Nəqşi-Cahandır... - FOTOREPORTAJ

Nəqşi-Cahandır... - FOTOREPORTAJ "Report"un əməkdaşları Naxçıvan şəhərində olub
Multimedia
9 Mart , 2018 14:55
Nəqşi-Cahandır... - FOTOREPORTAJ
Report/ Firi Salim

Bakı-Naxçıvan-Bakı. 9 mart. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının inzibati mərkəzi olan müasir Naxçıvan şəhəri qədim, antik və orta əsr şəhər yerinin xarabalıqları üzərində yerləşib. Bəzi mənbələr şəhərin əsasının e.ə. 1539-cu ildə, bəzi mənbələr isə e.ə. 1500-cü ildə qoyulduğunu qeyd edir. "Report"un əməkdaşları özündə qədimliklə müasirliyi birləşdirən Naxçıvan şəhərində olub, inzibati mərkəzdən reportaj hazırlayıb.

Naxçıvanda kostyumlu taksi sürücüləri

Naxçıvana səfər edənlərdən bəzi sözlər eşitmişdik. Bunlardan ən çox yadımızda qalan “hava limanından çıxanda kostyumda taksi sürücülərini görəcəksiniz” və “şəhərdə nəinki əl-ələ, yan-yana gəzən cütlük görməyəcəksiniz” olmuşdu. Ancaq hava limanından çıxar-çıxmaz eşitdiklərimiz yalan olmağa başladı. Belə ki, taksi sürücüləri vahid formada, bütün taksilər eyni rəngdə idi. Hava limanından şəhərə qədər gedişhaqqı standart olaraq 6 manatdır.

Yeri gəlmişkən, şəhərin küçələri həddindən ziyadə təmiz idi.

Möminə Xatun türbəsi

Bazarın aşağısında yerləşən gölün mənzərəsini seyr etdikdən sonra pilləkənlərlə qalxırıq Möminə Xatun türbəsinə doğru. Türbə Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən biri sayılır. Abidə Naxçıvan şəhərinin tarixi mərkəzində Atabəylər Memarlıq Kompleksinin tərkibində yerləşir. Möminə Xatun türbəsi həmin kompleksdən dövrümüzə çatmış yeganə abidədir. Abidənin içərisində və parkda dincələn cütlükləri gördükdə “şəhərdə nəinki əl-ələ, yan-yana gəzən cütlük görməyəcəksiniz” söyləntilərinin də yalan olduğunu anladıq.

Naxçıvan qalası

VII əsrə aid olan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi XVII əsrin ortalarınadək müdafiə istehkamı kimi mövcud olan müharibələr nəticəsində dağıntılara məruz qalmışdı. 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanıb, tarixi ərazidə yenidənqurma işləri aparılıb, qalanın əvvəlki görkəmi özünə qaytarılıb. Qalanın içərisində kiçik kafe və təndir fəaliyyət göstərir.

Hüseyn Cavid məqbərəsi

Qaladan şəhərin mənzərəsini izlədikdən sonra qərara gəldik ki, Hüseyn Cavid məqbərəsini ziyarət edək. Qaladan məqbərəyə piyada, təxminən, 20 dəqiqəlik yoldur. Kompleks Azərbaycanın ümummilli lideri Heydər Əliyevin şəxsi təşəbbüsü ilə tikilib. Hüseyn Cavidin həyat yoldaşı Mişkinaz xanımın və oğlu Ərtoğrulun qəbirləri də məqbərənin sərdabəsindədir. Hər iki məzar 1996-cı ildə sərdabə inşa edilərkən buraya köçürülüb. Naxçıvan-Marağa memarlıq üslubu təsirinin aydın hiss edildiyi məqbərə üst və aşağı sərdabə hissələrindən ibarətdir. Məqbərənin daxilində Hüseyn Cavidin büstü yerləşir. 

Müxbir: Ruhanə Mirzəyeva

Son xəbərlər

Orphus sistemi