Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər üzrə səsvermə davam edir. Qonşu ölkə artıq ikinci dəfədir seçkiləri koronavirus pandemiyası şəraitində keçirir.
“Report”un yerli bürosu xəbər verir ki, yağışın yağması səbəbindən və səhər saatları olduğundan seçici fəallığı o qədər də yüksək deyil.
Mərkəzi Seçki Komissiyasından bildirilib ki, saat 10:00-a olan məlumata əsasən, ölkə üzrə 259 273 seçici səsvermə prosesində iştirak edib. Bu da 7,41 % seçici fəallığı deməkdir.
Ən yüksək seçici fəallığı Raça-Leçxumi (11,2 %), ən aşağı fəallıq isə Kvemo Kartli bölgəsində (6,1 %) qeydə alınıb.
Səsvermə prosesində koronavirusun yayılmasının qarşısının alınması məqsədilə xüsusi təhlükəsizlik qaydalarına ciddi əməl olunur.
Seçki məntəqələrində seçicilər qoruyucu maska, komissiya üzvləri isə maska ilə yanaşı, qoruyucu üz sipəri və əlcəkdən istifadə edirlər. Seçicilərin hərarəti ölçülmür, onlar əllərini xüsusi məhlulla dezinfeksiya etdikdən sonra məntəqəyə buraxılırlar.
Seçicilər seçimlərini birdəfəlik qələmlə edirlər. Onların arasında sosial məsafənin saxlanılmasına nəzarət olunur. Tbilisidə 800-ə yaxın seçki məntəqəsi üçün səsvermə kabinələri yeni dizaynda hazırlanıb. Fərqli cəhət kabinələrin ön tərəfinin açıq olmasıdır.
Səsvermə prosesi saat 20:00-da başa çatacaq.