Bakı. 27 avqust. REPORT.AZ/ Kinoloq Etibar Orucovun “Report”a müsahibəsi
- Sizin əsas işiniz itləri təlim etməkdir. Prosesə tez uyğunlaşan və ya çətinliklə alışan itlər hansılardır?
- Biz bütün cins itlərin təlimi ilə məşğul oluruq. Əgər alacağınız it ilk itinizdirsə, o zaman alman çoban iti məsləhətdir. Bu it insanlara tez öyrəşən, təhlükəsiz itdi.
Sibir haskisi deyilən it cinsi var. Görünüşləri çox gözəldir. Son vaxtlar dəbdə olan bir cinsdir. Təlimə də gətirirlər. Bu cins itlər bəzən əmrə tam tabe olmur, azadlığı xoşlayırlar. Haski hürməkdən çox ulamağı, qazmağı sevir. Ona görə həmişə deyirəm, it almamışdan öncə hansısa kinoloqldan məsləhət alınmalıdır. Evdə uşaq varsa, sahibin ilk itidirsə, saxlama şəraiti, itin evdə tək qalmağı və sair məsələlər nəzərə alınmalıdır. Çox zaman məndən rotveyler istəyirlər. Təbii əla itdir, amma bir o qədər də sərtdir. İti alarkən mütəmadi olaraq onunla məşğul olmaq lazımdır, çünki o, gələcəkdə hətta sahibinə də hücum edə bilər. Hər bir it təlim keçməlidir. Səbəb isə itin sahibinə tabe olmasıdır. Təlim keçməyib ərköyün böyüyən it gec-tez sahibinə təhlükə yaradacaq. 3 yaşından sonra özünü müdafiə və xarakterini göstərmək üçün sahibini dişləyə də bilər. Bu bütün cinslərə aiddir.
-Bəzən iti qəfəsdə saxlayırlar. Bu doğrudurmu?
- Qəfəsdə it saxlamaqla “mənim itim var” demək düzgün deyil. O it sadəcə yaşayır. Bəzən iti alıb aylarla bağda tək qoyurlar. Bu düzgün deyil. Biz təlim keçəndə it sözümüzə qulaq asır, amma sahibinə təhvil verdikdən sonra ona tabe olmur. Çünki onunla 6 ay gecə-gündüz məşğul oluram, it bütün günü məni görür. Sahibi səhər işə gedəndə iti qəfəsə qoyur, axşam işdən gələndə yorğunam deyib iti ilə ünsiyyət qurmur. Pul verib almaqla itə sahib olmaq olmur. İti hər gün gəzdirmək, çimizdirmək, onunla oynamaq lazımdır. Bəzən də elə sahib olur, iti var, amma ondan iyrənir. Bu cür insanı başa düşə bilmirəm. Nə məcburdur iyrənə-iyrənə it alıb saxlamaq? Heyvana qarşı münasibət pulla ölçülməməlidir. Bir az mülayim davranmaq lazımdır. Uzaq məsafədən it saxlamaq olmaz.
- Sahibinin itə yanaşması ilə təlimdəki yanaşmanın nə kimi fərqi var? Təlim və tərbiyə prosesinin özəlliklərindən danışardınız.
- İti 3 aylığında bütün peyvəndləri vurulduqdan sonra insan arasına çıxartmaq olar. İlk itinizdirsə, haradansa bildiyiniz, eşitdiyiniz şəkildə davranmayın. İnternetdə yazılan hər bir məlumat doğru deyil. Sahibi itini gəzdirə-gəzdirə tərbiyə verməlidir. Təlim başqadır, tərbiyə başqa. Təlimlə biz – kinoloqlar, tərbiyə ilə isə itin sahibi məşğul olur. 3 aylıq it heç vaxt komandaya tabe ola bilməz. Olarsa da, o şərti refleksdir.
Bir çox hallarda tərbiyəni də veririk, təlimi də keçiririk. 7 ayına qədər sahibi iti çox ərköyün böyüdür. Bizə gələndə bəzən sahibi qəzəblənir ki, bizim itimizlə kobud rəftar edirsən. İzah edə bilmirik ki, it insandan fərqli olaraq vəhşi canlıdır. Dişi insanın dişindən 10 qat möhkəmdir. Çiy ət yeyən heyvandır. Heç kim sizə zəmanət verə bilməz ki, bu it sabah sizə hücum etməyəcək. Əgər həm tərbiyə, həm də təlimlə məşğul olsam, o zaman it mənim olacaq. O, əmrlərimə tabe olacaq, məni hiss edəcək, çünki onunla zaman keçirmişəm, mənə öyrəşib. Tərbiyə prosesində də mütləq mütəxəssislə məsləhətləşmək lazımdır. Ən xırda bir detal haqqında məlumat verilməlidir. Əgər it mırıldayırsa, hürürsə, bu zaman hansı halda belə etdiyinə diqqət yetirmək lazımdır. Yeməyi önündə olan zaman və yeməyini götürəndə mırıldayırsa, bu artıq təhlükəli haldır.
- İtlərə neçə aylığından təlim keçmək olar?
- 7 ayından sonra itlər təlim keçə bilərlər. Ona qədər sahibindən bəzi komandalar almalıdır. Komandalara adını çağırmaq, ona nəsə vermək, itlə gəzmək, təbii ehtiyacını necə ödəmək və sair daxildir. 7 aydan sonra kinoloq məşğul olur. Əgər vaxtınız yoxdursa, məşğul ola bilməyəcəksinizsə, o zaman it almayın.
İtlə daim gəzintidə olanda təlimdə öyrədilənlər təkrar olunmalıdır. Bəzən deyirlər, onun iti sahibini yaxşı dinləyir, əmrinə tabedir, amma mənim itim heç bir əmrə tabe olmur. Əlbəttə onun iti sahibini dinləyəcək, çünki sahibi mütəmadi olaraq itlə məşğul olur.
İtlə məşğul olmaq iki kurs halında olmalıdır. 3 ayından 6 aya qədər sahibi, 6 aydan 1 yaşa qədər isə təlimçi, kinoloq məşğul olur. Təlimdə isə ilk 3 ay ancaq tabe olma komandalarına qulaq asır, ondan sonra müdafiə tipli komandalar verilir. Qorunma mərhələsinin də öz vaxtı var. 7-ci ayında birdən birə qorunmağa başlanılan itin 9-cu ayında nə həddə gəlib çata biləcəyindən çoxu xəbərsizdir. 12 ayına qədər it küçük sayılır.
- Komandalara tabe olmasına, qavramasına görə cinslər fərqlənirlər?
- Bəli, itlər qavramasına görə fərqlənirlər. Əgər, küçüyün ata, anası təlim keçibsə, o zaman o da avtomatik olaraq, təlimi rahat qavrayacaq, “tərbiyəli it” adlanacaq. Amma bəzən də “tərbiyəsiz” adlandırdığımız itlər var ki, onlar heç bir təlim keçməyiblər, ancaq cütləşdiriliblər. Bəzən təlim görmüş itlə təlim görməyən iti cütləşdirirlər və nəticə özünü bala itdə hansısa xəstəliklə büruzə verir. İt seçərkən onun valideynlərinin sicilləməsinə diqqət etmək lazımdır. Bəzən itlərdə genetik xəstəlik olan displaziya xəstəliyi olur. Bu da 9 aydan sonra özünü göstərir. Bu xəstəlik arxa çanağın oynaqlarda oturmamsıdır. Əziyyət çəkib 9 ay saxlayırlar sonra it bu xəstəlik səbəbi ilə axsayır. İti almamışdan öncə məsləhətləşmək lazımdır.
Heç vaxt ucuz qiymətə aldanıb it almayın. 12 il siz bu iti saxlayacaqsınız. Ona görə də elə it seçmək lazımdır ki, sonradan sahibinə problem yaratmasın. Bəzən itlərin bahalığından şikayət edirlər. Amma bunu bilmirlər ki, baha satılan itin anası, atası testdən keçib. Displaziya xəstəliyi yoxdur, sicilləməsində bütün hər bir şey dəqiqliklə qeyd olunub. Daha ucuz itin isə sadəcə pasportu olur. O pasport hətta küçə itinə də verilə bilər.
- İtin sahibi təlim prosesində iştirak edə bilər?
- Bir aydan sonra it sahibi mütləq təlimdə iştirak etməlidir. İt söz başa düşmür. Mən onunla hansı tonda, intonasiyada danışdımsa, sahibi də o cür deməlidir. Təlimdə sözlərin vurğu ilə deyilməsi və jest mütləq lazımdır. Uca səslə əmr verə bilməyəndə, əl hərəkətləri ilə itə komanda vermək olur.
Təlim əsasən iki istiqamətdə olur: Şəhər və həyət təlimi. Şəhər təlimində iştirak edən itlər əsasən ev şəraitində saxlanılan itlərdir və ilk iş iti ağızlığa öyrətməkdir. Burada artıq itin istəyi nəzərə alınmır. 3 ayından artıq iti ağızlığa, işıqfora, piyada keçidlərində otuzdurmağı öyrətmək lazımdır. Velosipedlərin arasında gəzmək itləri qıcıqlandırır, bunu davamlı etmək, uşaqlarla daim ünsiyyətinə şərait yaratmaq lazımdır. Ev itinin mühafizə dərslərində hər kəsin üzərinə hücum etməmək öyrədilir. Normalda ev itlərinin tərbiyəsi bu cür olur.
Həyət üçün təlim alan itlərdə isə həyətə daxilən olan yad insanı tutmaq, qola keçirilən qolluğa deyil, oğrunun özünə hücum etməyi öyrədirik. Sahibi gəlməmiş it dayanmamalıdır. Sahibi gəlib itə komanda verəndən sonra sakitləşməlidir.
- Dişi itlə erkək itin təlimində fərq var?
- Bütün itlərə təlim keçirilməlidir. Dişilərdə problem əsasən adət dönəmində olur. Bu zaman biz təlimi saxlayırıq. Həmin 21-25 gün onların cütləşmə dövrüdür. Təlimə uyğunlaşmaq hər bir itin xüsusiyyətindən, xarakterindən asılı olur.
- Bizim mühitə, iqlimə uyğun it cinsi hansıdır?
- Bizim iqlimə uyğun it cinsi milli çoban iti, alman çoban iti, rotveyler. Doberman da yaxşıdır, amma soyuğa davamı yoxdur.
- Çox vaxt itlərə küçədə, gündəlik həyatda komandalar rus dilində verilir. Niyə məhz rus dili?
- Dilin fərqi yoxdur. Əsas vurğudur. Rus dili ona görə çox istifadə olunur ki, bu dildən istifadə edənlər çoxdur. Bəzən, türk, ərəb dilində də komanda vermişik. Komanda verəndə hansı dildə olması deyil, vurğunu necə qoyulması önəmlidir.
- İndi küçədə sahibsiz it çoxalıb. Bu itlərin sayının qaydada saxlamaq üçün nə edilməlidir?
- Küçə itlərinin çoxalması xəstəliklərin artmasına səbəbdir. Enterit deyilən xəstəlik var. Yayda daha çox olur. Enterit xəstəliyinə tutulmuş və peyvəndləri vurulmamış itlər 3 günə məhv olurlar. Xəstəlik zamanı bağırsaqda qan açılır. Təsəvvür edin ki, mən yolla getdiyim halda həmin xəstəliyə tutulmuş itin addımı dəyən yerdən keçsəm, artıq o xəstəliyi öz ayaqqabımla daşıyıram və istənilən halda xəstəliyə yoluxacağam.
Xarici ölkələrdə bələdiyyə, icra orqanları öz ərazilərindəki itlərə cavabdehdirlər və onları axtalayıb, qulaqlarına xüsusi nişan vurduqdan sonra yenidən küçəyə buraxırlar.Nişan ona görə vurulur ki, artıq insanlar bu itlərə rahat şəraitdə, hansısa xəstəlikdən ehtiyat etməyərək qulluq edə bilsinlər və əgər o itə nəsə olarsa, şəhərdə, bölgədə fəaliyyət göstərən həkim baytarlar onları pulsuz müayinə etsinlər. Beynəlxalq qayda belədir.
Bizdə isə əksinədir. İt sayı hər gün artır, qəzaya səbəb olur, onlar zibil qutularında özlərinə qida axtarır və oradakı infeksiyanı dişləri vasitəsilə başqa itlərə salıb küçələrdə gəzirlər. Bu gün bizdə küçə itlərinə baxan yoxdur. Şəxsi imkanlar daxilində deyil, dövlət səviyyəsində olan işdir.
- Uşaqlı ailələri hansı cinsdən olan itə sahib olmaları məsləhət deyil?
- Doberman, rotveyler, pitbul. Bunlar uşaqlar üçün təhlükəlidirlər. Bu itlər böyüklər üçündür, yəni kişi olan evdə saxlanılmalıdırlar.
- Bir gündə necə itə təlim keçirsiniz?
- Əgər mərkəzin özündə keçiriksə, hər yarım saatdan bir itlə təlim keçmək olar. Şəhərdə isə 7-8 itlə məşğul oluruq.
Bundan əlavə hər bir təlimçinin öz norması var. Hər gün ondan artıq itlə işləmək adamı yorur. İlk təlimdə çox zaman sərf olunur. Bir müddət keçdikdən sonra artıq it vəziyyətə alışır.
- Təlimin qiyməti itin cinsinə görə dəyişir?
- Təlimin qiyməti itin cinsinə görə deyil, standartdır.
Nigar Adil