Yarımaskalı Bakı - VİDEOREPORTAJ

Yarımaskalı Bakı - VİDEOREPORTAJ Bu gündən Azərbaycanda xüsusi karantin rejimi dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimə tətbiq edilməsi qüvvəyə minib. Buna baxmayaraq, tənəffüs yollarını qoruyan fərdi vasitələrin taxılması məcburi olan yerlərdə hələ də tibbi maskadan istifadə etməyən vətəndaşlara rast gəlinir.
Multimedia
3 İyun , 2020 17:03
Yarımaskalı Bakı - VİDEOREPORTAJ
Report

Bu gündən Azərbaycanda xüsusi karantin rejimi dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimə tətbiq edilməsi qüvvəyə minib. Buna baxmayaraq, tənəffüs yollarını qoruyan fərdi vasitələrin taxılması məcburi olan yerlərdə hələ də tibbi maskadan istifadə etməyən vətəndaşlara rast gəlinir. 

"Report"un çəkiliş qrupu paytaxt ərazisində maska taxılması məcburi olan bəzi yerlərdə sorğu aparıb.

Sorğu zamanı avtobus dayanacaqlarında, bankların, bankomat və ödəniş terminallarının qarşısında növbələrdə dayanan sakinlər arasında tibbi maska taxanlarla yanaşı taxmayanlar da müşahidə olunub.

Həmçinin marşrut avtobuslarında sərnişinlər arasında da tibbi maskadan istifadə etməyənləri görmək mümkündür. Bəzi sərnişinlər tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməməklərinə səbəb kimi apteklərdə tibbi maska qıtlığını əsas gətirsələr də, digərləri tibbi maskaların baha qiymətə satıldığını bildirir. Sürücülər isə avtobusa daxil olan bütün sərnişinlərə tibbi maskadan istifadə etməyi tövsiyə edir, əks halda cərimənələcəkləri barədə onlara xəbərdarlıq edirlər.

Yeri gəlmişkən, Baş Dövlət Yol Polisi İdarəsi (DYP) sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, habelə ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərə müraciət edib. Müraciətdə sürücü və sərnişinlərə maskadan istifadənin məcburi olduğu bildirilib.

Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimin dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadənin məcburi olduğu yerlər müəyyənləşib. Həmin yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə mütləqdir.

Bu tələblərə əməl edilməməsi İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əlavə olunmuş yeni 211.2-ci və 211.3-cü bəndləri ilə məsuliyyətə səbəb olur.

Belə ki, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Bundan başqa, həmin xətanın karantin dövründə təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.

Video: Vüqar Xanlarov

Son xəbərlər

Orphus sistemi