Heydər Əliyev Mərkəzində klassik avtomobillərin yürüşü və möhtəşəm əyləncə tədbirləri keçirilib - FOTOREPORTAJ

Heydər Əliyev Mərkəzində klassik avtomobillərin yürüşü və möhtəşəm əyləncə tədbirləri keçirilib - FOTOREPORTAJ Tədbirdə 1980-ci ilədək istehsal olunmuş 150-dən çox klassik avtomobil iştirak edib
Multimedia
27 Avqust , 2017 14:49
Heydər Əliyev Mərkəzində klassik avtomobillərin yürüşü və möhtəşəm əyləncə tədbirləri keçirilib - FOTOREPORTAJ
Foto: Report.az

Bakı. 27 avqust. REPORT.AZ/ Avqustun 26-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin yürüş və sərgisi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə 1980-ci ilədək istehsal olunmuş 150-dən çox klassik avtomobil iştirak edib.

Bunlar yürüş üçün qeydiyyatdan keçən şəxsi avtomobillər, həmçinin Heydər Əliyev Mərkəzində nümayiş etdirilən Klassik avtomobil sərgisinin eksponatlarından ibarət nəqliyyat vasitələri olub.

Yürüşdə Heydər Əliyev Mərkəzinin direktoru, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, təhsil naziri Mikayıl Cabbarov, tanınmış mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Yürüşdə iştirak edən ən qədim avtomobil 1937-ci ildə istehsal edilən "Opel Olimp" avtomobili olub.

Müxtəlif illərin istehsalı olan ayrı-ayrı markalı avtomobillər Bakı küçələrində nostalji hisslər yaradaraq yürüş ediblər.

Klassik avtomobillər Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb və şəhərin mərkəzi küçələri ilə yürüş etdikdən sonra Mərkəzin parkında sərgilənib.

Yürüşdən sona Heydər Əliyev Mərkəzinin parkında, həmçinin müxtəlif yaş qrupları üçün əyləncə proqramları, çərpələng festivalı və konsert təşkil olunub.

"Küləyin rəqsi" Beynəlxalq Çərpələng Festivalı Bakıda ilk dəfə təşkil olunub. Saat 18:00-də başlayan tədbirdə 7 ölkədən 10 rəssam iştirak edib: Nərmin Abdullayeva (Azərbaycan), Fərəc Rəhmanov (Azərbaycan), Sami Maalas (Finlandiya), Marius Abramaviçus (Litva), İlona Yanuliene (Litva), Ritums İvanovs (Latviya), Andris Vitolins (Latviya), Fedir Aleksandroviç (Ukrayna), Yesper Boysen (Danimarka), Dolqor Ser-Od (Monqolustan).

Rəssamların üzərinə müxtəlif rəsmlər çəkdiyi, fərqli ölçü və formalı 50 çərpələng "küləklər şəhəri" Bakının səmasını bəzəyib və rəngarəng palitra yaradaraq tamaşaçılara unudulmaz təəssürat bəxş edib.

Festival çərçivəsində həvəskar uşaqlar da səmaya 200-dək çərpələng uçurublar.

Tədbir çərçivəsində saat 17:00-dən başlayaraq Heydər Əliyev Mərkəzinin parkında azyaşlılar üçün müxtəlif əyləncə proqramları təqdim olunub.

"Sevimli bala" uşaq klubunun dəstəyi ilə qurulan oyun zonasında balacalar şar və köpük şouları, batut, sürüşkənlər, böyük ölçüdə yumşaq konstruktorlar və plastmas şahmatlar ilə çox maraqlı anlar yaşayıblar.

"The Entertainer" oyuncaq mağazasının iştirakı ilə hazırlanan əyləncə zonasında isə futbol, basketbol və digər oyun meydançaları qurulmuşdu. Burada uşaqlar, həmçinin masaüstü oyunlarda iştirak ediblər.

"Bolşoy prazdnik" şirkəti isə balacalar üçün sehrbazın fokus və illüziyalarını, müxtəlif şoular təqdim edib.

Uşaqlar Mərkəzin parkında, həmçinin müxtəlif nağıl personajları ilə şənlənib, üzlərini arzu etdikləri rəsmlərlə boyatdırıb, karikaturalar çəkdiriblər.

Bu əyləncə növləri ilə yanaşı, saat 18:00-dən saat 20:00-dək "Azəri inciləri" qrupunun və balaca ifaçı Nuray Rəhmanovanın konserti olub.

Əyləncə proqramında Bakının müxtəlif evlərində məskunlaşan valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar da iştirak ediblər. Heydər Əliyev Fondunun daimi qayğısı ilə əhatə edilən uşaqlar fərqli əyləncələrdə asudə vaxtlarını keçirib, birlikdə rəqs ediblər. Nizami rayonundakı 1 saylı uşaq evinin sakini Maralın ad günü münasibəti tortun kəsilməsi isə uşaqların bayram əhvalını ikiqat artırıb.

Avqustun 26-da Heydər Əliyev Mərkəzinin parkında əməkdar artist Röya Ayxan və Miri Yusifin konserti olub. Saat 20:00-də başlanan konsertdə müğənnilər tamaşaçılara maraqlı repertuar təqdim ediblər.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzi həftəsonları müxtəlif əyləncə proqramları təşkil edir. Şəhər sakinləri və qonaqların iştirak etdiyi budəfəki tədbir klassik avtomobil yürüşü və açıq havadakı sərgi, bir-birindən rəngarəng əyləncələrlə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi