“Ən bahalı saz üçün sifarişi Bakıdan almışam”
Gürcüstanda aşıq sənəti böyük hörmət və nüfuzu ilə seçilir. Bu ölkədə yaşayan soydaşlarımız şifahi xalq yaradıcılığının əsas qollarından biri olan bu sənətə olduqca yüksək qiymət verir, saza milli sərvət nümunəsi kimi yanaşırlar. Azərbaycanlı icma bu gün də aşıq sənətini yaşadır, gələcək nəsillərə ötürülməsinə xüsusi diqqət yetirir. Soydaşlarımız üçün saz aləti müqəddəsdir. Bu alətə hər bir azərbaycanlı ailədə böyük sayğı bəslənilir, hətta yeni doğulan körpənin adına saz bağlanır, uşaqlar ana laylası ilə yanaşı, aşıq havalarının sədaları altında böyüyürlər. Soydaşlarımız üçün saz havası ana laylası kimi əziz və müqəddəsdir. Saz alətini qonşu ölkədə hazırlayan yeganə sazbənd Bafəli Adıgözəlovdur.
“Report”un yerli bürosunun əməkdaşları sənətkarın Marneulidə yerləşən kiçik emalatxanasına baş çəkib və onunla elə iş başında həmsöhbət olublar.
B.Adıgözəlov aşıq sənətinin inkişafı və təbliğatında böyük xidmətlər göstərib. O, aşıq, zurna ifaçısı olsa da, sazbəndlik sənətini daha üstün tutub. Sənətkar bizimlə söhbətə aşıq sənətinə gəlişinin tarixçəsinin nəqli ilə başlayır.
“Beşiyimin başında saz çalınıb”
Ustad Bafəli 1959-ci ildə fevralın 9-da Bolnisi rayonunun indiki Muşevan, keçmiş Dəllər kəndində ruhani ailəsində anadan olub. Atası traktorçu olsa da, aşıqlıq sənətini öyrənib:
“Babamın aşıq qonaqları həddindən artıq çox olardı. Babam kiçik oğlunu Hüseyn Saraçlının yanına şagird kimi göndərdi, böyük oğlunun,- yəni atamın,- aşıq olmasını isə istəmədi. Buna baxmayaraq, atam Dəllər Əli qonşu kənddə Təbrizdən gələn Aşıq Hüseynin yanına şagirdliyə getdi. Beşiyimin başında saz çalınıb ki, mən sənətə vurulmuşam. Ana laylası bir tərəfdən, sazın laylası bir tərəfdən. Atam sazı şkafda saxlayırdı. O, evdən çıxanda sazı əlimə alırdım, qurdalamağa başlayırdım. Kiçik idim, 6-7 yaşım olardı. 10 yaşımdan sonra tam çala bilməsəm də, pərdə tutmağa başladım. 1977-1979-cu illərdə hərbi xidmət keçdim. Qayıdandan sonra aşıq sənətinə daha da vurğun oldum. Atam aşıq, damarımda aşıq qanı qaynayır. Bir-iki ilin ərzində sazla fəaliyyət göstərdim, toylarda çıxış edirdim, eyni zamanda, zurna çalmağa da başladım. Təqribən, 25 il zurnada solo ifa etdim.
“Sazbəndliyə ani olaraq vuruldum”
B.Adıgözəlov sazbəndlik sənətini özü öyrənməyə başlayıb:
“El oğlumuz, qohumum Aşıq Murad Kövrəyin yanına tez-tez gedib gəlirdim. Gördüm usta saz bağlayır, ani olaraq bu sənətə vuruldum. Amma ustada bunu bildirmirəm. O, bir gün dedi: “Ay Bafəli, sənəti öyrənmək istəyirsən, bilirəm. Başa düşürəm niyə oğrun-oğrun baxırsan. Gəl, gözəl-göyçək öyrədim səni”. Beləliklə, 1988-1989-cu illərdə ustaddan sazbəndlik sənətinin sirlərini öyrəndim. Ustadım çox sağ olsun. Onu salamlayıram. Allah onu qorusun. Bu gün mükəmməl olmasa da, özümə görə bu sənəti davam etdirirəm”.
Çətin peşənin tələb etdiyi xüsusiyyətlər
62 yaşlı ustad sazbəndlik sənətinin xüsusiyyərlərini bölüşür:
“Aşığı oxudan sazdır, aləti düzəltmək çətindir. Sazbəndlik adi peşələr kimi deyil. Elə olsaydı, hər kənddə 50-60 nəfər sazbənd olardı. Çətin peşədir. Səbirli, diqqətli olmalısan və ən əsası peşəni sevməlisən. Yəqin Allahın mənə verdiyi qismətdir səbirli olmaq. Mən səbirli olub rahat işləyirəm”.
Sazbənd düzəltdiyi sazların sayını deməkdə çətinlik çəkir:
“Dəqiq deyə bilmərəm. 200 saz yadımda idi, sonradan sayı itirdim. Təmir etdiyim sazlar çox olub. Sinə, qol dəyişmişəm. Sədəf işini özüm öyrənmişəm. Alətə maraq, tələbat o qədər də yüksək deyil, ayda bir saz, bəzən də üç ayda bir saz almaq istəyən olur. Bizim ustadlar çoxdan Bakıya köçüblər, mən isə İstanbula getdim, bir neçə il orada yaşadım. Gürcüstanda sazbəndliyi bilən kimsə qalmadı. Vətənə dönəndən sonra emalatxana açdım və sənəti yaşatmağa başladım. Beş ildir emalatxanada çalışıram. Azərbaycandan, Türkiyədən sifarişlər alıram. Alət üçün materiallar tapmaqla bağlı çətinliklər çəkirəm, amma nəyin bahasına olursa-olsun tapıram. Marneulidə bitən ağaclar saz üçün yaramır. Alət üçün güney tərəfdə bitən tut ağacı tələb olunur, amma hamısı yaramır. Bir də ağac nə qədər yaşlı olsa, bir o qədər yaxşıdır. Ən gözəl ağaclar Borçalıdadır. Hər bir ağac bir sazdır. Mən saz üçün ağac materialını xəbərləşərək tapıb alıram. Əgər tələb olunan bütün materiallar varsa, bir saz 10-12 günə ərsəyə gəlir”.
Sazbəndin çağırışı
Bafəli müəllim sazbəndlik sənətinə marağın olmamasından çox narahatdır və bundan gileylənir:
“Kim istəyir gəlsin öyrədim. Sazbəndliyin sirlərini, sıfırdan - ağacın necə kəsilməsindən tutmuş bütün prosesi. Sənətə maraq yoxdur, olanda da məni tapmayacaqlar. Mən hamıya deyirəm, yenə də təkrarlayıram, heç kimdən heç nə güdmədən bu sənəti öyrədərəm, istək olsun yetər, təki sənət yaşasın. Xanım olsa belə, ona da sənəti həvəslə öyrətməyə hazıram. Qadın kosmosa uçmağı bacarır, saz bağlaya bilməyəcəkmi? (gülür). Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan mənə sazbəndlik sənəti ilə bağlı kitab yazmağı və sazın düzəldilməsinin mərhələlərinin yer alacağı videomaterial hazırlamağı tövsiyə edib.
Aşıq məktəbi yaradılsa, dərs deyərəm. Amma yenə də ən yaxşısı öz emalatxanamdır. Əlbəttə ki, daha böyük məkan daha yaxşı olardı. Gənclərimiz həm aşıq sənəti, həm də sazbəndliyə yiyələnərdilər. Əvvəllər aşıq sənəti öyrənmək istəyən şagirdim çox olub, indi işimlə əlaqədar şagirdim azdır. Çünki şagird olanda əsas sənətim sazbəndliyə istədiyim qədər vaxt ayıra bilmirəm. Hazırda iki şagirdim var”.
O, saz düzəldə-düzəldə şagirdi 10 yaşlı Nurlana aşıq sənətini öyrədir.
“Nurlan çox istedadlı uşaq olduğu üçün onu şagirdliyə götürdüm. O, bütün tapşırıqlarımı yerinə yetirir. Yeddi ayda 20-dən çox hava öyrənib”.
“Ən bahalı saz üçün sifarişi Bakıdan almışam”
Pandemiyanın yaratdığı çətinliklər ustadın fəaliyyətinə də təsirsiz ötüşməyib:
“Bir neçə ay emalatxanam bağlı qaldı, həmin ayların kirayə haqqını çətin olsa da ödədim. Çünki mənim ürəyim sazbəndliyə bağlıdır”.
Peşəkar usta bərpa etdiyi ən qədim sazın 1936-cı ilə aid olduğunu deyir:
“Həmin alətin sinəsini və qabırğalarını dəyişmişəm. 1945-ci ilin sazını da bərpa etmişəm. Atamın sazının da sinəsini iki dəfə yeniləmişəm. Alət evdə atamın şəklinin yanında asılıb. Məndən sonra atamın sazı böyük oğluma qalacaq. Özümün sədəfli sazımı çoxdan almışam, düzəltməmişəm. Dörd oğlum var. Onlardan ikisi saz çalmağı bilir. Böyük oğlum daha yaxşı çalır, kiçiyi isə həm sazbəndliyi, həm də zurna çalmağı öyrənib, amma hər ikisi başqa sahələrdə işləyirlər”.
Sazbəndin düzəltdiyi sazların qiyməti 800 laridən (400 manatdan çox –red.) başlayır: “Sazın qolunda, içində və aşağı hissəsində alətin mənə məxsus olduğunu qeyd edirəm. Ən bahalı saz üçün sifarişi Bakıdan almışam. Qiyməti 1 400 manat təşkil edib”.
Aşıqlar çox, meydan yox
Sonda müsahibimiz Gürcüstanda aşıq sənətinin bugünkü vəziyyətini dəyərləndirərək deyir:
“Aşıq sənətinin layiqli davamçıları çoxdur - Aşıq Ələsgər, Aşıq Şahbaz, Aşıq Kamandar, Aşıq Əfqan, Aşıq Aman, Aşıq Hümbət, Aşıq Əkbər, Aşıq Nargilə, amma onlar üçün meydan yoxdur. Aşığa nə lazımdır? Meydan. O isə yoxdur. Türkiyənin televiziya kanallarında aşıqların dəyişmələrini tez-tez nümayiş etdirirlər. Türkiyədə aşıqlara dəstək var. Bizim aşıqlara kim dəstək olur? Heç kim”.
Söhbətimizin sonunda aşıq-şagird ifasını dinləyirik. Sənətində yeganə olan ustada cansağlığı, yorulmazlıq və böyük həvəs arzulayaraq onunla sağollaşırıq.