Tərtər. 14 aprel. REPORT.AZ/ Hazırda xüsusi təlimatlı mobil çevik əməliyyat qrupları Füzuli, Ağdam, Goranboy və Tərtər rayonları ərazisində partlamamış silah-sursatların təmizlənməsi işlərini həyata keçirir. Bu barədə "Report"a açıqlamasında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı məlumat verib.
O qeyd edib ki, təmizləmə cəbhəboyu ərazilərdə yerləşən 29 kəndin ərazisində aparılır: "Bu gün biz Tərtər rayonunun Qarağacı, Qapanlı və digər kəndlərinin ərazisinin partlamamış silah-sursatlardan təmizlənməsi işlərini aparırıq. Axtarışlar zamanı 10-a qədər partlamamış hərbi sursat götürülərək mərkəzi məhvetmə ərazisində zərərsizləşdirilib".
ANAMA-nın əməkdaşı bildirib ki, əməliyyat-axtarış tədbirləri davam etdirilir: "Daha çox Tərtər rayonunun Qapanlı kəndi ermənilər tərəfindən atılan hərbi silah-sursatların çirklənməsinə məruz qalıb".