Çimərlikdə: “Aha, gəldilər, çəkəcəklər, yayacaqlar, buranı da bağlatdıracaqlar” - REPORTAJ

Çimərlikdə: “Aha, gəldilər, çəkəcəklər, yayacaqlar, buranı da bağlatdıracaqlar” - REPORTAJ Bakı. 26 iyul. REPORT.AZ/ Çimərliyə getmək ancaq sərinləmək, günəşlənmək, istidən qorunmaq üçün deyil, həm də müalicə üsuludur, bəziləri həkim məsləhəti ilə gedir, bəziləri əyləncə olsun deyə...
Multimedia
26 İyul , 2018 15:01
Çimərlikdə: “Aha, gəldilər, çəkəcəklər, yayacaqlar, buranı da bağlatdıracaqlar” - REPORTAJ
REPORT/Elçin Murad
0 : 00
0 : 00

Bakı. 26 iyul. REPORT.AZ/ Çimərliyə getmək ancaq sərinləmək, günəşlənmək, istidən qorunmaq üçün deyil, həm də müalicə üsuludur, bəziləri həkim məsləhəti ilə gedir, bəziləri əyləncə olsun deyə...

Əsas sual isə budur: “Hər bir Azərbaycan vətəndaşı ürəyi istəyəndə, hətta cibində pul olmayanda Xəzər dənizinin sahilinə gedib çimə bilirmi?”. 

“Report”un əməkdaşları Bakı çimərliklərinin bəzilərinə baş çəkərək real vəziyyəti öyrənməyə çalışıblar.

Bakıda çimərliklər üç yerə ayrılır...

Bakıda çimərliklər üç yerə ayrılır: ödənişli, ödənişsiz, bir də “çimmək qadağandır” lövhəsinin fonunda olan çimərliklər. Təbii ki, özəl çimərliklərdə vəziyyət nisbətən yaxşıdır, şərait qurulub, xidmətlər göstərilir, təmizliyə riayət olunur, sahildə tullantılar nadir hallarda rast gəlinir, çünki addımbaşı zibil qutuları qoyulub. Suyu isə təmizdir. Lakin bura hər kəs gedə bilmir, çünki dediyimiz kimi, pulludur...

Ödənişsiz, hətta “çimmək qadağandır” lövhəsi yazılmış çimərliklərdə də pul tələb olunur, ancaq bu məbləğ elə də böyük deyil. Həmin ərazilərdə isə şəraitsizlik, antisanitariya hökm sürür.

Ərazidəki şəxslərin və üzməyə gələnlərin dediyinə görə, xilasedicilər bir saatdan bir skuter vasitəsilə vətəndaşların su sərhədini keçməməsinə nəzarət edirlər.

“Xalq çimərliyi”

Yolumuzu ilk olaraq Şıxov ərazisində yerləşən “xalq çimərliyi”nə saldıq. Orada da “Çimmək qadağandır” yazısı var idi. Özəl çimərliklərə bitişik olan bu əraziyə belə bir elan lövhəsinin qoyulması da qəribədir: iki addım o yanda çimməyə icazə verilir, burda isə yox...

Bizim - jurnalist və fotoqrafın çimərliyə gəlməsi camaatı narahat etdi, onları çimərlik paltarında çəkəcəyimiz üçün yox, bu çəkilişdən sonra buranı da bağlayıb, pullu edəcəklərindən qorxduqları üçün. “Aha, gəldilər, çəkəcəklər, yayacaqlar, bir pulsuz, təmiz çimərliyimiz var, bir-iki günə buranı da bağlatdıracaqlar” kimi atmacalar da eşitdik.

Natəmizlik

Pulsuz çimərliyə tez-tez gələn Zahid Məmmədov Bakıda yaşayır, deyir camaatın buraya çox gəlməsinin səbəbi girişin pulsuz olmasıdır. Dənizin suyunun təmizliyindən, üzməyə gələn insanlardan razı olan Z.Məmmədovun narazılığı natəmizlikdəndir, bir də yoldan...

Sahildəki natəmizliyi elə gözlə də görmək olur... Əraziyə zibil atmaq üçün bir ədəd qab qoyulub, o da doludur. Adamlar tullantıları ətrafa atır.

“Burdan başqa hər yeri bağlayıblar ” 

Namiq Fərmanov adlı Bakı sakini bizimlə söhbətində bildirdi ki, ərazidə təmizliyə nəzarət olunmasını istəyir: "Hər yeri bağlayıblar, pullu çimərliklər yaradıblar, elə olanda da kasıb təbəqə gələ bilmir. Buranın bircə çətinliyi nəzarətsiz olmağıdır, təmizliyə nəzarət olunsa, zibil qablarının sayını artırsalar kifayət edir, başqa heç nə lazım deyil”.

3 manat...

Özəl çimərliyə də baş çəkdik, dediklərinə görə ərazinin ən ucuz özəl çimərliyi bura idi. Obyektin baş nəzarətçisi Elşən Səfərov deyir ki, vətəndaşlardan bəzi xırda xidmətlərə ayrılıqda pul almırlar, ümumi girişdə bir adam üçün 3 manat ödəniş qoyulub. 

Bu pulun içində avtomobil dayanacağı, həkim xidməti (təcili yardım), təhlükəsizlik (mühafizə), geyinib-soyunma yeri, hamam, tualet, bir də çətirlər daxildir. 12 yaşadək olan uşaqlar üçün çimərlik pulsuzdur. Digər xidmətlər, məsələn dəniz kənarında quraşdırılmış çardaqlar isə ödənişlidir (5-10-15 manat).

Foto: Elçin Murad

Son xəbərlər

Orphus sistemi