Bakı. 7 fevral. REPORT.AZ/ Müasir İncəsənət Muzeyi 2009-cu il Azərbaycanın birinci xanımı
Muzeyin qaydaları
Muzeyin qarşısındakı qeyri-adi heykəllərdən anlamaq olur ki, artıq çatmışıq. İçəri daxil olduğunuz zaman ilk olaraq mühafizənin yoxlanışından keçmək lazımdır. Girişdə bizi muzeyin bələdçisi qarşılayır. Muzeyin girişində qarderob yerləşir. Ziyarətçilər bütün əşyalarını qarderoba verməlidir.
Muzeydə çəkiliş apararkən xəbərdarlıq edildi ki, burada əlavə işiqdan istifadə etmək olmaz. Muzeydə eksponatlara toxunmaq qəti qadağandır. Bununla yanaşı, ekspozisiyaya baxış zamanı sakit və astadan danışmaq lazımdır. Gördüklərinizi yavaş səslə müzakirə etməlisiniz. Heç bir halda mübahisə etmək olmaz. Bu, digər ziyarətçilərin narahatlığına səbəb ola bilər. Tablolara digər ziyarətçilərin görmələrinə mane olacaq dərəcədə yaxınlaşmaq olmaz. Bir çox əsərləri isə (məsələn, impressionistlərin işlərini, böyük ölçülü rəsmləri) uzaqdan seyr etmək daha məqsədəuyğun hesab olunur.
Eyni zamanda muzeyin ziyarət qaydaları arasında muzeyi səs-küylü dəstə ilə və ya içkili vəziyyətdə ziyarət etməyin məqsədəuyğun olmadığı əks olunub. Belə hal muzey eksponatlarının düzgün qavranılmasına maneə olur.
Muzeyin kompozisiyası
Muzey özündə memarlıq və dizayn, rəssamlıq və heykəltəraşlığı birləşdirən vahid orqanizm kimi nəzərdə tutulub. Muzeyin konsepsiyası, memarlığı və dizaynı, instalyasiyası, kolleksiya və əkspozisiya çeşidinin müəllifi rəssam Altay Sadıxzadədir. Muzeydə qapalı formalar yoxdur. İki mərtəbə vahid açıq məkanda yerləşir və “Unudulmuş pilləkan” obyekti ilə birləşir. Birləşdirici amillərdən biri də rəngdir. Muzey ağ rəngdədir. Sərbəst memarlığı, tirlərin və metal konstruksiyaların düşünülmüş “hərəkəti”, rəsm əsərləri və heykəllərdən ibarət ekspozisiya da daxil olmaqla, bütövlükdə muzey avanqard incəsənətinin nümunəsidir.
İnsan ruhunun azadlığını təmsil edən əsərlər
Adətən, insan ruhunu oxşayan rəsmlər, mükəmməl heykəltəraşlıq nümunələri gördüyümüz muzeylərdən fərqli olaraq, buradakı əsərləri, sənətçinin nə demək istəyini anlamaq üçün daha çox düşünməli olursunuz.
İncəsənətin ümumbəşəriliyin təcəssümü kimi muzeydə başqa ölkələrin müasir sənətkarlarının rəsm və heykəltəaraşlıq əsərləri də təmsil olunub. Eyni zamanda qərb avanqardının nümayəndələri Pablo Pikasso, Mark Şaqal, Salvador Dalinin əsərləri ayrıca zalda nümayiş etdirilir.
"Naməlum" təbəqənin ekspozisiyası
Qərb sənətkarları ilə yanaşı, müasir dövrün son 70 ilinin Azərbaycan rəssam və heykəltəraşlarının mindən yuxarı incəsənət əsəri təqdim olunur. Bələdçimiz məlumat verdi ki, burada həmçinin Səttar Bəhlulzadə, Tahir Salahov, Mikayıl Abdullayev, Hüseyn Əliyev, Tağı Tağıyev, Nadir Əbdürrəhmanov, Elmira Şaxtaxtinskaya, Nadir Qasımov, Oktay Sadıx-zadə, Tokay Məmmədov, Toğrul Nərimanbəyov, Ömər Eldarov kimi fiqurativ incəsənətin klassiklərinin kolleksiyaları da təqdim olunub. Ekspozisiyaların bir hissəsi sovetlər dövründə formalaşan və milli rəssamlıq sənətinin tamamilə başqa bir cərəyanına aid olan "naməlum" təbəqəni özündə əks etdirir. Bu, Əşrəf Muradın, Kamal Əhmədin, Mircavad Cavadın, Rasim Babayevin muzey tərəfindən qorunub saxlanılan unikal əsərləridir.
Bütün dünyanın avanqardçı rəssamları kimi, Azərbaycan rəssamları da dünya incəsənəti irsini yenidən dərk edərək, onu öz baxışlarından keçirir, günümüzün ritmləri və durumuna nüfuz edir. Muzeyin daimi ekspozisiyasında məhz bu cür təsviri incəsənət nümunələri nümayiş edilir və onlar Rasim Babayev, Mir Nadir Zeynalov, Ağa Üseynov, Əşrəf Murad, Gennadi Brejatyuk, Əli İbadullayev, Məmməd Mustafayev, Fazil Nəcəfov, Fuad Salayev, Fərhad Xəlilov, Darvin Vəlibəyov, Eldar Məmmədov, Mikayıl Əbdürrəhmanov, Müseib Əmirov, Mahmud Rüstəmov, Hüseyn Haqverdiyev, Eliyar Əlimirzəyev, Rəşad Babayev, Altay Sadıx-zadə və bir çox başqa rəssamlarla təmsil olunurlar.
Müxbir: Ruhanə Mirzəyeva