Günəşdə partlayış olanda Yer kürəsində ölümlərin sayı artır - RƏSƏDXANADAN REPORTAJ

Günəşdə partlayış olanda Yer kürəsində ölümlərin sayı artır - RƏSƏDXANADAN REPORTAJ "Bir gecə ərzində 10 minlərlə xırda göy cisimləri Yer planetinə gələ bilər"
Multimedia
27 Oktyabr , 2017 12:33
Günəşdə partlayış olanda Yer kürəsində ölümlərin sayı artır - RƏSƏDXANADAN REPORTAJ
Report/ Orkhan Azim

Bakı-Şamaxı-Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasında səma aydın olduğu müddətdə hər gün müşahidə prosesi aparılır. Astronomlar rəsədxanada keçmişdən gələn işığı öyrənirlər, milyon il bundan qabaqkı işığı öyrənə-öyrənə gələcəyin elmini qururlar. 

Yer kürəsində azot gübrəsini ilk dəfə astronomlar tapıb. Almazların qrafitdən əmələgəlməsi prosesini də metereoritin yerə düşməsi nəticəsində astronomlar öyrəniblər.

“Report”un əməkdaşları Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasında olub. Elm ocağından hazırlanan reportajı təqdim edirik.

Biz Şamaxı Astrofizika Rəsədxanasına çatanda axşam idi. Öyrəndik ki, hava aydın olduğu üçün 2 metrlik teleskopda səma cismlərinin müşahidəsinə hazırlıq prosesi gedir. Rəsədxananın 5 km uzaqlığına qədər heç bir yaşayış yeri və obyektin olmaması səbəbindən səmanın möhtəşəm görüntüsü adamı heyran edirdi. Ulduzlar, bürclər, planetlər və süd yolu sanki toxuna biləcəyin qədər yaxın idi.

Qeyd edək ki, 2 metrlik teleskopun güzgüsünün çəkisi 3.5, özünün çəkisi 85, hərəkət edən gümbəzinin çəkisi 200 tondur, turbanın uzunluğu, foks məsafəsi isə 9 metrdir. Bu teleskop rəsədxanaya 1964-cü ildə gətirilib.

Ulduzların “qan analizi”

Burada 4 nəfərlik heyət (texnik, elmi işçi, 2 yardımçı mühəndis) qalaktikaları müşahidə edirdi. 

Müşahidə prosesi ulduzların parlaqlığından asılıdır, yəni ulduz parlaq olanda proses bir neçə dəqiqə, parlaqlıq az olanda bir saata qədər də çəkə bilir.

Öyrəndik ki, göy cisimləri yerə düşmədən də onun tərkibini öyrənmək mümkündür. Belə ki, müşahidə zamanı obyektin “spektr”i alınır, yəni müşahidə olunan obyektin işığı teleskopun qəbuledicisinin üzərinə düşür və həmin işıq rənglərə bölünür, alınan spektr xüsusi kompyuterdə xüsusi proqram vasitəsilə analiz edilir. Bu analizin nəticəsinə əsasən, qalaktikada hansı fiziki dəyişiklər getdiyini demək olur. Məsələn, qalaktikanın fırlanma sürətini, həmin qalaktikada hansısa partlayışın baş verib verməməsi, bizim qalaktikadan uzaqlaşma sürəti təyin oluna bilir. Xülasə, ancaq işıq vasitəsilə səma cismi haqqında bir çox məlumat almaq olar, necə ki, insan orqanizmi haqqında məlumatların çoxunu qan analizi vasitəsilə əldə olunur.

Yeri gəlmişkən, rəsədxanaya kənardan baxmaq da maraqlıdır: kupon (gümbəz) açılır, teleskop hərəkət edir...

Bəxti gətirməyənlər

Rəsədxanada səma cisimlərini müşahidə etmək üçün işçilərin qrafiki qurulur. Müşahidə üçün isə hava yaxşı olmalıdır, əks halda işləmək olmur. Əgər işçi havanın tutqun olması səbəbindən işləyə bilmirsə, bu, ona əməlli-başlı problem yaradır. Çünki plandan kənara çıxmaq olmur.

İnsan gözündən 110 min dəfə çox işıq toplayan teleskop

Şamaxı Astrofizika Rəsədxanasında 6 teleskop var, onların ən böyüyü 2 metr, ən kiçiyi 35 sm-dir. Hərəsinin özünəməxsus təyinatı var, böyük teleskop daha çox işıq toplayır.

İnsan gözünün linzasının diametri 6 mm-dir, 2 metrlik teleskop insan gözündən 110 min dəfə çox işıq toplayır. Teleskop nə qədər böyük olsa kainatın daha ucqar yerlərində olan qalaktikaları görmək olur. Hazırda dünyada 8-10 metrlik teleskoplar var, hətta ingilislər və hindlilər 42 metrlik teleskop qurulması üzərində işləyirlər.

Qeyd edək ki, Şamaxı rəsədxanasında teleskopa xidmət edən xüsusi qrup var, çünki texnikaya daim nəzarət olunmalıdır.

Ulduzlar yanmır və yerə düşmür...

Bəzən səmaya baxanda hansısa obyektin yanaraq aşağı endiyini görüb “aaa, ulduz düşdü” deyirik... Amma rəsədxanada öyrəndik ki, “insan vəfat edəndə onun ulduzu da sönür”, “göydən ulduz düşdü” kimi fikirlər yanlışdır, rəvayətdir. Belə bir reallıq yoxdur. Əslində ulduzların hərəkəti çox zəif olur, bəlkə min il ərzində onun yerini dəyişdiyi hiss oluna bilər, ya yox... Bizim gördüklərimiz isə kometlərdir, onlar Yer atmosferinə daxil olanda sürtünmə nəticəsində yanmağa başlayır, kiçiklər səmada yanıb yoxa çıxır, böyüklər isə bəzən gəlib yerə düşür. Kometlər Yer səthinə düşənlər müəyyən təhlükə törədə də bilər.

Göydə tam yanan cisimlər “meteor”, müəyyən hissəsi Yer səthinə düşənlər isə “meteorit” adlanır.

Bir gecə ərzində 10 minlərlə xırda göy cisimləri Yer planetinə gələ bilər

Bir gecə ərzində 10 minlərlə xırda göy cisimləri Yer planetinə gələ bilər, onların sürəti bir saniyədə 5 min km-dən, 70 min km-ə qədər olur. Yəni həmin cisimlər bir saniyəyə Bakı şəhərinin yarısını qət edir.

Yupiter və Saturn kimi böyük planetlər Yer kürəsini böyük təhlükələrdən (komet, astereoritdən) qoruyur, onlar olmasa səma cisimləri Yer kürəsinə ciddi ziyan vurar.

Günəşdə partlayış olanda yer kürəsində ölümlərin sayı artır

Günəşdə sentyabrın 6-da son 12 ilin ən güclü partlayışı olub. Günəşdəki həmin partlayış zamanı atılan maddənin sürəti saniyədə 1 200 km qeydə alınıb. Günəşdən atılan maddə bir sutkaya Yer kürəsinə çatıb, Yerin maqnit sahəsini deformasiya eləyərək planetimizdə müəyyən problemlər yaradıb.

Müsahibimiz, rəsədxananın direktor müavini Xıdır Mikayılov bildirdi ki, partlayış nəticəsində kommunikasiya xətlərinə zərər dəyməsə də, həmin gün Yer kürəsində ölümlərin sayı artıb. 

72 mənzilli binada yaşayan 60 işçi ailəsi

Rəsədxananın ərazisində 72 mənzilli iki bina var. Orada 60 ailə yaşayır. Rəsədxananın ümumilikdə 150 nəfər işçisi var, onun 65 nəfəri elmi işçidir.

Xıdır Mikayılov deyir ki, işçilərin yaşayış səviyyəsi yüksəldilməlidir: "Biz çalışırıq dünyaya çıxaq, qrant alaq. Qrantlar sayəsində həm bəzi cihazlar alınır, həm də işçilərimizin həyat səviyyəsinin yüksəldilməsinə sərf olunur. Amma tək bununla yaşayış səviyyəsini qaldırmaq olmur".

İnformativ Muzey

Rəsədxanın inzibati binasında muzey yerləşir, amma adi muzeylərdən deyil, bura sırf informativ muzeydir. Muzeydə əsasən sənədlər, hesabatlar var.

Bələdçimiz, rəsədxananın elmi katibi Orxan Səlimov deyir ki, muzeydə teleskopun köhnə idarəetmə pultu, hətta meteorit də saxlanılır: “Astronomiya muzeyində başqa nə ola bilər ki?”.

Muzeydə 1959-cu ildə Yerə düşən “Yardımlı meteoriti” saxlanılır. Meteoritin çəkisi 127 kq olub, onun bir hissəsi isə Moskvadadır. Tərkibi tamamilə dəmirdir. 

Foto: Orxan Əzim

Son xəbərlər

Orphus sistemi