Yuxarı

Daun Sindromu Günü ilə əlaqədar Bakıda “Biz də hamı kimiyik!” adlı yürüş keçirilib - FOTO

Sevinc Abdullayeva: Daun sindromlu uşaqları tanıyandan sonra sevməmək mümkün deyil

Bakı. 18 mart. REPORT.AZ/ Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının Gənclər Birliyi və “Qayğı - Sağlam Nəsil Naminə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Daun Sindromu Günü ilə əlaqədar “Biz də hamı kimiyik!” adı altında yürüş keçirilib.

"Report" xəbər verir ki, yürüşdə Nizami rayon təşkilatının Gənclər Birliyinin və "Qayğı - Sağlam Nəsil Naminə" İctimai Birliyinin sədri Sevinc Abdullayeva, millət vəkili Qənirə Paşayeva, Bakı şəhəri, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, daun sindromlu şəxslər, onların valideynləri, müəllim və pedaqoqlar, Birliyin işçi heyəti, KİV nümayəndələri və başqaları iştirak ediblər.

Nizami rayonunda yerləşən “Heydər Bağı – Park Bulvar”da keçirilən yürüşün məqsədi 21 mart - Beynəlxalq Daun Sindromu Günü ərəfəsində ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək, daun sindromlu şəxslərin cəmiyyətdəki rolunun, yerinin nə dərəcədə əhəmiyyətli olduğunu vurğulamaq olub.

"Qayğı - Sağlam Nəsil Naminə" İctimai Birliyinin sədri Sevinc Abdullayeva çıxış edərək bildirib ki, hər il martın 21-i cütlüyün nömrəsi (21) və xromosomların miqdarı (3) nəzərə alınaraq, bütün dünyada Beynəlxalq Daun Sindromu Günü kimi qeyd olunur: "Bu ilin şüarı "Mənim dostlarım, mənim cəmiyyətim"dir. Get-gedə böyüməkdə olan sevgi çəmbərimizə hamının qoşulmağını istəyirik. Daun sindromlu uşaqları sevməyə çalışın demirəm, çünki onları tanıyandan sonra sevməmək mümkün deyil. Onları tanıyın, anlayın, hiss edin! Öz yeknəsəq həyatınızdan bir anlıq sıyrılıb onların rəngarəng, işıqlı dünyalarına boylanın. İnanın ki, əgər "Günəş uşaqlar"ın “möcüzələr diyarı”na bir dəfə daxil olsanız, daha heç vaxt tərk etmək istəməyəcəksiniz".

O qeyd edib ki, bu yürüşlə daun sindromlu insanların sosial həyata inteqrasiyasının yalnız onların özləri üçün deyil, həmçinin bütün cəmiyyət üçün gərəkli olduğunu nümayiş etdirmək istəyiblər.

Millət vəkili Qənirə Paşayeva, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov da çıxış edərək, yürüşü təşkil edənlərə təşəkkür ediblər, bu cür tədbirləri müsbət qiymətləndiriblər.

Qeyd edək ki, "Qayğı - Sağlam Nəsil Naminə" İctimai Birliyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təsis edilib. Birliyə "Qayğı" Uşaq Reabilitasiya Mərkəzi və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi daxildir. Bakının Nizami rayonunda yerləşən “Qayğı” Uşaq Reabilitasiya Mərkəzi uşaq serebral iflicindən əziyyət çəkən 3-7 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Mərkəzdə təlim-tərbiyə işləri ilə yanaşı, reabilitasiya tədbirləri də həyata keçirilir. Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində isə uşaqlar və yeniyetmələrlə reabilitasiya işi aparılır, ünsiyyət, özünəxidmət və sadə əmək vərdişləri formalaşdırılır, onların cəmiyyətə inteqrasiyası təmin edilir. Birliyin əsas məqsədi Azərbaycanda əlil və sağlamlıq imkanları məhdud olan uşaqların tibbi müalicəsini təşkil etməkdən, onların reabilitasiyasından, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün başqa vətəndaşlarla bərabər imkanlar almasından və bunlarla bağlı müvafiq işlərin həyata keçirilməsindən ibarətdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi