Quba rayonunun Töhmər kəndində yaşayan keçmiş məhbus Murad Mövlud oğlu Ağayev həbsxanada öyrəndiyi sənətlə ailəsini dolandırır.
M.Ağayev "Report"un Şimal bürosuna bildirib ki, həyatında kiçik bir səhvə yol verib və həbs edilib:
"Həbsxanada özümü ələ almağa çalışırdım. Ailəm üçün, yaxınlarım üçün çox darıxırdım. Bilirdim ki, mənə verilən həbs müddətini burada yaşamalıyam, yeganə çıxış yolum fikirlərimi yayındırmaq və mənə verilən cəza müddəti ərzində həbsxanaya adaptasiya olmaqdır. Buna görə də mən cəzaçəkmə müəssisəsinin emalatxanasında taxta oyma sənətini öyrəndim. Azadlığa çıxandan sonra isə bu sənət mənim dadıma yetişdi. Ailəmi dolandırmaq üçün həbsxanada öyrəndiyim sənətlə məşğul olmağa başladım. Hazırladığım əşyaları həm satıram, həm də yaxınlarıma hədiyyə edirəm. Hazırda ailəmi dolandırmaq üçün yeganə gəlir mənbəyim bu sənətdir".
M.Ağayev bildirib ki, bu sənəti inkişaf etdirmək üçün bəzi problemlərlə qarşılaşır: "Mənim əsas problemim rayon mərkəzinə gedib-gəlmək üçün istifadə etdiyimiz yolun bərbad olmasıdır. Ümumiyyətlə, payız və qış aylarında rayon mərkəzinə gediş-gəliş mümkün olmur. Yolumuz asfalt olsaydı, kəndə daha çox turist gələrdi. Hazırladığım əşyaları aparıb rayon mərkəzində satıram. Yolumuzun bərbad olması səbəbindən bu əşyaları hazırlamaq üçün rayondan taxta və digər materialları gətirmək çox çətin olur. Lakin buna baxmayaraq, ailəmi dolandırmaq üçün bütün çətinliklərdən çıxmağı bacarıram".