Lənkəranın mikrorayon sakinləri yollardan narazıdırlar.
"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, Lənkəranın mikrorayon ərazisində sakinlər yolların vəziyyətindən şikayətlənirlər. Yollarda bir neçə ildir ki, dərin çalalar yaranıb. Yağıntılı havalarda çalalar su ilə dolduğundan məktəbə gedən uşaqlar üçün çətinliklər yaranır. Yay aylarında da toz-torpaq ətrafı bürüyür. Sürücülər zərurət yaranmadıqca bu yoldan istifadə etməməyə çalışırlar. Çünki, dərin çalalara düşən avtomobillərin ehtiyat hissələri tez sıradan çıxır. Sakinlər vəziyyətdən çıxış yolunu çalalara daş-kəsək doldurmaqda görürlər. Çəkiliş zamanı yolboyu biz də bu mənzərənin şahidi olduq.
Mikrorayon sakinləri bildirirlər ki, bir neçə il əvvəl Lənkəranın dalan məhəllərinə də asfalt döşənmişd. Lakin sonra yeni asfaltlanan küçələr kommunikasiya xətləri çəkilməsi səbəbi ilə yenidən qazılaraq asfalt örtüyü dağıdıldı. İş icraçıları söz versələr də dağıdılan yolları bərpa etmədilər, yerinə qum-çınqıl tökməklə kifayətləndilər.
Qeyd edək ki, ötən əsrin 70-ci illərindən etibarən salınan mikrorayonlarda Lənkəran şəhər əhalisininin az qala yarısı yaşayır. Son illərdə ölkədə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar ayrılan vəsait hesabına bir sıra çoxmərtəbəli binalar əsaslı təmir olunub. Bir çoxlarının fasad hissələri və dam örtükləri yenilənib. Sakinlər tezliklə yolların da təmir olunacağına ümidlidirlər.