkəz üçün bu vəsaiti ödəməyin sərfəli olduğu qənaətindəyəm. Çünki Osloda əksər əhəmiyyətli tikililər mərkəzdə yerləşir və onları ziyarət etmək üçün ictimai nəqliyyatdan istifadə etməyinizə ehtiyac yoxdur. Əgər ətraf ərazidə qalmağı seçsəniz, ictimai nəqliyyatla birlikdə xərciniz daha çox ola bilər.
Qeyd etməliyəm ki, qiymətlərin yüksək olmasına diqqət çəkməyim sırf turist kimi şəhərə gəlmək istəyənlərə kömək məqsədi daşıyır. Çünki bu bahalıq yerli əhali üçün elə də əhəmiyyət kəsb etmir. Sizə də məlumdur ki, Norveç dünyada yüksək həyat səviyyəsi ilə tanınır. Ölkə dünyanın ən böyük neft və təbii qaz ixracatçılarından biridir və bu onun sərvətinə əhəmiyyətli töhfə verir. Burada həmçinin balıqçılıq, bərpaolunan enerji mənbələri və inkişaf edən texnologiya sənayesi var ki, bütün bunlar insanların həyat şəraitinin tam da arzuladıqları kimi olmasına imkan tanıyır. İnsanların simaları kənardan çox kədərli və ya soyuq görünsə də, mərkəzi küçələrdəki lüks restoranların yanından keçdikdə və həmin restoranların qonaqlarının, əsasən, yerlilərdən ibarət olduğunu gördükdə norveçlilərin donuq simalarının sadəcə onların iqlimi ilə əlaqədar olduğunu anlayırsınız.
Burada yaşamağın çətinliyini göstərən yeganə amil şəhərdə sıxlıqla rastlaşdığım dilənçilər oldu. İndi sizdə sual yarana bilər ki, həyat səviyyəsinin yüksək olduğu bir ölkədə dilənçi niyə olsun? Düşünürəm ki, bu elə problemsizlikdən əziyyət çəkən insanların düşdükləri depressiv əhvalla bağlıdır. Belə ki, bu halətə bürünən şəxslər bir müddət sonra yüksək həyat səviyyəsini gətirən yüksək standartlara uyğun gəlmirlər, nəticədə işsizliklə üzləşirlər və bahalı həyatla ayaqlaşa bilmədikləri üçün dilənçiliklə məşğul olmağa başlayırlar. Yaxud da, ola bilər ki, dilənçiliklə məşğul olanlar buraya köçən və tələblərə cavab verməyən miqrantlardır. Ancaq bu cür həyat tərzi, yəqin ki, Norveçdə heç bir faizi belə təşkil etmir. Çünki Norveç həm də gəncliyə pulsuz təhsil imkanı tanıyan ölkələrdən biridir. Belə ki, burada orta təhsillə yanaşı, dövlət universitetlərinin əksəriyyətində ali təhsil də ödənişsizdir, hətta bu güzəşt təkcə yerlilər yox, xarici tələbələr üçün də keçərlidir.
Belə fürsətlərlə dolu ölkənin paytaxtının vizual görüntüsünə gəldikdə isə bildirməliyəm ki, burada göz oxşayan tarixi tikililər Danimarka ilə müqayisədə olduqca azdır. Şəhərdə ilk gün gəzintimə elə azsaylı tikililər arasında yer alan və “Stortinget” kimi tanınan Parlament binasını ziyarətlə başladım. Oslonun əsas küçəsi olan “Karl Johans gate”in şərq tərəfində yerləşən bu bina 1860-1866-cı illər arasında eklektik üslubda inşa edilib. Yəni neoklassik, barokko, İntibah kimi bir neçə üslubu özündə birləşdirir. Xarici görünüşünə görə şəhərin ən diqqətçəkən binası olan “Stortinget” bu gün qanunvericilik funksiyası ilə yanaşı, Norveç demokratiyasının və siyasi müstəqilliyinin simvolu hesab olunur. Bu məkan həftənin müəyyən günlərində ziyarətə açıqdır. Buranı həm təkbaşınıza, həm də Norveç parlamentinin tarixi və fəaliyyəti haqqında məlumat verən bələdçili turlarla ziyarət edə bilərsiniz. Bina ilə bağlı maraqlı detal isə burada parlament üzvləri və ictimaiyyət üçün resurs mərkəzi kimi xidmət edən kitabxananın yerləşməsidir. Sözügedən kitabxanada Norveç hüququ, siyasəti və tarixi ilə bağlı geniş kitablar, nəşrlər və sənədlər toplusu saxlanmaqdadır. Binanın ən sevdiyim xüsusiyyəti isə Kral Sarayı, Oslo Katedralı və Milli Teatr kimi şəhərin digər mühüm görməli yerlərinin yaxınlığında yerləşməsidir. Məhz bu əlverişli mövqeyinə görə buradan sonra ikinci baş çəkdiyim məkan “Karl Johans gate” küçəsinin sonunda ucaldılmış Kral Sarayı oldu.
Bildirim ki, 1824-1849-cu illər arasında Norveç və İsveç Kralı III Çarlz Conun Norveç iqamətgahı kimi tikilən saray “Bellevue” adlı təpədə yerləşir və məşhur istirahət yeri olan Saray Parkı ilə əhatə olunur. Neoklassik memarlıq üslubunda dizayn edilmiş saray hazırda Norveç Kralı V Haraldın rəsmi iqamətgahıdır. Burada kral ailəsi üçün şəxsi otaqlar və ofislər daxil olmaqla, ümumilikdə 173 otaq var. Ancaq bununla belə, vəliəhd şahzadə ailəsi ilə birlikdə Oslodan kənarda, Askerdəki “Skaugum” malikanəsində, daha dəqiq desəm, kral V Haraldın doğulduğu mənzildə yaşayır. Kral Sarayı isə daha çox dövlət səfərləri, diplomatik qəbullar və digər mühüm tədbirlər üçün istifadə edilir. Buranın mühafizəsi isə Norveç Kral Qvardiyası tərəfindən həyata keçirilir. Hər gün saat 13:30-da saray mühafizəçilərinin dəyişdirilməsi mərasimi baş tutur ki, eynisi Kopenhagendə də keçirilən bu mərasim ictimaiyyətə tam açıqdır. Hər kəs istər Kral Sarayının qarşısında, istərsə də ona uzanan yol boyunca dayanıb mərasimə tamaşa edə bilər. Malikanəyə yay aylarında müəyyən saatlar daxilində turlar təşkil edilir ki, arzusunda olanlar bu fürsətdən faydalana bilər. Mənim ziyarət vaxtım həmin turlarla üst-üstə düşmədiyi üçün məkanın daxili, dekorativ elementləri və dizaynı haqqında detallı məlumat verə bilməyəcəm. Yaxşı olar ki, Sarayın interyeri ilə tanış olmaq istəyənlər Osloya səfər etməzdən əvvəl turların hansı günlərdə və saatlarda xidmət göstərdiyini yoxlayıb şəhərə həmin vaxt səfər etsinlər.
Buna əhəmiyyət verməyənlər isə mənim kimi saraya gözəllik qatan parkda bir az dincəldikdən sonra Oslonun əsas kilsəsi olan Oslo kafedralına üz tuta bilərlər. O kafedral ki, ilkin versiyası XII əsrdə inşa edilib və Oslonun ən qədim binalarından biri olub. Lakin çoxsaylı yanğınlar səbəbilə yararsız vəziyyətə düşüb və XVII əsrdə yenidən inşa edilib, yenidənqurma prosesi isə 1697-ci ildə başa çatıb. Hazırkı bina həmin dövrün təcəssümü olsa da, müxtəlif dövrlərdə kilsədə bərpa işləri həyata keçirilib və sonuncu bərpa prosesi 2006-2010-cu illər arasında baş tutub. Osloda ictimai tikililərin xarici görüntüsünü çox bəyənməsəm də, bu kafedralın, İtaliya istisna olmaqla, gəzdiyim bütün ölkələrdə baş çəkdiyim kilsələr arasında ən gözəl interyerə sahib olduğunu əminliklə söyləyə bilərəm. Roman, qotik və barokko memarlıq üslublarını özündə birləşdirən və xarici görüntüsü çox sadə olan bu kilsənin daxili mürəkkəb bəzəkləri, gümüş heykəli, gözəl vitraj pəncərələri və heyrətamiz mehrabı ilə yaddaşlarda dərin iz qoyur. Burada dini rəsmlər və artefaktlar daxil olmaqla, mühüm sənət əsərləri nümayiş olunur. Elə bu qüsursuz gözəlliyinə görə Oslo kafedralı təkcə ibadət yeri kimi yox, həm də milli tədbirlərin, tacqoyma mərasimlərinin, dövlət əhəmiyyətli toy və dəfnlərin təşkil edildiyi məkan kimi xidmət göstərir. Əgər bir gün yenidən Osloya getsəm və sadəcə iki məkana baş çəkmək imkanım olsa, üz tutacağım yerlərdən biri, mütləq ki, bu kafedral olar.
Burada gözəllikləri seyr edib doyduqdan sonra isə kilsənin qarşısı ilə aşağı düşərək Oslonun meriya binasını görə bilərsiniz. Şəhər şurası, şəhər administrasiyası və digər müxtəlif bələdiyyə təşkilatlarının yerləşdiyi bu binanın ümumi görüntüsü mənə çox quru təsir bağışlasa da, qırmızı kərpicdən tikilmiş fərqli fasadı ilə paytaxtda müəyyən dərəcədə diqqətçəkən bir tikilidir. 1931-1950-ci illər arasında inşa edilmiş binanın şərq və qərb olmaqla iki qülləsi mövcuddur və 66 metr hündürlüyə malik şərq qülləsi şəhərin panoramik mənzərəsini təqdim edir. İctimayyət üçün açıq olan bu tikilinin daxilini turlara qatılmadan da gəzməyiniz mümkündür. Fikrimcə, xaricdən kobud təsir bağışlayan meriya binasının daxili olduqca bəyənəcəksiniz, çünki dizaynı kifayət qədər uğurludur. Buranın ən məşhur detalı isə əsas zalı bəzəyən böyük divardır ki, həmin divarda norveçli rəssam Henrik Sorensenin hazırladığı, Norveç tarixindən, mədəniyyətindən, folklorundan və sənayesindən səhnələrin əks olunduğu divar rəsmlərinə yer verilib. Bu zalın digər mühüm xüsusiyyəti isə 2019-cu ilədək hər il Nobel Sülh Mükafatı mərasiminin burada keçirilməsidir. Binanın banket, festival zalı kimi digər zalları da var ki, həmin hissələr rəsmi qəbullar, sərgilər və digər mədəni tədbirlər üçün istifadə olunur. Bütün bu otaqlarda isə çoxsaylı rəsmlər və heykəllər nümayiş olunur və bu sənət əsərlərinin hər biri müxtəlif mövzuları, o cümlədən mənzərələri, portretləri və abstrakt kompozisiyaları təsvir edir. Düşünürəm ki, Oslonun mərkəzində ictimaiyyətə açıq olan və tarixi əhəmiyyət daşıyan əsas binalar elə sadaladıqlarımdır. Digər görməli məkanlar isə əsasən, muzeylərdən ibarətdir ki, onlardan ayrıca bəhs olunacaq.