Mərakeşin "Qırmızı şəhəri" - FOTOREPORTAJ

Mərakeşin "Qırmızı şəhəri" - FOTOREPORTAJ Mərrakeşin qədim tarixinə paytaxtın heç bir qonağı biganə qala bilməz
Multimedia
11 İyul , 2017 14:01
Mərakeşin Qırmızı şəhəri - FOTOREPORTAJ
Report.az

Mərrakeş. 11 iyul. REPORT.AZ/ Mərakeş dövlətinin adını götürüldüyü Mərrakeş şəhəri ölkənin düz mərkəzində, Atlas dağlarının yaxınlığındakı mənzərəli vadidə yerləşir. Bu şəhər ölkənin tarixi, mədəni və mənəvi paytaxtıdır, əsl dinclik gətirən və Mərakeş xalqının ruhuna uyğun şəhərdir.

"Qırmızı şəhər" adlanan Mərrakeşə heç bir qonaq biganə qala bilməz. Şəhərin belə adlandırılmasının səbəbi isə orada istisnasız olaraq bütün tikililərin vaxtilə qırmızı daşdan, kərpicdən, indi isə eyni rəngli boyalardan istifadə edilərək tikilməsidir.

Camaa əl-Fna

Şəhərin əsas meydanı Camaa əl-Fna adlanır. 2001-ci ildə YUNESKO-nun Dünya İrs siyahısına daxil edilən meydan oranı ziyarət edən hər kəsi valeh edir. Elə təəssürat yaranır ki, sanki bir neçə əsr əvvələ köçmüsən, özünü "Min bir gecə" nağılındakı kimi hiss edirsən. Saysız-hesabsız mağazalar, rəngarəng geyimlərdə su satan bərbərlər, Mərakeş yeməklərinin və ədviyyatlarının iyi, köhnə şəhər dolaşıq küçələri - bütün bunlar şərq şəhəri üçün əsl etalondur.

Kütübiyyə camisi

Təbii, Mərakeşin heç bir şəhərini öz böyük məscidi olmadan təsəvvür eləmək mümkün deyil. Mərrekeşdə belə məscid Kütübiyyə camisidir (mənası kitab taxirlərinin məscidi deməkdir - red). O, Camaa əl-Fna meydanının yaxınlığında yerləşir və 69 metrlik minarəsi ilə məşhurdur. Məscidin adı ya onun içərisindəki ktabxana, ya da vaxtilə tabaqları məscid həyətində düzülən kitab tacirləri ilə bağlıdır. Minarənin ən üst hissəsində misdən hazırlanmış dörd kürəni özündə birləşdirən taxma var. Məscidin daxilində müəzzinin atla yuxarı çıxıb azan oxuması üçün geniş pilləkən quraşdırılıb.

Bağlarla əhatə olunan şəhər

Şəhərə səfər edən insan əvvəlcə belə olduqca quraq bölgədə çoxlu sayda bağların olmasına çətin inana. Amma şəhərin Atlas dağlarının yaxınlığında yerləşməsi ora çox miqdarda yağış düşməsinə səbəb olur və beləcə bağlara qulluq eləmək asanlaşır.

Onlardan ən məşhuru Menara bağlarıdır. Bağlar 1130-cu ildə Əbd əl-Muminin dövründə salınıb. Menara bağları təxminən 100 hektarlıq sahəni tutur. Bağda zeytun, palma və meyvə ağacları var. Parkın girişində hovuz, onun arxasında isə piramida formalı dam örtüyü ilə XVI əsrin pavilyonu yerləşir.

Mərrekeşdə Menara bağlarından savayı, indiki və keçmiş monarxların, eləcə də onların arvadlarının şərəfinə adlandırılan daha bir neçə böyük bağ var. Bağların bu qədər çox olması şəhərə əlavə şarm verir.

"Hollivud" filmlərinin çəkiliş yeri

Mərrakeş Mərakeşin kinematoqrafiya mərkəzidir. Burada müntəzəm olaraq film festivalları keçirilir. Mərrakeşdən təxminən 190 km məsafədə yerləşən Uarzazat şəhərində isə "Qladiator", "Mumiya", "İsa məsihin son nəfsi", "Taxtların oyunu" və s. kimi filmlərin səhnələri çəkilib.

Mərrakeş mədəni əhəmiyyəti ilə yanaşı, Mərakeş kralı VI Məhəmmədin sayəsində dünyada siyasi önəm də qazanıb. Burada İslam Əməkdaşlıq Təşkilatının, bir sıra regional təşkilatların müxtəlif tədbirləri keçirilib. Amma onlardan ən vacibi 2016-cı baş tutan BMT-nin iqlim dəyişikliyi üzrə konfransı olub. Konfransda insanın ətraf mühitə təsiri haqqında ciddi məsələlər qaldırılıb, mühüm qərarlar qəbul olunub.

Beləliklə, Mərrakeş yaranmasından uzun müddət keçməsinə baxmayaraq, böyüklüyünü və əhəmiyyətini itirməyib, əksinə, onu bir qədər də artırıb. 

Son xəbərlər

Orphus sistemi