Gəncə şəhərində Hüseyn Cavid küçəsi ilə Qəmbər Hüseynli küçəsinin kəsişməsində yerləşən bu ev itkin düşmüş bir qardaşın tapılması arzusu ilə inşa edilib.
Söhbət tanınmış memarlar İbrahim Cəfərovun 1966-1967-ci ildə inşa etdiyi "Butılka ev"dən gedir.
"Report"un Qərb mərkəzinin könüllüləri bu evlə bağlı araşdırma apararaq ilk dəfə maraqlı məqamları ortaya çıxarıblar.
Məlum olub ki, yerli və xarici turistlərinin marağına səbəb olan və "Butılka ev" ev kimi tanınan bu evi İbrahim Cəfərov II Dünya müharibəsində itkin düşən qardaşı Yusif Cəfərovun tapılması üçün diqqət çəkmək məqsədi ilə tikdirib.
Bu evdə ümumilikdə irili-xırdalı 48 min butılka və kiçik dərman şüşə qablardan istifadə edilib.
Məlumata görə, evdə istifadə olunan bəzək daşlarını memar özü Rusiya Fedarasiyasının Soçi şəhərində Qara dənizin sahilindən yığıb gətirib və bu daşların üzərinə Gəncənin mənzərəli yerləri həkk edilməklə tikiliyə xüsusi gözəllik bəxş edib.
Hazırda bu evdə yaşayan İ.Cəfərovun gəlini Məhəbbət Cəfərova bildirib ki, qaynatası müharibədə itkin düşən qardaşı Yusif Cəfərovun bir gün bu evin sorağını eşidəcəyini və geri dönəcəyini güman edərək bu addımı atıb: “Bu ev bizim şəxsi evimizdir, qaynatam bu ev öz əlləri ilə tikib.
Elə buna görə, memar binanın arxasında silahlı əsgər təsvir olunub və rus dilində “Слава вечная родину за неизвестного солдата" (Vətəninin naməlum əsgərinin xatirəsinə əbədi eşq olsun!) yazıb.
Binanın önünə isə o vaxtlar adının deyilməsi qadağan olunmuş “Gəncə” sözü yazılıb.
M.Cəfərova bildirib ki, onların evini görməyə demək olar ki, hər gün turistlər gəlir: "Hər kəs maraqla izləyir bu evi. Lakin gələn qonaqlar evin eyvanına çıxıb üzərindəki naxışlara daha yaxından baxmaq istəsələr də buna eyvanın təmirsiz olması səbəbindən icazə vermirəm. Eyvanın elə vəziyyətdə olmasından utansam da təmir etməyə imkanım yoxdur. Qaynatam rəhmətə getdikdən sonra imkansızlıqdan ev baxımsız qalıb. Buna görə, adiyyəti qurumlardan və imkanlı şəxslərdən xahiş edirəm ki, eyvanın təmiri üçün köməklik etsinlər".
Qeyd edək ki, müharibədə itkin düşən Yüsif Cəfərovun barəsində ailə heç bir məlumat əldə edə bilməyib və bu gün də nun taleyi barədə məlumatsızdır.