Səmərqənd. 30 oktyabr. REPORT.AZ/ Səmərqənd bir çox imperiyalar və böyük sərkərdələr görmüş şəhərdir. Eramızdan əvvəl 742-ci ildə yaradılmış şəhər Böyük İskəndəri, Çingiz xanı, Əmir Teymuru (Teymurləng) görüb. Şəhərin inkişafı və açıq hava altında muzeyə çevrilməsi də məhz elə sonuncunun adı ilə bağlıdır.
Əmir Teymur türbəsi
Şəhəri onu İpək Yolu üzərində yerləşən ən inkişaf etmiş, gözəl və zəngin məkan səviyyəsinə yüksəldən insanın türbəsi olmadan təsəvvür etmək mümkün deyil. Əmir Teymur Səmərqəndi dirçəldərək orada günümüzə qədər gəlib çatan çoxsaylı mədəniyyət abidələri tikdirib. Teymurləngin xidmətlərinin xatirəsinə şəhərdə onun və ailəsinin şərəfinə bu günə qədər qorunub saxlanılan türbə tikilib. Hətta böyük hökmdarın məzarını açan sovetlər alimlərinin bununla lənəti də açması və bunun Böyük Vətən müharibəsinə gətirib çıxarması barədə əfsanələr dolaşır. Belə ki, Teymurun qəbrinin açılmasından iki gün sonra - iyunun 22-nə keçən gecə faşist Almaniyası müharibə elan etmədən Sovetlər Birliyinə hücum edib. Bir çoxları bunu Teymurun qəbrinin açılması ilə əlaqələndirib və Səmərqənddə panika başlanıb. Ekspedisiyanı təcili surətdə dayandırıblar, Teymur və Teymurilərin qalıqları araşdırılması üçün Moskvaya göndərilib. Bəziləri bu əfsanəyə inanır, bəziləri yox, amma əfsanə minlərlə turisti bu yerlərə cəzb edir.
Səmərqəndin vizit kartı Registan meydanında yerləşən üç möhtəşəm mədrəsədir. Uluqbek, Şerdor və Tilla-Kari mədrəsələrinin yaratdığı ansambl şəhərsalma sənətinin və şəhərin əsas meydanının memarlıq quruluşunun unikal nümunəsidir. 2001-ci ildə bu ansambl Səmərqənddəki digər qədim tarixi binalarla birlikdə YUNESKO-nun Dünya İrs Siyahısına salınıb. Mədrəsələrdə dini kitablardan başqa, dünyəvi elmlər də öyrənilib və bu o dövrün mədrəsələri üçün xarakterik xüsusiyyət deyildi. Mədrəsənin pəncərələri "şəbəkə" ilə bəzədilib. Bu, mədrəsədə təhsil alanlarla Registan meydanındakı tacirlərin bir-birini görməməsi, bir-birinə qulaq asmaması, başqa sözlə, işindən yayınmaması üçün edilib. Binalar rəngli mozaik daşlarla, sufilərə məxsus rəmzlərlə və "Quran"dan olan ayələrlə bəzədilib.
Əmir Teymurun möhtəşəm məscidi plitələrlə, müxtəlif formalı mərmərlərlə və naxışlarla bəzədilib. Məscid Teymurun Hindistanı fəth etməsindən sonra inşa edilib. Əfsanəyə görə, məscidə onun sevimli həyat yoldaşının adı verilib. Tikili zamanla dağılıb, ancaq Özbəkistanın səyləri, dövlət büdcəsi hesabına, eləcə də xarici kreditlər hesabına məscid digər tarixi komplekslər kimi, demək olar, sıfırdan bərpa edilib və ilkin görünüşünə gətirilib.
Gözəlliyinə görə olmasa da, əhəmiyyətinə görə böyük astronom Mirzo Uluqbekin rəsədxanası ən vacib mədəniyyət abidələrindən biridir. Dövrünün ən son nailiyyətləri ilə təchiz edilmiş rəsədxananın sahibi olan məşhur alim səma xəritəsində 1700 ulduzun yerini dəqiq müəyyənləşdirərək onları bürclərdə toplaya bilib. Bu günə qədər Uluqbekin istifadə etdiyi sekstantın yalnız bir hissəsi gəlib çatıb, amma onun əsərləri və elmi tədqiqatları indiyədək istifadə olunur və aktuallığını qoruyur.