Lvov: qeyri-adi kafe və şokolad şəhəri - FOTOREPORTAJ

Lvov: qeyri-adi kafe və şokolad şəhəri - FOTOREPORTAJ Şəhərin tarixi mərkəzi YUNESKO-nun Dünya İrsi siyahısına daxil edilib
Multimedia
14 İyul , 2017 17:38
Lvov: qeyri-adi kafe və şokolad şəhəri - FOTOREPORTAJ
Report.az

Bakı. 14 iyul. REPORT.AZ/ Lvovu bəlkə də Ukraynanın ən çox Avropalaşmış şəhəri adlandırmaq olar.

Qalitsiyanın tarixi paytaxtı olan Lvov 1944-cü ildə SSRİ-nin tərkibinə əlavə edilənə qədər uzun müddət polşalıların təsiri və nəzarəti altında olub. Buna baxmayaraq, Polşanın təsiri heç yerə getməyib. İndi şəhərdə polyakların sayı elə də çox olmasa da, Lvov tarixini görünüşünü itirməməyə çalışır.

Memarlıq

YUNESKO-nun Dünya İrsi siyahısına daxil edilən şəhərin tarixi mərkəzi üslub və planlaşdırma baxımından köhnə dünyanın şəhərinə çox oxşardır. Şəhərin ən görməli yeri 1000 nəfərdən çox tutumu olan Lvov Opera Teatrıdır. Teatr, eləcə də onun qarşısındakı Ukraynanın ən məşhur və görkəmli şəxsiyyətlərinin çoxsaylı abidələrinin olduğu meydan şəhərin ən çox sevilən və şəkil çəkdirilən yeridir. Avstriya-Macarıstan imperiyasının dövründə inşa edilən əzəmətli teatr bu gün həm də 20 Ukrayna qrivnası nominallı əskinasın üzərində təsvir olunub.

Lvovun başqa bir əhəmiyyətli binası Müqəddəs Yura kilsəsidir. Bura Ukrayna Yunan-Katolik kilsəsinin (UYKK) əsas türbəsidir. Onun ərazisində uzun müddət UYKK-nin mitropolitlərinin iqamətgahı yerləşib. XIII əsrin sonlarında, demək olar, şəhərin salındığı vaxtda tikilmiş kilsə hələ də öz gözəlliyi ilə qonaqları valeh edir.

Muzey vurğunları üçün isə Lvov əsl rahatlıq məkanıdır. Çünki burada müxtəlif mövzularda çoxsaylı muzeylər var. Özü də muzeylər heç də az gözəl və əzəmətli olmayan binalarda yerləşir.

Restoranlar və kafelər

Lvov turistlərə həm də burada çoxlu mif və hekayələrin olması ilə xoş gələcək. Fərasətli və təşəbbüskar insanlar turistləri cəlb etməklə bundan fayda əldə edirlər. Məsələn, hekayələrdən birində deyilir ki, bir vaxtlar şəhərdə şaxta qazan zaman qəhvə dəfinəsinə rast gəliblər və bu yerdə şəhərin ən yaxşı qəhvəxanalarından biri inşa edilib.

Burada həm də çox dadlı şokolad hazırlayır və qəhvə bişirirlər. Lvovun tanınmış şokolad mağazası müxtəlif mövzularda, hətta 18+ kateqoriyasında müxtəlif formalı və görünüşlü şokoladlar hazırlayır. Siz hətta master-klassda iştirak edə və sonra hazırladığınız şokoladı yeyə bilərsiniz.

Şokoladı sevməyənlər bacarıqlarını pryanikin bəzədilməsi və ya Ukrayna yeməklərinin hazırlanmasında sınaya bilərlər. Başqa sözlə, Lvovun restoran və kafeləri müştərilərinə özlərinə yemək bişirmək imkanı təklif edir.

Üstəlik, pulsuz nahar edə biləcəyiniz restorana gedə bilərsiniz. Bunun öz şərtləri var. Belə ki, restorana daxil olan kimi "Yaşasın Ukrayna" deməli, 100 qram medovuxa içməli və ofisiantın arzusunu yerinə yetirməlisiniz. Bu arzu ən qeyri-adi formada - restoranın təmizlənməsindən tutmuş heç tanımadığınız bir qonağı öpməyə qədər ola bilər.

Turizm mərkəzi

Lvov Qərbi Ukraynanın tarixi mərkəzi olmaqla yanaşı, həm də ölkənin ən əhəmiyyətli turizm mərkəzlərindən biridir. Burada bütün MDB-də məşhur olan Truskavets istirahət zonasınsa sağlamlığınızı yaxşılaşdıra, haykinq, qayayadırmanma və digər ekstremal idman növləri ilə məşğul ola bilərsiniz. Lvovu tərk etmək istəməyənlər üçün isə şəhərdə çox gözəl və böyük parklar, məsələn, İvana Franko parkı, Striyski parkı, Boqdan Xmelnitski adına mədəniyyət və istirahət parkı, eləcə də dağların zirvələrinə doğru uzanan meşə cığırları var. Zirvələrdən də Lvovun gözəl mənzərəsi açılır.

Son xəbərlər

Orphus sistemi